Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə “Tərtər işi” üzrə daha bir qrupun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Müttəhimlər kürsüsünə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, o dövrdə müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərov çıxarılıblar.
İş üzrə 185 nəfər hərbçi zərərçəkən qismində tanınıb.
Hakim Zeynal Ağayev prosesdə iş üzrə zərərçəkmiş Babək Baxşəliyevin hüquqi varisi, qardaşı Bəhruz Baxşəliyevin Məhkəmə Hüquq Şurasına, Ali Məhkəmə sədrinə ünvanaladığı məktubu elan edib.
Məktubunda Bəhruz Baxşəliyev məhkəmənin qeyri-obyektiv aparıldığını, əsas günahkarlar– general Hikmət Həsənov, köməkçisi Fuad Ağayev, hərbi hissə komandıri polkovnik Teymur Məmmədovun, Qiyas Abbasov və digərilərinin dəfələrlə vəsatət qaldırmalarına baxmayaraq, istintaqa cəlb edilmədiklərini qeyd edib. Bildirib ki, belə bir vəziyyətdə məhkəmədə iştirak etməyi mənasız sayır. Qeyd edir ki, əsas cinayətkar olan bu şəxslərin istintaqa, məhkəməyə cəlb edilcəyi halda prosesə qatılacaq. Hazırkı halda məhkəmədə iştirak etməkdən imtina edir. Məktub elan ediləndən sonra Bakıda, Biləcəri qəsəbəsində yerləşən hərbi polis şöbəsinin rəisi Bəhruz Musayev şahid qismində ifadə verdi.
Məhkəmədə şahid qismində ifadə verən tabor komandiri, mayor Daşqın Süleymanov bildirib ki, aprelin 30-da Turan İbrahimovun itkin düşməsi barədə məlumat alıb və onun axtarışlarına başlayıb. Onu tapandan sonra köhnə qərargaha aparıblar. Orada nə baş verdiyindın sonradan xəbər tutub. Bilib ki, ora aparılan şəxsi heyətə işgəncə verilir.
İşgəncələr zamanı həyatını itirən mərhum Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, onun oğlunu da Daşqın Süleymanov aparıb:
-Anar Allahverdiyevlə bizə gəliblər. Daşqın bizə dedi ki, qurbanlıq quzu axtarırlar. Niyə yalan deyirdin?
-Teymur Məmmədov göstəriş vermişdi ki. Elçin Quliyevi gətirin. Mən də onu sizə deməmək üçün belə bir söz dedim.
-Bəs işgəncədən 1 həftə zorla su maşınını niyə oğluma verirdin?
-O normal hərbi qulluqçu idi. Ona görə də ona verirdim ki, maşını dağıtmayacaq.
-Axı oğlum heç o çörək maşınına xərclədiyi 3 min manat borcu verib qurtarmamışdı. Niyə apardın mənim oğlumu?
-Mənə tapşırıq verilmişdi.
-O siyahıları kim tərtəib edirdi?
-Bilmirəm.
-Hikmət Həsənov mənim oğlumu haradan tanıyırdı ki, adını da siyahıya sala?
-Bilmirəm.
-Ən ağır işgəncə sizin rəhbəri olduğunuz taborun şəxsi heyətinə verilib. Niyə buna etiraz etmirdiz?
-Bizə qulaq asan vardı?
2017-i ildə işgəncələrlə öldürülən zabit Təmkin Nizami oğlunun atası Nizami Quliyev də şahidə bir neçə sual verib. Soruşub ki, onun komandiri olduğu tabordan 100-ə yaxın hərbçi işgəncələrə məruz qaldığı halda, onlardan 4 nəfəri işgəncələrlə öldürüldükləri zaman o niyə susub? Deməyib ki, onun taborundan erməniyə işləyənlər yoxdur?
Şahid bildirib ki, onun özünü də o zaman aparmaq istəyiblər. Son anda hərbi hissə komandiri Teymur Məmmədov onu aparmağa gələnlərə geri qayıtmaları göstərişini verib.
Şahidlər Tamerlan Bəşirli və İlham Hüseynov ifadə verəndən sonra proses növbəti həftəyə qədər təxirə salınıb.