Cümə , Fevral 23 2024
Ana səhifə / Kriminal / Terrorçuluqda ittiham edilən Ermənistan hərbçisinin Bakıda məhkəməsi başladı

Terrorçuluqda ittiham edilən Ermənistan hərbçisinin Bakıda məhkəməsi başladı

Azərbaycanda həbsdə olan Ermənistan hərbçilərindən biri – Qagik Voskanyanın məhkəməsi başlayıb. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Abdulla Məmmədov, Mikayıl Məmmədzadə və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası baxır. Lakin məhkəmə prosesi Gəncədə yox, Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Avqustun 16-da Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər hissəsində saxlanılan Qagik Voskanyana qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən silah-sursat qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (bir qrup şəxs tərəfindən odlu silahla terrorçuluq), 228.2.1 (bir qrup şəxs tərəfindən odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər) və 318.2-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.

İttihama görə, Qagik Voskanyan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü olub. O, Azərbaycan Ordusinin Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək sərhədi keçib. Məqsəd isə terror törətmək olub.

Dekabrın 4-də məhkəmənin hazırlıq iclasında Qagik Voskanyanın hüquq və vəzifələri izah olunub, onun anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, 1983-cü ildə Yerevanda anadan olub, Ermənistan vətəndaşıdır, orta təhsil alıb.

Təqsirləndirilən şəxs həm Azərbaycan və erməni dillərini bilən tərcüməçi, həm də vəkillə təmin olunub.

Məhkəmə prosesinə sədrlik edən Abdulla Məmmədov ondan və vəkili Dilsuz Məmmədovdan indiki mərhələdə vəsatəti olub-olmadığını soruşub. Onlar bildiriblər ki, hələ vəsatət yoxdur.

Dövlət ittihamını müdafiə edən prokuror Müşfiq Rəhimov cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. O bildirib ki, istintaqa qaytarılması üçün heç bir əsas yoxdur.

Qagik Voskanyan və müdafiəçisi də etiraz etməyib.

Təqsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən məhkəmədən ədalətli olmasını, rəhmli davranmasını xahiş edib. Qagik Voskanyan deyib ki, o, sıravi hərbi qulluqçu olub, xüsusi səlahiyyəti olmayıb.

Bu cinayət işinin məhkəmə baxışına verilib araşdırılması haqda qərar qəbul edilib.
Məhkəmə baxışı dekabrın 11-nə təyin olunub.

Qagik Voskanyanı saxlayan şəxslər – Elvin Hüseynzadə, Xəyal Daşdəmirov, Tofiq İsmayılov, İsrafil Məmmədov və Əli Kərimov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Dekabrın 11-də ittiham aktı elan olunandan sonra həm Qagik Voskanyan, həm də zərərçəkmişlər ifadə verəcək.

Ermənistan tərəfi isə Qagik Voskanyanın diversiya qrupunun üzvü olması, terror-təxribat törətmək məqsədilə sərhədi keçməsi haqda Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib:

“Onun necə saxlandığını göstərən videogörüntülər də bu haqda iddiaların yalan olduğunu sübut edir”.

Həmçinin oxuyun

Sahə rəisinə rüşvət ittihamı ilə cinayət işi açılıb

Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasov haqqında cinayət …