Çərşənbə , May 25 2022
Ana səhifə / Kriminal / Ukraynadakı sabiq səfirə görə Elmar Məmmədyarov da hədəfdə

Ukraynadakı sabiq səfirə görə Elmar Məmmədyarov da hədəfdə

Azərbaycanın Ukraynadakı sabiq səfiri axtarışa verilib.  Bakı Şəhər Baş Polis İdarəsindən verilən xəbərə görə, Tələt Əliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir. Tələt Əliyevin barəsində məhkəmə qərarı ilə həbsli axtarış verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Tələt Əliyev Azərbaycanın tanınmış diplomatıdır. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri postunu tutub. Yerli mətbuatın yazdığına görə, Tələt Əliyev səfir olduğu dövrlərdə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

2020-ci ilin yayında Xarici İşlər Nazirliyində  Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatdan sonra hər kəsi düşündürən bir sual vardı: sabiq nazir Elmar Məmmədyarov həbs olunacaqmı? Bu əməliyyatdan bir neçə ay öncə mətbuat Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi. Amma XİN-də həbs edilənlər yüngül cəza ilə canlarını qurtardılar. Elmar Məmmədyarov istintaqdan kənarda qaldı. Amma necə ola bilərdi ki, elə hazırda axtarışa verilmiş sabiq səfir də daxil  dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun “burnunun altında” tar-mar ediblər, onun isə bundan xəbəri olmayıb?  Hüquqşünaslar Elmar Məmmədyarov  ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır deyirdilər. Qeyd edək ki, Tələt Əliyev də Elmar Məmmədyarovun ən yaxın kadrlarından olub və bu səbəbdən uzun müddət səfir postunda qalıb.

Azərbaycanın Ukraynadakı Səfirliyi: İş başındayıq, soydaşlarımızı evlərində  qalmağa çağırırıq

O, səfir postuna təyinat alandan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmirinə 5 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitin 2 milyon 400 min  dollarının mənimsənilməsi ətrafında çox ciddi qalmaqal yaşanıb.

2018-ci il noyabrın 8-də səfirlik bu məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə səfirlik Ukrayna Tikinti-Konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edib. Ekspertizanın yekun rəyinə əsasən binanın zirzəmisi və damının qəzalı vəziyyətdə olduğu üzə çıxıb. Eyni zamanda 2007-2009-cu illərdə səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən, səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Nəzərə çatdırılırdı ki, Səbinə Həşimovanın Ukrayna vətəndaşı olduğu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasının tam təmin edilməsi məqsədilə səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırma aparılıb.

Bu olaydan dolayı 2018-ci ildə Ukrayna hüquq-mühafizə orqanları sabiq səfir Tələt Əliyevin Kiyevdəki mənzilində axtarış aparıb. Həmin vaxt Tələt Əliyev mətbuat konfransı keçirərək iddiaları təkzib edib. Bildirib ki, binanın qəzalı vəziyyətə düşməsi səfirlik binası ilə qonşuluqda yüksək mərtəbəli binanın inşaatı, dərin svayların vurulması və s. səbəbindən olub.

Tələt Əliyev keçirdiyi mətbuat konfransında demişdi ki, ondan sonra səfir təyin olunan Azər Xudiyev hansısa maddi marağa görə bu tikintiyə icazə verib. Onun tikinti şirkətindən 1 milyon dollar məbləğində rüşvət alması barədə söhbətlər yayılıb

Tələt Əliyevin mətbuat konfransında dediklərindən sitat:  “Bunun nəticəsində səfirliyin binasını qəza vəziyyətinə gətirib çıxarıb və ərazinin və binanın təhlükəsizliyini də sıfıra endirib. Bu ilin iyul ayında Azər Xudiyevin erməni əsilli  Ukrayna daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna yazılı şikayəti əsasında tək mənə qarşı yox, bir neçə diaspor fəallarımıza qarşı cinayət işləri açılıb. Cinayət işi əsasında məhkəmə qərar verib və mənim şəxsi mənzilimdə axtarış aparılıb. Mənim 2001-ci ildən bu günə kimi fəaliyyətim haqqında sənədlər və möhür axtarıblar, baxmayaraq ki, 2010-cu ildə mən səfirliyin bütün sənədlərini və möhürünü qanuni şəkildə təhvil vermişdim. Axtarış aparan şəxslərlə söhbətim nəticəsində bildirdim ki, mənim diplomatik toxunulmazlığım var, bildirdilər ki, sizin dövlətinizin adından indiki səfirinizin bizə rəsmi şikayəti bizə axtarış aparmağa tam əsas verir. Əlbəttə ki, axtarış zamanı mənim fəaliyyətimlə əlaqədar heç nə tapa bilmədilər. Bunun nəticəsində həyat yoldaşım mikroinsult keçirdi, hamilə qızım çox təhlükəli anlar yaşadı. Əlbəttə ki, bütün bu hərəkətlər mənim təmiz adıma, reputasiyama çox ziyan vurdu və bu ləkəyə görə çox narahatlıqlar keçirdim.  Əlbəttə ki, bütün bu işlər səfir Azər Xudiyevin xüsusi səyləri və məndən qisas almaq üçün Ukraynanın erməni əsilli daxili işlər naziri ilə işbirliyi nəticəsində baş verir”.

Tələt Əliyev bu açıqlamasından sonra Azər Xudiyev də açıqlama verib onun dediklərini yalana çıxarmışdı.

Sitat: “Tələt Əliyev 2 milyon 400 min dollar dövlət vəsaitini oğurlayıb. Hazırda əlimizdə bunun faktlığını sübut edən çeklər var. 2008-ci ilin dekabrında Azərbaycan dövləti səfirliyə 2,4 milyon ABŞ dolları məbləğində pul göndərib, həmin vaxtı səfir olmuş Tələt Əliyevə isə Bakıda, geri çağırılması barədə məktub göndərilib. Tələt Əliyev də yerinə başqa səfirin göndərildiyini bilib, dərhal hərəkətə keçib. Nəticədə o, 4-5 ay ərzində 2,4 milyon ABŞ dolları vəsaiti həftədə 300-350 dollar bankdan çıxardaraq, təmir adı ilə mənimsəyib. Mən tikinti üzrə ekspertlər dəvət etdim. Onlar həmin binanı yoxladılar, məlum oldu ki, həmin tikilidə, ümumiyyətlə, heç bir təmir işləri aparılmayıb. İndi həmin sənədlər möhürlü şəkildə əlimizdədir. Lazımi qurumlara təqdim edilib”.

Ukraynadakı səfirliyin binasının qəzalı vəziyyətə düşməsində qarşılıqlı ittihamlar ortadadır və hüquq-mühafizə orqanları 4 il sonra nəhayət ki, hərəkətə keçiblər. Mümkündür ki, istintaq araşdırmaları o zaman XİN rəhbərliyində olan Elmar Məmmədyarova qədər uzanacaq. Musavat.com

Həmçinin oxuyun

18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi

Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib. DİN-in Mətbuat Xidmətinin Bərdə …