Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Vətəndaşlar bankları məhkəməyə verirlər: Kredit problemi ciddiləşir

Vətəndaşlar bankları məhkəməyə verirlər: Kredit problemi ciddiləşir

Ekspertlərə görə, problemli kreditlərin həcmi durmadan artır, bu ilin sonuna qədər borcların ümumi məbləği iki milyarda çata bilər

Manatın 21 fevral devalvasiyasından sonra ölkə vətəndaşlarının böyük hissəsi kreditlə bağlı problemlərlə üz-üzə qaldı. Manatın birdən-birə 35 faiz ucuzlaşması dollarla verilən kreditlərin ödənilməsində ciddi çətinliklər yaratmağa başladı.
Əksər ekspertlər Mülki Məcəllənin bir neçə maddəsinə istinad edərək, əhalinin əvvəlki kursla ödəniş etməli olduğunu açıqladılar. Bəzi ekspertlər isə kreditin artan kursla verilməsinin vacib olduğunu qeyd etdilər. Həmçinin, vurğulandı ki, əhali məhkəmələrə müraciət etməklə problemin həllinə çalışa bilərlər.
Devalvasiyadan ötən iki aya yaxın müddətdə isə məlum olub ki, artıq əhali bankları məhkəməyə verir. Həmçinin, vətəndaşların bir hissəsi kredit borclarını dolların əvvəlki məzənnəsi ilə ödəyirlər. Ekspertlər isə bildirirlər ki, bu proses vətəndaşların xeyrinə deyil.
Ekspert Qubad İbadoğlunun sözlərinə görə, vətəndaşların məhkəmələrə müraciət etməsi doğru addımdır:“Manatın devalvasiyadan sonra banklarla müştərilər arasında yaranmış fikirayrılıqlarının istənilən halda, məhkəmə müstəvisində çözülməsini düzgün yanaşma kimi qiymətləndirirəm. Birincisi, həqiqətən də bu sahədə mövcud qanunvericilikdə boşluqlar var. İkincisi isə banklarla müştərilər arasında olan müqavilələrdəki bəzi normalar qanunvericiliklə əsaslandırılmayıb. Hər iki halda hüquqi qiymət verilməlidir. Məhkəmələrin müstəqilliyinə şübhələr olsa da, şikayətlərə obyektiv baxılması müraciətlərin davamlı və kütləvi olmasından çox asılıdır. Başqa alternativlər qalmayıb. Bankların müştərilərə verdiyi 2-3 faizlik güzəştlər problemi həll etmək iqtidarında olmayacaq”.
Ekspertin sözlərinə görə, hazırkı şərtlərlə müştərilər ödəmə qabiliyyətlərinin məhdudlaşması səbəbindən banklardan götürdüyü kreditləri qaytara bilməyəcək: “Kredit portfelində vaxtı keçmiş kreditlərin, vaxtı keçmiş kreditlərin tərkibində isə ümidsiz borcların artması son nəticədə bankların maliyyə vəziyyətini pisləşdirəcək, maliyyə sabitliyinə təhlükələr yaradacaq. Bu tendensiya hətta bəzi bankları müflis vəziyyətə gətirib çıxara bilər. Eyni zamanda, yeni məhkəmə çəkişmələri artacaq. Bu halda da banklar müştərilərini məhkəməyə vermək məcburiyyətində qalacaqlar. Göründüyü kimi, bu il məhkəmələrin əsas işi borcalanlarla borcverənlər arasında münasibətlərin tənzimlənməsi olacaq. Vəziyyətdən çıxış üçün banklara riskləri idarəetmə qabiliyyətini artırmaq üçün daha çox sərbəstlik vermək lazımdır. Bu zaman problemin həllinə müstəqilliklərinin artırılmasından sonra yaranmış yeni situasiyada düzgün və operativ qərar vermək qabiliyyətində olan banklar töhfə verə bilərlər. Onlar risklərini azaltmaq üçün daha çox mənfəət qazanmaq istəyindən əl çəkməli, müştərilərlə fərdi olaraq işləməli, hər bir müştəri üçün kredit borclarının qaytarılmasının yeni və əsaslandırılmış qrafikini hazırlamalıdırlar”.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, müştərilərin krediti yeni məzənnə ilə ödəməkdən imtina etməsi problemi həll etməyəcək: “Problemin bu yöndə həlli mümkünsüzdür. Yəni insanlar köhnə kursla ödəsələr belə, onların borcları azalmır. Borc yenə qalır. Bu, sadəcə yaxın gələcəkdə banklardakı problemli kreditlərin həcmini artıracaq. Çünki sonuncu dəfə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da dedi ki, bu məsələ artıq həll olunub. Yeni kursla ödəmələr həyata keçirilməlidir. Hətta məhkəmələrə müraciətlər olsa belə, müqavilələrin hamısında öhdəlik yaranan gün ifadəsi var. Öhdəlik yaranan gün məhz ödəniş edilən gün hesab olunur. Mən inanmıram ki, məhkəmələrdə bununla bağlı kredit götürən insanların lehinə hər hansı qərar çıxarılacaq. Bu problem getdikcə ölkədə ən çox müzakirə olunan məsələ olacaq. Ümumiyyətlə, yaxın gələcəkdə bu, ən çox gündəmə gələcək problemlərdən birinə çevriləcək. Çünki problemli kreditlərin həcmi durmadan artır. Dollarla olan kreditlərin qaytarılmasında yaşanan problemlər bütün bank sektoruna yaxın gələcəkdə ciddi bir stress yaradacaq. Bəzi hesablamalara görə, problemli kreditlərin həcmi yaxın gələcəkdə iki dəfə arta bilər. İndi bu kreditlərin həcmi bir milyardı keçib. İlin sonuna bu rəqəm 2 milyarda yaxınlaşa bilər. Azərbaycan kimi kiçik bir ölkənin bank sektoru çox da dayanıqlı olmadığından bu sahədə ciddi bir stress yaranacaq. İki milyard çox böyük rəqəmdir”.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …

Bir cavab yazın