Ana səhifə / Kriminal / “The Financial Times” Azərbaycandakı “gömrük inqilabı”ndan yazdı…

“The Financial Times” Azərbaycandakı “gömrük inqilabı”ndan yazdı…

“The Financial Times” qəzetində dərc olunan “İlham Əliyev gömrükdə korrupsiyanın kökünü necə kəsdi” başlıqlı məqalədə Azərbaycanda aparıla iqtisadi islahatlar və gömrük sistemində korrupsiyanın aradan qaldırılması ilə bağlı yazılanlar ölkə mətbuatında da geniş müzakirələrə səbəb olub. Belə ki, Azərbaycanda aparılan islahatlarla bağlı “The Financial Times” qəzetinə İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov müsahibə verib.

Qəzetin yazdığına görə, ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə, əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi. Lakin indi biznesmenlər və bankirlər deyir ki, ilin əvvəlindən ölkəyə mal idxalında rüşvət praktikası kəskin şəkildə dayandı. İndi demək olar ki, bütün mallar ölkəyə leqal idxal edilir.

Qəzetdə o da qeyd edilib ki, rəsmi gömrük tarifləri biznesmenlərin əvvəl ödədiyi rüşvətdən daha çoxdur, bu baxımdan sahibkarların narazılığına səbəb olub. Natiq Əmirov isə cavabında bildirib ki, rüsum çox olsa da, qanunidir: “Bizim prezident həqiqətən bu məsələni öz nəzarətinə götürdü və biz hər gün, hər həftə baş verənlər haqda ona məruzə edirdik. Bu islahatların nəticəsində gömrükdən büdcəyə daxil olan gəlirlər ilin ilk 6 ayı ərzində 30 faiz artıb, hökumət dövlət orqanları tərəfindən şirkətlərdə yoxlamaları da kəskin azaldıb və hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir”.

İqtisadçı ekspert Qubad İbadoğlu da “Yeni Müsavat”a açıqlamasında gömrük islahatlarının effekti olduğunu bildirdi: “Prezidenti iqtisadi islahatlar üzrə köməkçisinin fikirlərində həqiqət var. Biz illərdir ki, bunu gömrük statistikasını xüsusi metodologiya ilə hesablayıb aşkara çıxartmışdıq. Bizim hesablamalarımız da mətbuatda dərc olunmuşdu. Bu hesablamalar göstərirdi ki, idxal əməliyyatları üzrə Azərbaycanda idxal olunan mallarla rəsmi qeydiyyata düşənlər arasında fərq var. Sonuncu dəfə 2014-cü ildə bu fərq 4 milyard manata yaxın idi. Həqiqətən də ölkəyə gətirilən məhsulların bir qismi qeydiyyata alınırdı, bir qismi isə qeydiyyatdan kənar daxil olurdu. Eyni zamanda, qeydiyyata alınan məhsulların dəyəri də aşağı göstərilirdi. Bu da onu deməyə əsas verirdi ki, qeyri-rəsmi əməliyyat vergiyə cəlb olunmurdu, bundan da dövlət büdcəsi itki verirdi. Biz bunu dəfələrlə bildirmişdik, hər il bu hesablamaları ortaya qoyurduq. İndi mən çox sevinirəm ki, bizim hesablamalarımız nəticəsini verdi, indi bu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi səviyyəsində etiraf olunur”.

Q.İbadoğlunun sözlərinə görə, indiki halda bütövlükdə idxal mallarının qeydiyyatı həyata keçirildikdən sonra Azərbaycanda gömrük rüsumları, ƏDV, aksiz dərəcələri üzrə ödənişlər, yol vergisi üzrə ödənişlər artıb: “Bu ilin göstəricilərini əvvəlki ilin göstəriciləri ilə müqayisə edəndə görürük ki, Gömrük Komitəsinin yığımda 30 faizə yaxın artım var. Bu yığımların artması indiki dövrdə dövlət büdcəsi üçün çox əhəmiyyətlidir. Gömrük daxilolmaları hesabına büdcənin mədaxili müəyyən səviyyədə təmin olunur. Bu artım təkcə gömrük ödənişlərində deyil, həm də idxal bəyannamələrinin sayında özünü göstərir. İdxal və ixrac olunan məhsulların həm sayında, həm də çeşidlərində artım var. Bütün bunlar son dəyişikliklərin, islahatların nəticəsidir və mən bunu müsbət dəyərləndirirəm. Nəhayət ki, gömrükdə bizim istədiyimiz dəyişikliklər baş verdi. Nəticədə dövlət büdcəsinə daha çox rüsum cəlb olundu. Əvvəllər bu vəsaitlərin kiçik bir qismi büdcəyə çatırdı, böyük bir qismi isə büdcədən kənar paylanırdı, kimlərinsə şəxsi kapitalına çevrilirdi”.

Ekspert onu da vurğuladı ki, gömrük sistemində iqtisadi islahatlar kadr islahatları ilə müşayiət olunmadı: “Çox təəssüflər olsun ki, bu islahatlar aparılsa da, gömrük sistemində uzun illərdir korrupsiya ilə məşğul olan insanlar heç bir cəza almadırlar, yenə də öz postlarında vəzifələrinin icrasına davam edirlər. Ancaq ən azı bu dəyişiklik onu göstərdi ki, gömrük ödənişlərində böyük yayınma var idi. Bunun da əsas səbəbi qeyri-rəsmi idxal dövriyyəsi idi. Onu da qeyd etməliyik ki, bəzi sahibkarlar rüşvətlə olan sistemin qayıtmasını istəyirlər. Çünki onlar rüşvətlə olanda daha az ödəyirdilər. lakin mən hesab edirəm ki, rəsmi ödənişləri həyata keçirməyə daha çox üstünlük verməlidirlər. Sahibkar xərc baxımından itirsə də, fəaliyyətini şəffaf və hesabatlı qurur, bundan qazancı daha çox olacaq. Qeydiyyatdan keçən mallar üzrə sahibkarın daha rahat sənəd almaq imkanı yaranacaq və sonrakı mərhələdə vergi yoxlamalarında mövqeyi daha möhkəm olacaq”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın