Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Tanınmış jurnalist qardaşının qətli ilə bağlı verilən qərardan narazıdır – Foto

Tanınmış jurnalist qardaşının qətli ilə bağlı verilən qərardan narazıdır – Foto

Jurnalist, tanınmış teleaparıcı  Pərvanə Sabirqızı qardaşının ölümünə səbəb olan şəxslə bağlı məhkəmənin verdiyi qərardan şikayətçidir.

Lent.az-ın məlumatına görə, jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ədalətsiz hesab edir:

‘’Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən məhkəmənin qardaşımın ölümü ilə bağlı iş üzrə verdiyi qərar ədalət mühakiməsinə parodiyadır. Məhkəmə-tibb ekspertizası ölüm səbəbinin mərhumun baş nahiyyəsinə aldığı küt travma nəticəsində beyin toxuması və qişaları altına qansızması olduğunu müəyyən etmişdi. Faktla bağlı Pərviz Həbibovun nişanlısının qardaşı Ələkbər Ağakişiyev CM 126.3. maddəsi ilə (qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət məsuliyyətinə cəlb edilmiş, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Fəqət hakim Əlövsət Abbasovun sədrliyi ilə işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi əməli CM-nin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edərək, Ələkbər Ağakişiyev haqqında məntəqə tipli cəza rejimilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verdi”.

Pərvanə Sabirqızı bildirib ki, qardaşının ölümü onu sarsıdıb:

“Hüquq-mühafizə orqanlarının başlatdığı bu işin ibtidai istintaqından tutmuş məhkəmə qərarına qədər hər mərhələsi mənim mənəvi sarsıntılarımı daha da çoxaltdı. Üsyanım qardaş itkisindən ağır ruhsal travma almış bir bacının subyektiv zəminli duyğusallığı kimi görülməməlidir. Beynimi daim məşğul edən ciddi əsaslı suallar var:

1) Bir gənci döyərək bütün ömründən məhrum etməyə görə sadəcə 2 il müddətinə, həm də çox yüngül rejimlə azadlıqdan məhrumetmə kimi cəza kəsmək ədalət anlayışına lağ etmək deyilmi?

2) Günlərcə sonra beyin qansızmasından ölən qardaşımın ölmədən əvvəl nişanlısına yazdığı vatsap ismarıclarında hadisə yerində qarşısında 3 nəfərin olduğunu, onlardan ən az ikisinin ona vurduğunu, hətta ikincisinin adını çəkərək zahiri görünüşünü təsvir edib, üçüncüsünün də məhkumluq keçmişi haqqında bildiyini yazdığı halda, cinayət məsuliyyətinə yalnız bir nəfərin cəlb olunmasını necə qavrayım axı? Nişanlısının təkidilə vəhşicəsinə döyüldüyünü hüquq-mühafizə orqanlarından gizlətmək məqsədilə tibbi yardım almayan, səhhətinin vəziyyətini hətta məşhur həkim olan atamıza (Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tibb elminin inkişafında göstərdiyi xidmətlərə görə Sabir Həbibovu fəxri diplomla təltif edib – redaksiya) söyləməyən qardaşımın vatsap mesajlarında yazdıqlarına inanmamaq üçün məhkəmənin nə əsası ola bilərdi axı?

3) Üç nəfərin bir insanı təkləyərək onu bir məkandan uzaqlaşdırıb, başqa bir yerdə ona yetirdikləri xəsarət nəticəsində hadisə yerində təklənmiş insan ölürsə, üstəlik, o şəxslərdən məsuliyyətə cəlb olunanı ilk zərbələrindən sonra yerə yıxılmış zərərçəkənə sonra da vurmağa davam etdiyini ifadələrinin birində etiraf edibsə, bu gedişatı ehtiyatsızlıq kimi dəyərləndirmək hüququn prinsipləri bir yana, insan ağlına, məntiqinə həqarət deyilmi? Bu suallar bir qardaş itkisinin ağrısını daha da dözülməz səviyyəyə çatdırır, bizim ədalət anlayışına inamımız sınanır. Bu işin məhkəmə istintaqı davam edərkən cənab İlham Əliyevin incəsənət və mədəniyyət xadimlərilə görüşündə məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac duyulduğunu ifadə etməsi bu zərurəti yaşayaraq öyrənən bizlər üçün hər kəsdən daha fərqli əhəmiyyət daşımışdı. AR Prezidenti məhkəmə-hüquq sistemində islahatların dərinləşdirməsi haqqında 3 aprel tarixli fərmanında məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və digər prinsiplərə dönmədən riayət etmələrini tövsiyə etdi. Bu fərmandan qısa müddət sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin bu iş üzrə belə qərar qəbul etməsi bəhsini etdiyimiz islahatlara kölgə düşürmək cəhdidir. Bununla belə mən də, Rusiyanın əməkdar həkimi adını qazandıqdan sonra cəmiyyətimizə xidmət etmək üçün vətənə dönən atam Sabir Həbibov da Azərbaycanın hüquq dövləti olduğuna əminliyimizlə, ölkə rəhbərliyi və ictimaiyyətimizin diqqətini də bu məsələyə çəkərək ədalətin zəfərinə nail olacağımıza inanırıq. Elə buna görə də nə birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsində dispozisiyalarında bəzi oxşarlıqlar olan maddələrlə manipulyasiyasına, nə təqsirləndirilən şəxsin idman sahəsindəki statusuna güvənərək müxtəlif kanallarla məhkəmə qərarına təsir ehtimalına, nə onun bəzi ailə üzvlərinin  bu işin qulpunu buraxmaq üçün mənə ünvanladıqları hədələrə, nə də işin fərqli mərhələlərində ziddiyyətli ifadələr verən tək şahidimizin prinsipsizliyinə baxmayaraq, ədalət naminə qanuni mübarizəmizi davam etdirəcəyik”.

Məsələ ilə bağlı Pərvanə Sabirqızı qardaşı və onun nişanlısının arasındakı telefon yazışmalarını redaksiyamıza göndərib. Lakin istintaq sirri olduğundan Lent.az həmin materialları hökm qanuni qüvvəyə minənədək təqdim edə bilmir.

Qeyd edək ki, Ələkbər Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir. Mərhumun ailəsi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

...

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …