Ana səhifə / Kriminal / Vətəndaşın banklara inamına daha bir zərbə

Vətəndaşın banklara inamına daha bir zərbə

“Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kreditorlarının bəzilərinin tələblərini ödəmək üçün vəsait çatmayacaq”. Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, indiyədək bankın qorunan əmanətçilərinə 437 mln. manat kompensasiya verilib: “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə, bankın likvid aktivləri 195 mln. manat təşkil edir. Belə görünür ki, bankın kreditorlarının bir qisminin tələblərinin ödənilməsi üçün vəsait çatmayacaq”.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri kompensasiya edib və indi sığorta edilməmiş əmanətlər qalıb: “Bank müflis olubsa, aydın məsələdir ki, hamının pulu tam qayıtmayacaq. Elə müflis o deməkdir ki, bütün borclarını ödəyə bilmir”.

“Mən “Bank Standard”ın kreditorlar komitəsinin sədriyəm. “Bank Standard”ın kreditorlarını təmsil edirəm. Orada 150 minə yaxın kreditor var. Bunlar fiziki, hüquqi, yerli, xarici şəxslərdir” — Həsənov bildirib.

Ekspert deyib ki, Fondun onlara verdiyi şifahi açıqlamaya görə, bankın daşınar və daşınmaz əmlakı 400 milyon manat da deyil: “Hətta deyirlər ki, bəzi hesablamalara görə, ondan da azdır. Amma bankın borcu 1 milyard 200 milyon manatdan çoxdur. Biz Fondun şifahi dediyi rəqəmlərə etibar etməli deyilik. Banklar haqqında qanuna görə, Fond bankın kreditorlarına bankın əmlakı haqqında hesabat verməlidir. Hesabatı çoxdan – ötən ilin noyabrında verməli idilər. Yəni, bank müflis olandan bir ay sonra “.

Ə. Həsənovun sözlərinə görə, mayın 8-də kreditorlar komitəsinin yekdil qərarı ilə Azad Cavadova rəsmi müraciət edərək bank ilə bağlı məlumatları istəyiblər: “Bankın verdiyi kreditlərin 60 faizi təminatsızdır. Ona görə də tələb etmişik ki, həmin məlumatlar bizə verilsin”. “Mərkəzi Bank da bu bank üzərində nəzarət həyata keçirib. Amma necə nəzarət edib ki, bank gəlib belə acınacaqlı vəziyyətə düşüb? Bütün bunlara görə, Fonddan tələb etmişik ki, bankın bütün sənədlərini versin, biz özümüz təhlil edək. Hələ ki, Fonddan bir cavab yoxdur” — həmsöhbətimiz vurğulayıb.

“Bankın kreditorları deyəndə, buraya o bankda pulu qalan şəxslər daxildir. Bu, bank hesabında pulları qalan həm fiziki şəxs olan əmanətçilərə, vətəndaşlara, həm də hüquqi şəxslərə aiddir. Bizdə olan məlumata görə, orada 1 milyard 200 milyon manat vəsait qalıb. Bunun da 445 milyon manatı Fondundur. Çünki, o sığortalanmış əmanətləri kompensasiya edib. 120 milyon manata yaxın vəsait vətəndaşların əmanətləridir. 30 milyon manata yaxın vəsait Mərkəzi Bankındır. Qalan vəsait isə şirkətlərindir. Təxminən 600 milyon manat vəsait şirkətlərin pullarıdır ki, orada qalıb. Bunların hamısı kreditorlardır” — Həsənov əlavə edib.(Sputnik)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın