Ana səhifə / Kriminal / Valyuta bazarında nə baş verir? – TƏHLİL

Valyuta bazarında nə baş verir? – TƏHLİL

Son vaxtlar daxili valyuta bazarında müşahidə olunan proseslər heç bir ciddi iqtisadi əsaslara söykənmir. Xatırladım ki, bir müddət əvvəl manat bahalaşırdı. Hətta, ABŞ dollarına nəzərən 1,50 azn həddən də aşağı düşmüşdü. Sual olunur ki, bəs, onda buna səbəb nə idi?!

Bütün bunlar bilavasitə iqtisadiyyatın vəziyyəti ilə bağlı deyil. Yəni, ölkənin valyuta bazarına təsir edə biləcək bir gücdə heç bir daxili iqtisadi səbəb baş verməyib. Sadəcə olaraq, mövsümlə əlaqədar və bir də idxal amili ilə bağlı xarici valyutaya ənənəvi surətdə tələb artmışdır ki, bu dəfə qeyd olunan tendensiyaya ölkə xaricində baş verən və cərəyan etməkdə olan bəzi hadisələrdən yaranan “xof” da əlavə olunub. Buna bilavasitə, Brexit amilini aid etmək olar.

Brexitin, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxması tərəfdarlarının qalib gəlməsinin dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına konkret necə təsir edəcəyi barədə danışmaq isə hələ tezdir. Çünki, ümumiyyətlə, son illər ərzində baş verən bu və ya digər siyasi-iqtisadi xarakterli əksər hadisələrin təsirlərinə diqqət yetirsək, bir çox şeylərin əslində, daha çox məntiqsiz nəticələr törətdiyini və yaxud da necə deyərlər, əsassız rezonans yaratdığının şahidi olarıq. Yəni, heç bir iqtisadi izahı olmadan… Odur ki, düşünürəm, Böyük Britaniyanın Aİ-dən çıxmasının özünü də faciə kimi dəyərləndirmək lazım deyil.

Düzdür, bu, bazarlarda müəyyən bir panika yaradıb və yaratmalı idi də… Lakin bunun heç bir ciddi və əsaslı iqtisadi əsası yoxdur. Söhbət, yalnız psixoloji təsirlərdən gedir. Ona görə də hesab edirəm, mövcud abu-hava əslində tezliklə səngiməlidir.

Ancaq orta müddətdə təbii ki, Brexitin “qələbə çalması” məsələn, bilavasitə avronun dəyərinə mənfi təsir edəcək. Hərçənd, Böyük Britaniyanın ona heç bir dəxli yox idi. Bununla belə, bu da psixoloji təsir xarakter daşıyacaq. Bundan əlavə, neftin qiyməti sözügedən hadisədən yenə “sarsıntı” əldə etmiş və edəcəkdir də… Qızıl isə əksinə, bahalaşır. Bütün bunlara müvafiq olaraq da, ABŞ dolları yenə möhkəmlənəcəkdir…

Bütövlükdə isə ilkin olaraq daha çox Böyük Britaniya iqtisadiyyatı “zərbə” hiss edəcək. Reytinq agentlikləri onun reytinqini aşağı salacaq. Və Funt sterlinq dəyərini itirəcək… Ancaq bütün bunlara rəğmən, Britaniya iqtisadiyyatı böyük bir güc demək olduğundan kəskin heç bir iflas hadisəsi də baş verməyəcək… Çünki, Böyük Britaniya iqtisadiyyatı Avropa iqtisadiyyatına güc qatırdı, Avropa iqtisadiyyatı deyil. Odur ki, hesab edirəm, London da çox itki verməyəcək.

O ki qaldı Azərbaycana, ticarət dövriyyəmizin 43,7%-i Avropa İttifaqı ölkələri, 9,2 %-i MDB üzvü dövlətləri, 47,1 %-i isə dünyanın digər ölkələrinin payına düşür. Azərbaycana idxal olunan məhsulların ümumi dəyərinin ən çox hissəsi Rusiyanın, sonra Birləşmiş Krallığın payına düşür. İdxal olunan məhsulların ümumi dəyərinin isə çox hissəsini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, qara metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları təşkil edir.

Maliyyə Bazarlarına Nəzarət Palatası da açıqlamasında deyir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimuma endirir.

Funt sterlinqin ucuzlaşmasına və sair kimi maliyyə bazarlarına aid müvəqqəti kəskin təlatümlərə görə isə, yalnız valyuta ehtiyatlarımıza və müvafiq aktivlərimizə müəyyən “zərbə” dəyə bilər ki, bu da keçici xarakter daşımalıdır. Odur ki, bizim diqqət mərkəzində saxlamalı olduğumuz əsasən, ABŞ dolları olmalıdır…

Hələlik isə, valyuta bazarımız nəzarət altındadır və yaxın müddətdə heç bir şok dəyişiklik baş verməyəcək. Dollar ən çox hələki 1.65-1.70 azn aralığınadək bahalaşa bilər. Bundan sonra proses yenə bir müddət cüzi ucuzlaşma ilə əvəz olunmalıdır.
Pərviz Heydərov

AzVision.az 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın