Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında həbs qərarı çıxarılıb.

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata baxılıb. Hakim Gültəkin Əsədova təqdimatı təmin edib və ilkin istintaq dövrü üçün Tofiq Yaqublu haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib. Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Yaqublu təqsirsiz olmasına baxmayaraq, məhkəmədən heç bir gözləntisi olmadığını deyib. O bildirib ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, hakimlər gələn sifarişi yerinə yetirir:

“Siz də onlardan birisiniz. Nə sifariş verilibsə, onu da eləyəcəksiniz. Bu, məhkəmə deyil ki… Ona görə sizdən nə bir xahişim, nə də gözləntim var…”.

Tofiq Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli bildirib ki, onu həbsdə saxlamadan da istintaq aparıla bilər. Onlar vurğulayıb ki, Tofiq Yaqublunun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşadığı yer bəllidir.

Lakin müstəntiq etiraz edib. Deyib ki, istintaq dövründə onun həbsdə saxlanması məqsədəuyğundur. Çünki istintaqdan yayına, dindiriləcək şəxslərə təsir göstərə bilər.
Qısa müşavirədən sonra hakim təqdimatın təmin olunduğunu və siyasətçi haqqında 4 aylıq həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.

Vəkillər Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti verəcəklər.

Tofiq Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə danışıb ki, atası xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Nigar Həzi bu ittihamın yalan olduğunu, Tofiq Yaqublunu şərləmək məqsədilə müəyyən adamlardan istifadə edildiyini deyir:

“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi ondan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 6 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunub ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib. Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …