Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / Vaqif Xaçaturyanla bağlı çıxarılmış hökm qüvvədə qaldı

Vaqif Xaçaturyanla bağlı çıxarılmış hökm qüvvədə qaldı

1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı qətliamda təqsirləndirilən Vaqif Xaçaturyan 15 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti vermişdi. Həmin şikayətə yanvarın 15-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesində Vaqif Xaçaturyanın özü, vəkili Radmila Abdılova və prokuror çıxış edib.

Vəkil çıxışında Vaqif Xaçaturyanın özünün dediklərinə əsaslanaraq, onun haqqında hökmün ləğv olunmasını və bəraət verilməsini xahiş edib. Vəkil bildirib ki, müvəkkili özünü təqsirli bilmir. O, Meşəli kəndinə hücumda, orada azərbaycanlıların kütləvi şəkildə öldürülməsi və evlərindən qovulmasında iştirak etmədiyini deyir.

Vaqif Xaçaturyan da vəkilinin çıxışıyla razı olduğunu vurğulayıb və məhkəmədən azadlığa buraxılmasını xahiş edib. Meşəliyə hücum zamanı evində olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, həmin hadisələrdə iştirak etməyib.

O, həmçinin cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu da əlavə edib. Deyib ki, ürəyində problemlər var və əməliyyat olunmalıdır.

Prokuror isə bildirib ki, Vaqif Xaçaturyana qarşı irəli sürülmüş ittihamlar çoxsaylı zərərçəkmişlərin, şahidlərin ifadələri və başqa sübutlarla təsdiqini tapıb. O, Meşəliyə hücum zamanı orada olmadığını desə də, birinci instansiya məhkəməsində dindirilən şəxslər onu hadisə yerində gördükləri barədə ifadələr veriblər. Həmin ifadələr Vaqif Xaçaturyanın təqsirsiz olması barədə dediklərini təkzib edir.

Prokuror apelyasiya şikayətinin təmin olunmamasını, Vaqif Xaçaturyanın 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Hərbi Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

Hakimlər də apelyasiya şikayətini təmin etməyib – hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və daha iki hakimin çıxardığı hökmə əsasən, Vaqif Xaçaturyan 15 illik cəzanın ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

1955-cü il təvəllüdlü Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Vaqif Xaçaturyan hələ 2013-cü ilin noyabrından Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışa verilmişdi.

Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …