Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Kriminal / Türkiyə nəqliyyatçılarından İlham Əliyevin çıxışına dəstək

Türkiyə nəqliyyatçılarından İlham Əliyevin çıxışına dəstək

Türkiyə nəqliyyatçıları Xəzər dənizindən keçməklə və quru yolu ilə Azərbaycan üzərindən tranzit yükdaşımalarda ciddi problemlərlə üzləşir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin icra komitəsinin rəhbəri Fatih Şener beynəlxalq liman idarəçiliyi və logistika mövzusunda təşkil edilmiş konfransda çıxışı zamanı bildirib.

F.Şener deyib ki, onun başçılıq etdiyi dərnəyə üzv olan nəqliyyat şirkətləri quru yolu ilə yük daşıyarkən dəniz limanlarından da istifadə etməli olur. O, Orta Asiya ticarət dəhlizində daha çox Xəzər dənizindən keçidin istifadə olunmasının vacibliyini deyib, ancaq bildirib ki, Azərbaycan və Türkmənistanın tətbiq etdiyi yüksək tariflər üzündən Türkiyə yükdaşıyanları bu dəhlizdən istifadə edə bilmir.

Fatih Şenerin bildirdiyinə görə, Türkiyə yükdaşıyanları Orta Asiya respublikalarına tranzit yükdaşımalarında İran əvəzinə Xəzər dənizindən keçməyi daha sərfəli hesab edir, ancaq bu marşrutdan istifadədə iki əsas problem var. Bunlar limanlarda uzun müddət gözləmələr və yüksək tariflərdir.

Dərnək rəhbəri deyib ki, Türkmənistan və Azərbaycanın Xəzərin hər iki tərəfində limanları və gəmiləri var. Hər iki tərəf öz gəmilərinə aşağı tariflər tətbiq edir, ancaq qarşı tərəfin gəmisindən çox yüksək haqq alır. Bu səbəbdən Azərbaycan gəmisi üçün Türkmənbaşı limanı, Türkmənistan gəmisi üçün isə Bakı limanı çox bahalıdır.

“Bizim üçün isə hər iki liman bahalıdır. Nə olursa, hər iki tərəfdə yüksək haqq ödəyən Türkiyə TIR-larına olur. Üstəlik Türkiyə TIR-ları Azərbaycan və Türkmənistan ərazisindən keçərkən də yüksək haqq ödəməlidir. Türkiyə bu ölkələrin TIR-larından bir quruş da olsun haqq almır, ancaq hər iki ölkə bizdən yüksək tranzit haqqı alırlar.

Türkiyə TIR-ları Azərbaycandan keçmək üçün orta hesabla 400 dollar, Türkmənistandan keçmək üçün 650 dollar ödəməli olur. Bu haqlar aradan qaldırılmalıdır”- deyə Fatih Şener bildirib.

Türkiyə nəqliyyatçıları birinci dəfə deyil ki, Azərbaycan üzərindən tranzit yükdaşıma şərtlərinin ağır olmasından şikayətlənirlər. Azərbaycan üzərindən tranzit yükdaşıma tariflərinin həddən artıq yüksək olduğunu, nəticədə beynəlxalq yükdaşıma şirkətlərinin Azərbaycan ərazisindən istifadəni məhdudlaşdırdığını və ölkə üzərindən beynəlxalq yükdaşımaların həcminin bu üzdən aşağı düşdüyünü prezident İlham Əliyev də Nazirlər Kabinetinin bu günlərdə keçirilən iclasındakı çıxışında bildirib.

Prezident ölkənin nəqliyyat sektoruna cavabdeh olanları tənqid edərək deyib ki, tariflərin ölkənin maraqlarına deyil, korporativ maraqlara uyğunlaşdırılması üzündən beynəlxalq yükdaşıyanlar Azərbaycandan qaçır.

İlham Əliyev o cümlədən liman tariflərinin tranzit yükdaşımaların artmasına mane olduğunu deyib, ölkənin tranzit potensialından düzgün istifadə edilməsi üçün bu problemlərin aradan qaldırılmasını tapşırıb.

Həmçinin oxuyun

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü …

Bir cavab yazın