Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Türkiyədən gələn tranzit yüklərin 40 faiz endirilən tarifinin real tərəfi

Türkiyədən gələn tranzit yüklərin 40 faiz endirilən tarifinin real tərəfi

Azərbaycandan keçən və Türkiyəyə məxsus beynəlxalq tranzit yüklərin daşınmasına tətbiq olunan tariflərə “40 faiz endirim” məsələsi anlaşılmazlıq yaradıb.

Azərbaycan vasitəsilə Orta Asiyaya yük daşıyan Türkiyə şirkətləri bildirir ki, onlar fərqli rəqəmlərlə üz-üzə qalıb.

Türkiyənin iqtisadiyyat naziri, bir müddət öncə Rusiyanın Türkiyədən mal ixracına tətbiq etdiyi sanksiyalardan sonra Azərbaycanın türk yük daşımalarına 40 faiz endirim etdiyini deyib.

Bu razılaşmanın noyabrın 25-də, Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Gürcüstan-Rusiya sərhəddində yük maşınlarıın Rusiyaya keçməsinə maneələr yaradılması və Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Bakıya səfəri zamanı əldə olunduğu xəbər verilir.

Azərbaycanda hakimiyyət 40 faizədək endirim məsələsini inkar etmir, amma köhnə tariflə olan rəsmi rəqəmlər də açıqlanmır. Təhlilçilər iddia edir ki, rəqəmlərin açıqlanmamasının səbəbi “reallıqda daha çox qeyri-rəsmi tariflərin işə keçməsiylə” əlaqədardır.

Yeni tariflər

Image copyrightAP
Image captionRusiya Türkiyədən malların ixracını qadağan edib və sərhədlərini türk yük maşınları üçün bağlayıb.

“Hər həftə yüklə dolu azı bir TİR (Beynəlxalq gömrük tranzit sistemi ilə daşınan yük maşınlarına ümumi danışıqda verilmiş addır və beynəlxalq yol nəqliyyatı mənasını verir -red.) İstanbuldan Qazaxıstana üz tutur. Ötən həftə bizim TİR-lər Azərbaycan üzərindən Qazaxıstana gedib. Amma sərhəd məntəqəsində eyni rüsumu ödədik,” uzun illərdir TİR yük daşınması ilə məşğul olan Hazar Lojistik şirkətinin nümayəndəsi deyir.

Azərbaycan sərhəddindən sonuncu dəfə 3 dekabr tarixində keçdiyini deyən Gets Global Logistik şirkətinin əməkdaşı isə onlara endirim olunduğunu bildirir. Ancaq onun sözlərinə görə, endirimlər deyildiyi qədər böyük olmayıb.

“Əvvəllər sərhəddə karqoya görə 300 dollar ödəyirdik, bu dəfə 200 dollar ödədik. Gəmidə isə 1800 dollar ödəyirdik, bu dəfə 1200 dollar ödədik,” şirkət əməkdaşı deyir.

Türkiyənin Beynəlxalq Nəqliyyat Daşınma Dərnəyinin icra komitəsinin rəhbəri Fatih Şener, 40 faiz endirimin sərhəddə TİR maşınlarına tətbiq olunan bir çox ödənişlərin aradan qaldırılması hesabına olunduğunu deyir.

“Sərhəddə 100 dollara yaxın sığorta ödənişi var idi, o aradan qaldırıldı. Bundan əlavə hardasa 150 dollara yaxın da əlavə başqa şeylər üçün ödənişlər var idi. O xərclərdən də azad olduq,” o bildirir.

Dəniz tarifləri

Image copyrightReuters
Image captionDəniz vasitəsilə daşınan yüklərə Azərbaycanın tətbiq etdiyi güzəştlər açıqlanıb.

İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat katibi Abbas Əliyev quru yolunda tariflərin dəyişməsinin sərhəd keçid məntəqəsində prosedurların sadələşdirilməsi hesabına edildiyini deyir.

“Bu endirimlər daşınan yükə deyil, tranzit daşınma prosedurlarına edilən sadələşmə hesabına olunub”, sözçü bildirib.

Hazırda mövcud olan tarifləri isə, rəsmilər, açıqlamaqdan imtina edib.

Gəmi ilə tranzit yük daşımalarının yeni tarifinə görə, sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) gəmi vasitəsilə bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları, geri dönüş üçün bilet öncədən alındığı halda, hər iki istiqamətə cəmi 2100 ABŞ dolları (almadığı halda 2400 ABŞ dolları) ödəniş edilməlidir.

Xəzər Dəniz gəmiçiliyinin mətbuat katibi Vüqar Mirsadıq BBC Azərbaycancaya bildirib ki, bu, “güzəştli” tariflərdir.

Köhnə tariflərə gəlincə, qurum rəsmisi onları açıqlamaqdan imtina edib və bundan əvvəl rəqəmlərin yuxarıda göstəriləndən 20 faiz artıq olduğunu deməklə kifayətlənib.

Hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün iki istiqamət üzrə həm quru, həm də su yolu ilə hər gediş-gəliş tranzit xərcləri birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcəkdir, İqtisadiyyat və Sənaye nazirliyinin saytı məlumat verir.

“Qeyri-şəffaflıq”

Tranzit yüklərin daşınmasına təyin olunan yeni tariflərin hamısının dəqiq açıqlanmamasını iqtisadçı ekspert Natiq Cəfərli bu sahədəki “qeyri-şəffaflıq”la əlaqələndirir.

“Azərbaycanda yükdaşıma ilə bağlı tariflər əslində şəffaf olmalıdır. Amma görünən odur ki, rəsmi tariflərdən daha çox qeyri-rəsmi tariflər işə keçir. Rəsmi tarifləri də tapmaq müşkülə çevrilib. Buna görə də elan olunan tarif endirimlərinin nə qədər reallığa uyğun olduğu bilinmir.”

İqtisadiyyat və Sənaye Nazirliyinin sözçüsü Abbas Əliyev isə əlavə edir ki, tranzit yük daşımalarının tarif qiymətləri üçün onlayn bazanın yaradılması başa çatdıqdan sonra rəqəmlər ictimaiyətə açıq olacaq.

O həmçinin bildirib ki, yeni tariflər yalnız Türkiyə üçün deyil, TİR-lərlə Azərbaycandan keçib yalnız Qazaxıstanın Aktau limanına üz tutan istənilən şirkət üçün keçərlidir.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev isə BBC Azərbaycancaya, Azərbaycanın bu yardımına qarşılıq olaraq Türkiyə öz ölkəsinə tranzit yük daşıyan azərbaycanlı TİR və avtobus sürücülərinə ölkədə vizasız qalma müddətini 1 aydan 3 aya qədər uzatdığını bildirib.

Koordinasiya Şurası

Tranzit yükdaşımalar üzrə tarifləri, Prezidentin 21 oktyabr 2015 tarixli Fərmanı ilə yaradılan Tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası hazırlayır.

Şura, hələlik yalnız dəmiryol və gəmilərlə daşınan neft və digər neft məhsullarının tranzit daşınma tariflərinin yuxarı həddini müəyyən edib, Azərtac agentliyi yazır.

“Güzəştlər daşınan tranzit yükün çəkisinə əsasən müəyyən olunacaq. Bu çəki həddi tərəflər arasında bağlanan illik müqavilədə göstərilən dövriyyə həcmindən, çəkidən asılı olacaq”, Koordinasiya Şurasının nümayəndəsi Nicat Namazov deyib.

Cənab Namazov onu da qeyd edib ki, tariflərə əsasən müvafiq yüklərin daşınmasında müştərilərin müraciəti olduğu halda “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də yeni hazırlanan qiymətlərdə yalnız 30 faizədək güzəşt edə bilər.

Azərbaycan Dəmir Yollarının sözçüsü Nadir Əzməmmədov BBC Azərbaycancaya deyib ki, may ayından tətbiqinə başlandığı vaqon daşımalarında 35 faizə qədər, konteyner daşımalarında isə 50 faizədək olan güzəştlər hələ də qüvvədədir. BBC

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın