Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Top-menecer Leyla Məmmədzadə oliqarx Ziyanın həbsi haqda danışıb: “Onu siyasi səbəblərlə həbs ediblər, amma…”

Top-menecer Leyla Məmmədzadə oliqarx Ziyanın həbsi haqda danışıb: “Onu siyasi səbəblərlə həbs ediblər, amma…”

Hazırda həbsdə olan dağıstanlı milyarder-oliqarx Ziya Maqomedovun (yaxud Ziyavuddin) FESCO şirkətlər qrupunun top-meneceri Leyla Məmmədzadə şirkət rəhbərliyindən gedəcəyini açıqlayıb.

Virtualaz.org xəbər verir ki, o, RBK-ya müsahibəsində bu haqda danışıb. Bildirib ki, işləri qaydaya salıb və səhmdarların yay toplantısından sonra istefaya gedəcək.

FESCO Rusiyanın ən iri nəqliyyat-logistika və liman şirkətlərindən biridir. Şirkətin səhmlərinin 32.5 faizi Ziya Maqomedova məxsusdur. 

FESCO qrupunun direktorlar şurasına rəhbərlik edən Leyla Məmmədzadə bildirib ki, onun qərarı spontan deyil. “Hazırda şirkət stabildir, Maqomedovun ailəsinə və ya özünə təhdid yarada biləcək borcları yoxdur”,-o bildirib.

Məmmədzadə deyib ki, istefasının səbəbi biznesin inkişafı ilə bağlı Maqomedovla yaranan fikir ayrılıqlarıdır. Biznesmen şirkətə partnyorlar cəlb etmək istəmir, menecer isə bunu qaçılmaz sayır. “Çox güman ki, şirkətə Ziyavuddinin qohumları gələcək və idarəçilik onun 100 faiz etibar etdiyi adamlara keçəcək. Onlar onsuz da şirkətin həyatında kifayət qədər fəal rol oynayırlar”,-Leyla Məmmədzadə əlavə edib.

 Habelə L. Məmmədzadə Maqomedov qardaşlarının işini “siyasi” adlandırıb. “Mənə axıra qədər aydın deyil ki, əslində nə baş verib, onun faciəvi səhvi harada olub. Mən Ziyavuddini həmişə parlaq və istedadlı biznesmen kimi tanımışam. Amma Ziyavuddin təkcə biznesmen deyil, həm də siyasətçi olub və indi də belədir. Amma siyasətçi rolunda bizim onunla qarşılıqlı münasibətlərimiz demək olar ki, olmayıb. Hesab edirəm ki, daha təcrübəli adamlar və ümumən bazar Ziyanın həbsinin iqtisadi səbəblərlə bağlı olmadığını məndən daha tez anlayıblar”,-o deyib.

Ziyavuddin Maqomedov 2018-ci ilin martında həbs edilib. Milyarderlə bərabər onun böyük qardaşı, Smolensk vilayətindən Federasiya Şurasının keçmiş üzvü Maqomed Maqomedov da tutulub. Onlar mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, büdcə vəsaitlərini talamaqda ittiham olunurlar. Maqomedov qardaşlarına qarşı irəli sürülən əsas ittiham Kalininqradda futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən “Baltik Arena” stadionunun tikintisində yol verilən yüz milyonlarla rubl mənimsəmələrlə bağlıdır. Bu stadionun tikintisində baş podratçı azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus Group” şirkəti idi.

Leyla Məmmədzadə isə o vaxt “Summa” şirkətlər qrupunun baş direktoru idi. 44 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə azərbaycanlıdır. Bildirilir ki, o Bakıda anadan olub ABŞ-da maliyyə işi və neft işi üzrə magistr təhsili alıb. ABŞ, Böyük Britaniya və Niderlandda yaşayıb. İnvestisiyaların idarə edilməsi, risklərin analizi üzrə ixtisaslaşıb, ABŞ-ın “Halliburton” şirkətində strategiyaların hazırlanmasına məsul olub, Britaniya-Hollandiya neft-qaz nəhəngi “Royal Dutch Shell”də həmin sahəyə rəhbərlik edib.

Xatırladaq ki, bu günlərdə Ziya Maqomedov təcridxanadan bəyanat yayaraq FESCO qrupundakı payını satmaq niyyətində olmadığını, bunun üçün heç kimə səlahiyyət vermədiyini bildirmişdi.

“Son vaxtlar tez-tez belə şaiyələr yayılır ki, guya mənim tapşırığımla və mənim adımdan FESCO şirkətlər qrupundakı payımın satılmasına dair danışıqlar aparılır. Təəsüf ki, bu şaiyələri yayanlar mənim indiki vəziyyətimdən istifadə edib şəxsi mənfəətlərini təmin etmək istəyənlərdir. Bu məqsədyönlü şaiyələrin heç kimi çaşdırmaması üçün rəsmən bəyan edirəm ki, FESCO şirkətlər qrupunun direktorlar şurasının sədri Leyla Məmmədzadəyə şirkətin mənə məxsus səhm paketinin kiməsə satılması üçün danışıqlar aparmaq səlahiyyəti verməmişəm. Və hazırda mənim bu səhmləri satmaq niyyətim yoxdur”,-Maqomedov bildirib.

Bu bəyanatın ardınca Məmmədzadə RBK-ya müsahibə verib və istefa barədə qərarını açıqlayıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …