Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Tarixin 10 ən zəngin cinayətkarı – SİYAHI

Tarixin 10 ən zəngin cinayətkarı – SİYAHI

Əksəriyyətimiz çoxlu pul qazanmaq istəyirik. Bəs insanlar sərvət yolunda nələrə hazırdırlar?

Beləliklə, aşağıda sərvət yolunda dəhşətli cinayətlər törədən ən zəngin canilər haqqında danışacağıq:

10. Dennis Kozlovski

Sərvəti: 600 mln dollar

Dennis Kozlovski Bermudda “Tyco Industrial” şirkətini qeydiyyatdan keçirmişdi. “Tyco Industrial” cəmi bir neçə il sonra minə yaxın şirkəti özünə birləşdirməklə beynəlxalq konqlomerata çevrilmişdi. Lakin şirkətin mənfəətindən gələn heç də bütün pullar biznesin genişlənməsinə yönəldilmirdi.

Kozlovski və onun köməkçisi Mark Şvarts “Tyco”nun pulunu tamamilə onlara məxsus sərvət kimi istifadə etməyə qərar vermişdilər. Denni özünə 19 mln dollara ev, eləcə də Nyu-Yorkda 18 mln dollara mənzil almışdı.

Kozlovski və Şvarts tərəfindən dəyən ümumi zərər 1,6 milyard dollar səviyyəsində qiymətləndirilir ki, bunun da nəticəsində onların hər birinə 25 il həbs cəzası verilmişdi.

9. Bernard Madoff

Sərvəti: 820 mln dollar

Madoff tarixin ən iri maliyyə piramidasının sahibidir. 1960-cı ildə əsası qoyulan “Madoff Investment Securities” əmanətçilərin böyük inamını qazanmışdı.

Şirkət 2008-ci ilin maliyyə böhranının ən qızğın vaxtında iflasa uğradıqdan sonra bir neçə milyon insan və böyük maliyyə təşkilatları zərər çəkmişdi. Madoff isə layiq olduğu cəzanı almışdı: məhkəmə onu 150 il həbs cəzasına məhkum etmişdi.

8. Xoakin Qusman

Sərvəti: 1 mlrd dollar

Kriminal aləmdə El Çapo (Cırtdan) ləqəbi ilə tanınan meksikalı milyarder cinayətkar Xoakin Qusman Loera bir neçə həbsxanadan qaça bilib.

Sonuncu dəfə isə Qusman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub. Hazırda isə Koloradonun (ABŞ) ən gücləndirilmiş rejimli (Administrative Maximum Facility, ADX) həbsxanasında cəzasını çəkir.

Usama Ben Laden öldürüldükdən sonra dünyada ən axtarılan cani “Cırtdan” olmuşdu.

Qusman ən iri narkokartel olan “Sinaloe”nin lideri idi. ABŞ hakimiyyəti onun başına 5 mln dollar məbləğində mükafat təyin etmişdi. Bu, narkomafiya ilə beynəlxalq mübarizənin tarixində ən iri mükafatlardan biri idi.

7. Аl Kapone

Sərvəti: 1,3 mlrd dollar

ABŞ -ın mütəşəkkil cinayətkarlığının bəlkə də ən parlaq nümayəndəsi olan Al Kapone mebel biznesin adı altında butleqerliklə, qumarxana biznesi, Çikaqo ərazisində qadın alveri və s. ilə məşğul olurdu. Kapone “Metropole” hotelində gününə 1500 dollar ödəməklə beş otaqlı lüks nömrədə yaşayırdı.

Kapone cinayət imperiyasının köməyi ilə həftədə 100 min dollar qazanırdı. Mafiozinin pul sərf etmək istəmədiyi yeganə sahə vergi idi və məhz buna görə də həbsxanaya düşmüşdü. Kapone azadlığa çıxdıqdan sonra 1947-ci ildə Floridada öz evində sifilisin səbəb olduğu infarktdan ölüb.

6. Allen Stenford

Sərvəti: 2 mlrd dollar

Məşhur maliyyəçi və xeyriyyəçi, professional idman sponsoru Allen Stanford fırıldaqçılığa görə həbs olunmuşdu.

Stanford 1993-cü ildən “Stanford Financial Group” kimi tanınan maliyyə imperiyasının rəhbəri və yeganə sahibi idi. Şirkət artıq 2008-ci ildə 50 mlrd dollarlıq aktivləri idarə edirdi.

Texaslı milyarderə 2012-ci il iyunun 14-də əmanətçilərin 7 mlrd dollardan çox itirdikləri maliyyə piramidasının yaradılması ittihamı ilə 110 il həbs cəzasına verilib. “Ponçi sxemi” adlandırılan piramidanın təsisçisinin özü isə günahını etiraf etməmişdi.

5. Leona Helmsli

Sərvəti: 2 mlrd dollar

Leona Helmsli xəsisliyin kraliçası adlandırılıb və hətta onun haqqında eyni adlı film çəkilib. ABŞ-da ən iri mehmanxana imperiyasının sahibi “vergiləri yalnız kiçik adamlar ödəyirlər” kimi qalmaqallı fikirləri ilə tanınır.

Leona vergiyə cəlb edilməyən biznes xərclərinin qrafasına şəxsi ehtiyacları üçün olan xərcləri daxil etmişdi ki, buna görə də həbsxanaya düşmüşdü. Deyilənlərə görə, o, 12 milyon dollarlıq sərvətini itinə vəsiyyət etmişdi.

4. Karlos Enrike Leder Rivas

Sərvəti: 2,7 mlrd dollar

Karlos Leder avtomobil oğurluğundan Medelin kartelinin təsisçisinə kimi böyük bir “karyera” qura bilmişdi.

O, kokainin Kolumbiyadan ABŞ-a Cənub-Şərqi Asiya vasitəsilə çatdırılması üçün çox səmərəli bir sistem yaratmış və kokaini hətta orta sinif nümayəndələri üçün də əlçatan etmişdi.

Bahama arxipelaqının Normans-Key adası gündəlik 300 kq-a qədər narkotikin ötürüldüyü keçid bazasına çevrilmişdi.

Lederi, həmçinin 70-ci illərdə ABŞ-da kokain epidemiyasının atası adlandırırdılar. O, “ilk doz pulsuz” üslubunda promouşen-aksiyasının müəllifi olub. Narkobaron Eskobarın yaxın dostu və qayını idi.

Bəzi hesablamalara görə, oraya saatda 300 kq-a qədər kokain gətirilirdi. Leder hakimiyyətə əsl müharibə elan etmişdi.

Yüzdən çox jurnalist, minlərlə polis əməkdaşı öldürülmüşdü. Leder hər öldürülmüş jurnalist və ya polisə görə cinayətkarlara 4 min dollar mükafat verirdi. Bu isə təbii ki, hakimiyyətin xoşuna gəlmirdi. Nəhayət, o, tutularaq ABŞ-a təhvil verilmişdi.

Leder hazırda ABŞ-da həbsxanadadır. Ona ömürlük və 135 il müddətinə həbs cəzası verilib.

3. Hun Sa

Sərvəti: 5 mlrd dollar

Birmanın hərbi rəislərindən biri olan Hun Sa 60-cı illərin ortalarında cəngəllikdə 800 nəfərlik ordu ilə birlikdə yoxa çıxmış və tiryək yetişdirməyə başlamışdı. Bütün şəhər də bu işə cəlb olunmuşdu.

“Şöhrətinin” zirvəsində Hun Sa bütün dünya dövriyyəsinin 3/4-nü istehsal etməklə ən böyük heroin taciri sayılırdı.

Tiryək kralı və Ölüm Şahzadəsi ləqəbli Hun Sa adi narkobaron deyil, Myanma, Laos və Tailandın sərhədində öz dövlətini yaratmağa qadir olan Birman müxalifətinin liderlərindən biri idi.

Narkobaron Birmada yaşasa da, onun tiryək və heroin axınının əsas hissəsi ABŞ-ın payına düşürdü.

Hakimiyyət orqanları ilə bir neçə qarşıdurmadan sonra Hun Sa 1969-cu ildə tutulmuşdu, lakin 1973-cü ildə girov müqabilində azad edilmişdi.

O, bir müddət dünyada heroin bazarının 75%-nə nəzarət edir, müntəzəm ordu ilə uzun müddətli partizan döyüşləri aparırdı. Onun başına isə Amerika hökuməti 3 milyon dollar məbləğində mükafat təyin etmişdi.

Amerikada narkobaronu Ölüm Şahzadəsi adlandırırdılar, lakin onu eləcə də tuta bilməmişdilər. Hun Sa ABŞ-a təhvil verilməyindən ehtiyat edərək, 1996-cı ildə özü könüllü olaraq Birma hakimiyyətinə təslim olub.

Nəticədə, Hun Sa həyatının qalan hissəsini Ranqunda şərti həbs altında yaşayaraq 2007-da ölüb.

2. Amado Karilyo Fuentes

Sərvəti: 25 mlrd dollar

Bu meksikalı ABŞ, Argentina, Çili və Meksikada narkotik ticarətinin təşkili üzrə fəaliyyəti ilə məşhurlaşıb.

Onun bu biznesdə ilk uğurlu addımı nağd puldan tam imtina etməyi idi. O, ödənişlərin elə kokainlə edilməsinə üstünlük verirdi ki, bundan da özünün narkotik yaymaq şəbəkəsini yaratmaqda istifadə edirdi.

80-ci illərin sonlarında kolumbiyalıların bu biznesdə təsiri azalmağa başlayır, lakin Fuentes çevik tərpənərək Meksikada özünün Xuaress kartelini yaradır. Kartel tez bir zamanda böyük nüfuz qazanır ki, onun gündəlik dövriyyəsi də 30 mln dollar təşkil etməyə başlayır.

İlk dəfə olaraq Fuentes kokaini yaymaq üçün hava donanmasından istifadə edib. Kartelin parkında Peru, Boliviya və Kolumbiyaya uçuşlar edən 700-dən çox təyyarə var idi.

Fuentesin öz şəbəkəsi isə 25 milyard dollar məbləğində qiymətləndirilirdi.

“Amando” əməliyyatları ona hakimiyyətin diqqətini cəlb edə bilməzdi. Belə ki, bu əməliyyatlar nəticəsində, o, olduqca qısa bir zamanda dünyanın ən çox axtarılan adamlarından birinə çevrildi.

Məhz buna görə də Fuentes 1997-ci ildə görünüşünü dəyişdirmək üçün plastik əməliyyatlara müraciət etməli oldu.

Lakin həkimlər səhvə yol verdilər ki, bu da həm Fuentesin, həm də elə onların özlərinin də ölümü ilə nəticələndi. Deyilənlərə görə, cərrahların cəsədləri neft məhsulları olan çəlləklərdə tapılmışdı.

Fuentesin işini isə onun qardaşı və oğlu davam etdirmişdi.

1. Pablo Eskobar

Sərvəti: 9 mlrd dollardan 30 mlrd dollara qədər

Medelin narkokartelinin banisi Pablo Eskobar tarixin bir nömrəli narkobaronudur. Ona heç də ən ağıllı narkotacir demək olmazdı. Sadəcə olaraq Eskobar ən amansız avtoritet idi ki, bununla da istədiklərinə nail olurdu.

Xarabalıqlarda böyüyən Pablo orta məktəbdən qovulmuşdu. Eskobar əvvəlcə qəbiristanlıqdan məzar daşlarını oğurlamağa başlamış, sonra isə avtomobil qaçırmaqla və reketlə məşğul olan dəstə yaratmışdı.

1972-ci ildə Pablo cəmi 23 yaşında olarkən Medelinin ən məşhur kriminal avtoritetlərindən birinə çevrildi.

Elə həmin ərəfədə də ABŞ-da kokain bumu baş qaldırdı və Eskobar cəld yeni işə başladı. O, 1977-ci ildə digər üç böyük tacirlə birlikdə Medelin narkotik kartelini qurdu.

Medellin kartelinin rəhbəri imperiyanı Kolumbiyada kefi istəyən şəkildə idarə edir, ona meydan oxumağa cəsarət edən hər kəsi isə aradan götürürdü. Nəticədə, 30 hakim, 400-dən çox polis öldürülmüş və 203 reysinin “Avianca” təyyarəsi partladılmışdı. O düşünürdü ki, həmin təyyarədə Kolumbiya prezidentliyinə namizəd uçur, halbuki həmin şəxs təyyarəyə minməmişdi. Onun bu səhvi ucbatından 107 dinc vətəndaş həlak olmuşdu. Hesab edilir ki, onun əmri ilə 3 mindən artıq insan qətlə yetirilib.

Dünya kokain bazarının 4/5-ü Eskobarın əlində cəmlənmişdi. Onun bu biznesdən əldə etdiyi illik gəlir 30 mlrd dollar məbləğində dəyərləndirilirdi.

Qeyd edək ki, əhalinin dəstəyini qazanmaq üçün Eskobar kasıblar üçün evlər və stadionlar tikdirir, yollar çəkirdi.

Pablo 80-ci illərdə siyasi fəaliyyətinə başlamış, lakin Medellinin hüdudlarından kənarda sadəcə “şübhəli şəxsiyyət” olduğunu başa düşərək yeni terror dalğasına başlamışdı. Nəticədə, ABŞ və Kolumbiya tərəfindən təqib olunmağa başlamışdı.

ABŞ-da ekstradisiyasından qorxaraq, o, 1991-ci ildə Kolumbiya Hakimiyyəti ilə təslim olmaq barəsində saziş bağlamışdı. Ancaq bu, heç nəyi dəyişmədi: Eskobar gecə klublarında və stadionlarda gəzir, işlərini davam edirdi.

Nəticədə, hakimiyyət cinayətkarı əsl həbsxanaya köçürmək qərarına gəlir. Təəccüblü deyil ki, tezliklə narkobaron qaçır. Kolumbiyada, hətta Eskobarın ziyan vurduğu insanlar tərəfindən xüsusi qrup yaradılır. Onlar hər hansı bir şəkildə Pablo ilə əlaqəsi olan hər kəsi təqib və məhv etməyə başlayırlar. Eskobarın malikanələri və evləri yandırılır, hakimiyyəti get-gedə zəifləyri və 1993-cü ildə isə Kartel də dağılır.

Eskobarın sözün həqiqi mənasında ovuna başlanılır. O, ailəsini bir ildən artıq görmədiyi üçün arvadına zəng edir və beləliklə də, özünü ələ vermiş olur. Kolumbiya və Amerika xüsusitəyinatlılarının birgə əməliyyatı nəticəsində, o, 2 dekabr 1993-cü ildə öldürülür.

Eskobar haqqında çoxlu əfsanələr gəzir. Medellinin özündə o, hörmətə layiq bir insan olaraq qalır. Deyilənlərə görə ki, Pablonun özü deyil, onun oxşarı öldürülüb. Digər gözəl hekayədə isə bildirilir ki, Eskobar uşaqları ilə birlikdə gecəni dağlarda keçirməli olanda, isinmək üçün təxminən 2 milyon dollar yandırmışdı. (bizimyol.info)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …