Ana səhifə / Kriminal / Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. 

Birinci məhkəmə instansiyasında və apelyasiya mərhələsində iddiası təmin edilməyən Vidadi Zeynalov Ali Məhkəməyə  şikayət verib. Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib.  

Məlumat üçün deyək ki, Vidadi Zeynalovla paralel onun övladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova da adıçəkilən qurumlar barəsində iddia qaldırıb.  Məhkəmə çəkişməsinin kökündə Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları dayanır. Keçmiş məmur 43 milyon manat dəyərində olduğu bildirilən əmlaklarını geri almaq istəyir. 

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O, 2019-cu ilin mart ayında azadlığa buraxılıb.

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov  “Yeni Müsavat”a deyib ki, Azərbaycanda məmurlar gəlir bəyannaməsi vermirlər deyə, büdcədən oğurladıqlarını öz malları kimi rahat şəkildə təqdim edə bilirlər: “2015-ci ildə neftin qiymətinin kəskin azaldığı zaman məmurlardan gəlir bəyannaməsi tələb ediləcəyi gündəmə gəlmişdi. Bu bəyannamə imkan verir ki, vətəndaş məmurların gəlirlərini izləyə bilsin. Eyni zamanda hökumət də vətəndaşın gəlirlərini izləyir. Yəni hamı bilir ki, əldə etdiyi gəlirlərin mənbəyini göstərməsi məcburidir və buna görə də məmur öz fəaliyyətində qanundankənar əməllərə yol verməkdən çəkinir. Azərbaycanda gəlir bəyannaməsinin təqdim olunması ilə bağlı müzakirələr uzun illərdir davam edir. Proses Nazirlər Kabinetində 20 ilə yaxındır ki, ilişib qalıb”. Natiq Ələsgərov deyir ki, Azərbaycanda qəbul edilən 2020-2023-cü illər Milli Fəaliyyət Planında da bu məsələ əksini tapmışdı: “2024-cü ilin az qala yarısına çatmışıq, Nazirlər Kabinetindən hələ xəbər yoxdur. Məmurların gəlirləri şəffaf olmadığından 3-5, hətta 10 milyonluq varidata rahat şəkildə sahiblənə bilirlər. Azərbaycanda rəsmi baxımdan ən az gəlirli sahə dövlət sektoru hesab olunur. Amma necə oldu ki, dövlət sektorunda çalışanlar ilkin kapital yığımında birinci sıraya daxil oldular? Vidadi Zeynalovun, icra başçılarının həbsləri göstərir ki, onlar nə qədər böyük sərvət əldə edə biliblər. Aydın məsələdir ki, buna qanuni yollarla, halal zəhmətlə nail olmayıblar. Eyni zamanda ata-babalarından da onlara böyük miras qalmayıb. Məsələ burasındadır ki, Vidadi Zeynalov da, Akif Çovdarov da, Mövlam Şıxəliyev də, onlar kimi məhkəmələrdə on milyonlarla dəyəri olan varidat davası aparan məmurlardan bu əmlakların mənbəyi haqda soruşan yoxdur. Soruşan olsaydı, bu gün Vidadi Zeynalovun, onun övladlarının iddiası da məhkəmədə olmazdı”.

Qeyd edək ki, Vidadi Zeynalov ötən ilin əvvəlində də əmlakları ilə bağlı məhkəmə davası açmışdı. Məsələ ictimailəşəndən sonra isə şikayətini geri götürmüşdü. O zaman “Yeni Müsavat”ın əməkdaşının suallarını cavablandıran Vidadi Zeynalov iddia etmişdi ki,  apelyasiya şikayəti verməyib. Şikayəti onun övladları verib: “Mən apelyasiya şikayəti verməmişəm. Mənim adıma nə var müsadirə ediblər, bir rəhmətlik anamın adına olan nə varsa, o qalıb. Şikayəti verən övladlarımdır. Onların hərəsinin öz ailəsi var. Onlar hərəsi bir yerdə evsiz qalıblar. Onlar yazıblar ki, yaşadığımız evləri qaytarın”. Sabiq aparat rəhbəri demişdi ki, Yevlaxda yaşayır, şikayəti verən də qızıdır: “Bu gün rahat oturmuşam, sərbəst yaşayıram. Yeyib-içməyim var, ətrafımda sinif yoldaşım, qrup yoldaşım, kəndçim, qonşum. Günümü keçirirəm Yevlaxda. Onda bizi buradan da çıxardılar, qaynımın evində qalırdım. Həmin vaxt Yevlaxdakı evimizin üzərinə də həbs qoyulmuşdu.  Yevlaxdakı evimizi Ali Məhkəmə “stop”dan çıxardı. Çünki atam 1926-cı ildə həmin evdə anadan olub. Anam da dözmədi buna, rəhmətə getdi dərddən. Üzərindən həbs qərarı götürüləndən sonra yığışıb gəldim bu evə. Qızımın əri qoyub çıxıb getdi ki, evimizi-eşiyimizi aldılar əlimizdən. Onlar da vəkil tutub şikayət yazıblar. Mən də heç qarışmıram, getmirəm də, gəlmirəm də…” Vidadi Zeynalov demişdi ki, övladlarından biri o, vəzifədən çıxarılarkən “Narxoz”da “mestkom” olub: “Öz ərizəsi ilə işdən çıxdı. Əvvəllər “can” deyənlər aralı durub salam verməyə can çəkdilər. İndi də özü üçün ora-bura qaçır, dolanır. Qızım Prezident Administrasiyasında işləyirdi, o da oradan çıxdı. Gedib haradasa bir firmada işləyir. Balaca oğlum da özü üçün elə əvvəldən biznes qurub. Oradan pomidor, buradan xiyar alıb ora-bura satır. Belə başını fırladır”. 

Vidadi Zeynalov barəsindəki cinayət işinin materiallarında müsadirəyə götürülən əmlaklarının dəyərinin 45 milyon manat olmasına, əmlakın alındığı pulun mənbəyi haqda suala belə cavab vermişdi: “Boş şeydir. Yazırlar da. Gedin İsmayıllıda baxın, cəmi 12 belə torpaq var, üst-üstə yığanda cəmi 3 hektar yarım torpaqdır. Bunlar həmin torpaqları 700 neçə min manata yazıblar. İsmayıllıda ən yaxşı yerdə torpağın hektarı 5 min manatdır. Gedib yazıblar da, qiyməti şişiriblər, şou yaradıblar”. 2023-cü ilin yanvarında aldığımız müsahibədə son sual Bakı Apelyasiya Məhkəməsindən gözləntiləri ilə bağlı idi. Vidadi Zeynalov “məhkəmə nə qərar istəyir, versin” demişdi. Ardından isə apelyasiya şikayətini geri götürmüşdü.  Vidadi Zeynalovun geri almağa çalışdığı əmlakların siyahısında Nərimanov rayonunda ümumi dəyəri 21 milyon olan qeyri-yaşayış sahəsi və evlər var. Daha iki mənzil Xətai rayonundadır ki, onların da toplam dəyəri  650 min manatdan çoxdur. Yasamal rayonundakı 5 mənzili də geri istəyirlər ki, onların da toplam dəyəri 700 min manatdan çoxdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (Zeynalova Lalə Vidadi qızının adına) dəyəri isə 2 milyon 45 min manatdır. Qaradağ rayonu, Səngəçal və Şanqar qəsəbəsində iki torpaq sahəsinin (Zeynallı Pərviz Vidadi oğlunun adına) dəyəri 1 milyon 600 min manatdan çoxdur. Bundan başqa, Qəbələ rayonu Bum kəndində 300 min manatadək torpaq sahələri də geri istənilən əmlaklar sırasındadır. İsmayıllı rayonunda 8 müxtəlif torpaq sahələri də Zeynalovların əmlakları sırasındadır. Üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri isə 43 milyon 489 min 537 manat təşkil edir.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …