Ana səhifə / Kriminal / Vahid Əhmədov: “Bu, biabırçılıqdır…”

Vahid Əhmədov: “Bu, biabırçılıqdır…”

Deputat Vahid Əhmədov Rəqabət Məcəlləsinin qəbul edilməməsinə görə parlamenti qınadı, PA-ya da tənqidlər səsləndi; Tahir Kərimli isə dövlət qurumlarına etiraz etdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin İnsan hüquqları komitələrinin yanvarın 19-da keçirilən iclaslarında gərgin anlar yaşanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin toplantısında çıxış edən deputat Vahid Əhmədov Azərbaycanın üzləşdiyi iqtisadi vəziyyətdən çıxması və normal biznes mühitinin yaradılması ilə bağlı təkliflərini səsləndirib. Belə ki, deputat bu məqsədlə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasını da təklif edib.

V.Əhmədov Rəqabət Məcəlləsinin hələ də qəbul edilməməsinə etirazını bildirib. Mübahisə də bundan sonra başlayıb. Rəqabət Məcəlləsi ciddi və gərgin müzakirələrə səbəb olub. “Bu qanun Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Üçüncü oxunuşda geri qaytardılar. Prezident ”Strateji Yol xəritəsini” imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. “Hesablama Palatası haqqında” təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik?”-deyə, V.Əhmədov bildirib.

Deputat deyib ki, Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur: “Çünki biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq. Üçüncü bir qanun layihəsi ”Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Xeyr, bu, biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyətdə davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu, indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər gedir. Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə bu qanunun qəbul etmək sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”.

Komitə sədri Ziyad Səmədzadə isə cavabında deyib ki, Rəqabət Məcəlləsi ilə bağlı sənəd Milli Məclisə daxil olmayıb: “Daxil olsun ki, biz onu qəbul edək. Prezident Administrasiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil”.

Deputat İlham Əliyev də məsələyə münasibət bildirib: “Bu qanun gəlmirsə, onda gedib Prezident Administrasiyasından yapışmaq lazımdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin toplantısında da əsəblər gərilib. Belə ki, deputat Tahir Kərimli söz alaraq bəzi qurumları tənqid edib. “Bəzi nazirliklər və digər dövlət qurumları deputatların sorğularına hörmətsiz yanaşırlar”-deyə, o bildirib. T.Kərimli daha sonra əlavə edib: “Hətta elələri var, köməkçiləri belə bizə cavab vermirlər. Belə olan təqdirdə biz seçicilərin dərdini kimdən soruşaq?”

Tahir Kərimlinin komitənin əvvəlki illərdəki fəaliyyətinə tənqidi fikir söyləməsinə isə Yevda Abramov sərt reaksiya verib: “Mən 10 ildən çoxdur bu komitənin sədr müaviniyəm. Həmkarım Tahir bəy bizi zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edib. Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?! Biz indiki kimi əvvəl də işləyirdik”. Y.Abramovun bu fikri T. Kərimli tərəfindən əks reaksiya ilə qarşılanıb.

Məsələyə müdaxilə edən komitə sədri Bahar Muradova bildirib ki, Milli Məclisdə kiminsə şəxsi münasibətlərini müzakirə etməyə ehtiyac yoxdur: “Hər dövrün öz tələbi var və komitə də dövrünə görə öz fəaliyyətini qurub. Ona görə də bu məsələlərə ehtiyac yoxdur”.

Azərbaycanda sosial şəbəkələri və blogger fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur. Belə bir təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. (modern.az). O deyib ki, bu gün dünyada bloggerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: “Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Deputat Hikmət Məmmədov (Babaoğlu) da təklifi dəstəkləyib. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov təşəbbüsü dəstələyərək bildirib ki, bu sahədə xaos hökm sürür: “Kim nə istəyir onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.(musavat.com)

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın