Yolumuz Sumqayıta düşmüşdü. Qətiyyən alış-veriş etmək fikirimiz də yox idi. Təsadüfən qabağımıza çıxan “Qayalı” adlı hipermarketi görəndən sonra fikirimizi dəyişdik. Bu adda marketi görəndə, belə qərara gəldik ki, Sumqayıtdan da alış-veriş edək görək, Bakıdan nəyi ilə fərqlənir… Həm də bu adda marketdəki ucuzluqla bağlı sosial şəbəkələrdə edilən çoxsaylı reklamların cazibəsi də bizdə bu adda marketlə yaxından tanış olma həvəsi yaratdı. Market bir neçə mərtəbədən ibarətdir. İstənilən məhsullarla bağlı bol çeşidlər var.
İşçilərin vahid forması yerindədir. Sabun, şampun , yuyucu tozu, diş pastalarına aid qiymətlərdə nisbətən ucuzluq müşahidə edilir. Ərzaq qiymətləri isə, demək olar ki, Bakıdakı marketlərlə eynidir. Mağazanın bəzi bölmələrində çalışan xanım işçilərin müştərilərlə olduqca kobud davranışlarının şahidi olduq. Səbəbini soruşduqda, satıcılardan biri bunu təzyiqinin qalxdığını ilə izah etdi.
Müxtəlif çeşidli malları seçib kassaya yaxınlaşırıq. Müştəri çoxluğu səbəbindən kassada uzun növbələr vardı. Nəhayət, növbəmiz çatır və mallarımızın qiyməti 94.50 qəpik edir. Gülə-gülə kassadakı qıza, “axı, elə bil bir az baha oldu “ deyirik. Yumor hissindən məhrum satıcı xanım bizə sifətini turşudaraq, acı bir cavab verir. Məhz bu rəftar bizdə şübhə yaratdığı üçün , çeki gözdən keçiririk. Qiyməti 5 manata yaxın olan “Zefir” adlı bir məhsul adına rast gəlirik.
Belə bir adda məhsulun nə olduğunu yadımıza sala bilmədiyimiz üçün, çek əlimizdə yaxınlaşırıq marketə. Bizi kamera olan balaca bir otağa keçirirlər. Çekə etiraz bildiyimizi eşidən kimi, darısqal otağa idmançı cüsəli bir neçə adam daxil olur və tərs-tərs bizə baxır. Sanki bir atmosfer yaratmağa çalışırlar ki, burada şikayət edənin başını əzərik. Bunu sözlə ifadə etməsələr də, hərəkətləri bu qənaətə gəlmək üçün tam əsas verirdi.
Nəhayət, kamerada “zefir” adlı məhsulun nə olduğunu bizə göstərirlər. Biz həmin adda məhsulun nə olduğunu və necə aldıqlarımızın arasına düşdüyünü yadımlza sala bilmədiyimizi deyirik. Hundürboy, keçəl başında “şramı” olan bir şəxs kobud tərzdə “get, aldıqlarınızı bura gətir, sənə göstərək “Zefir” nədir”, əmrini verir. Onun bu kobud təklifinə etiraz etdikdə, bir nəfəri çağırır “get, bunların maşınına bax gör, bu “Zefir” nədi…” Cavan oğlan maşının “baqajındakı” alınanların içindən “zefiri” tapıb bizə göstərir. Həmin məhsulun bizə lazım olmadığını deyib, geri qaytarılmasını tələb edirik. Bir neçə dəqiqədən sonra həmin işçi “zefiri” geri qaytarıb, pulumuzu verir.
Bu mənzərəyə şahidlik edəndən sonra, sözügedən marketlə bağlı kiçik bir araşdırma apardıqda maraqlı faktlar üzə çıxdı. Son vaxtlar ölkənin bütün bölgələrində öz filiallarını açan bu şəbəkənin sahibi əslən Qubadlı rayonunun Qayalı kəndindən olan İdris Quliyevdir.
Saytlarda bu market haqqında gedən maraqlı məlumatı diqqətinizə çatdırırıq: “Sumqayıtda “Gold Qayali” ticarət mərkəzində 3 yeniyetmə energetik içki və şokolad oğurlayıblar.
Onların bu hərəkəti ticarət mərkəzində olan müşahidə kameralarına da düşüb. Yeniyetmələrdən birinin dayısı Ramiz Nərimanov mediaya deyib ki, onun bacısı oğlunu bir neçə saat mağazada girov saxlayıblar”.
Biz oğurluq etməsək də, kobud rəftarla rastlaşdıq. Deməli, bu marketdə müştəri məmnuniyyəti deyilən məsələ qətiyyən nəzərə alınmır.
“Qayalı” supermarketlər şəbəkəsinin sahibi İdris Quliyev adı mediada daha bir qalmaqalda hallanıb. Bildirilir ki, o, xəstəlik adı ilə hərbi xidmətdən yayınan Məhəmməd adlı oğluna pandemiya dönəmində Sumqayıtda yerləşən “Green House” şadlıq sarayında 3 gün toy edib.
Yaxşı olardı ki, hörmətli İdris müəllim Sumqayıtdakı “Qayalı” marketdəki qolu zorbalı dəstəsinin davranışlarına bir qədər çəki-düzən versin. Ora boks rinqi deyil ki, müştərilərə əzələ nümayiş olunsun. Söylənənlərlə bağlı “Qayalı” marketin də mövqeyini dinləməyə hazırıq.
Azinforum.az