Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Sumqayıtda itləri kim güllələyib? – Fotolar

Sumqayıtda itləri kim güllələyib? – Fotolar

Sumqayıt şəhərində itlərin güllələnməsi davam edir. 

Bu barədə “Qafqazinfo”ya məlumatı Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin meneceri Fərid Mansurov verib. O, güllələnmiş heyvan cəmdəklərinin və əlində silah olan şəxslərin fotolarını da redaksiyamıza göndərib. F.Mansurovun iddiasına əsasən, İcra Hakimiyyəti ilə dəfələrlə danışıqlar aparılsa da, son günlərdə xeyli sayda küçə iti güllələnib:

“Heyvansevərlər olaraq İcra nümayəndələri ilə dəfələrlə görüşmüşük. Hətta onları  vintovka və yuxu dərmanı ilə də təmin etmişik. İcradan bizə söz verilmişdi ki, küçə heyvanları üçün poliqon ayrılacaq və güllələnmə olmayacaq. Ancaq buna baxmayaraq günün günorta çağı heyvanlar güllələnir.

Nə beynəlxalq normalara, nə də ki İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə məhəl qoyulur. Bu, açıq aşkar qanun pozuntusudur. Heyvansevərlər olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət məktubu göndərəcəyik. Nə qədər danılsa da, faktlar göz qarşısındadır”.

Qeyd olunan məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev “Qafqazinfo”ya bildirib ki, hazırda bu görüntülərin harada və nə zaman çəkilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır:

“Ümumiyyətlə, son illərdə Sumqayıtda sahibsiz itlərin öldürülməsi ilə bağlı faktlara rast gəlinmir. Çünki son illərdə bu məsələ xüsusi diqqət mərkəzində saxlanılır. İnsanların təhlükəsizliyini nəzərə alaraq şəhərin kənarında sahibsiz itlər üçün müvafiq yer ayrılıb. Sahibsiz itlər Sumqayıt şəhər Təmizlik Departamenti işçiləri tərəfindən tutulur və onlar üçün ayrılmış xüsusi ərazidə saxlanılır”.

 



Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …