Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / SPAR ŞƏBƏKƏSİ  AZƏRBAYCANIN REYTİNQİNİ YÜKSƏLTDİ –  BEYNƏLXALQ HESABAT

SPAR ŞƏBƏKƏSİ  AZƏRBAYCANIN REYTİNQİNİ YÜKSƏLTDİ –  BEYNƏLXALQ HESABAT

Azərbaycanın turizm sahəsində cəlbedici imicinin yaradılması üzrə səylər bəhrəsini verməkdədir. Elan edilmiş Pərakəndə satışın inkişafı üzrə qlobal indeksdə (A.T. Kearney Global Retail Development Index Ranking – GRDI) tədqiqatçılar Azərbaycanı 10-cu yerə layiq görüb.
Əvvəlcə qeyd edək ki, GRDİ özündə yalnız 30 aparıcı inkişaf etməkdə olan ölkəni əhatə edir. Tədqiqat müəllifləri qeyd edir ki, son 15 il ərzində inkişaf edən bazarlar həm 21 faizlik artım nümayiş etdirib (6,2 milyard nəfərə qədər) əhalinin sayı baxımından həm də 350 % artmış pərakəndə satış nöqteyi-nəzərindən böyük inkişaf yolu keçiblər və hazırda qlobal pərakəndə satış həcminin yarıdan çoxunu təşkil edirlər.
İndeks 25 müxtəlif göstəriciyə əsasən tərtib edilir. Tədqiqatın unikallığı ondadır ki, yalnız bu gün ən cəlbedici bazarları müəyyən etməklə yanaşı, öz potensialını gələcəkdə göstərəcək bazarları da nəzərə alır.
Azərbaycana gəlincə, tədqiqatçılar hesab edir ki, ölkədə pərakəndə satışın ümumi həcmi 17 milyard dollar təşkil edir. Məhz sürətlə inkişaf edən turizm sahəsi Azərbaycana reytinqdə 10-cu yerə qalxmağa imkan verən hərəkətverici qüvvədir.
Ekspertlərin fikrincə, hökumət turistləri cəlb etmək üçün xeyli iş görür. Hakimiyyət reklama vəsait sərf etməklə ölkə paytaxtı Bakının təmtərağını qeyd edir. Bundan əlavə, milli valyutanın məzənnəsinin aşağı düşməsi də böyük rol oynayıb. Xarici turistlər üçün Azərbaycanda istirahət devalvasiyaya qədərki vaxtdan daha əlçatan olub.
GRDİ tərtibçiləri hesab edir ki, 2016-cı ildə keçiriləcək əlamətdar hadisələr də öz sözünü deyir. Onların sırasında “Formula-1” yarışı da var.
Təfərrüatlara varan GRDİ-də qeyd ediblər ki, Bakıda geyim satışının artımı ötən illərlə müqayisədə azalıb. Buna səbəb kimi ekspertlər tamamilə, yaxud qismən də olsa, bəzi brend mağazaların filiallarının bağlanmasını göstərib. Lakin bu seqmentdə lüks və orta sinfə aid yeni iştirakçılar da var.
Bakıda baqqaliyyə inkişaf edir. 2015-ci ildə SPAR mağazalar şəbəkəsinin, ərzaq sahəsində ilk iri beynəlxalq oyunçunun bazara daxil olması böyük hadisə kimi yadda qalıb. Yaxın 3 ildə Azərbaycanda 30-a qədər mağazanın açılması gözlənir.
Ermənistandan fərqli olaraq Azərbaycan, doğrudan da, reytinqdə ciddi irəliləyişə nail olub. 2014-cü ildə bu reytinqdə Ermənistan 6-cı, Azərbaycan isə 30-cu idi. Bir il sonra isə Ermənistan 10-cu, Azərbaycan 22-ci olmuşdu. Bu il Azərbaycan 10-cudur, Ermənistan isə, ümumiyyətlə, siyahıda yoxdur.
O ki, qaldı reytinqin liderlərinə, ilk yeri Çin tutur, ikinci yerdə Hindistan, sonrakı pillələrdə isə Malayziya, Qazaxıstan və İndoneziya yerləşib. Sonuncu – 30-cu yer Misirə aiddir. Azərbaycan reytinqdə Rusiya (22-ci yer), Braziliya (20) və Rumıniya (24) kimi ölkələri geridə qoya bilib.
Göründüyü kimi, aparılan araşdırmanın nəticəsi olaraq, Azərbaycan hətta dünyanın turizm sahəsində ən inkişaf etmiş ölkələri sayılan Misiri və Rusiyanı belə arxada qoyub. Bu uğur nəyin sahəsində əldə olunub?
Turizm üzrə ekspert Vəfa Mirzəyeva “bakı-xeber”-e açıqlamasında bildirdi ki, Azərbaycanın bu sahədə önə çıxması birbaşa dövlətin bu sahəyə göstərdiyi qayğı ilə bağlıdır:

“Turizm baxımından Azərbaycan olduqca cəzbedici bir ölkədir. Burada turistləri cəlb edən istənilən infrastruktur mövcuddur. Azərbaycan həm Qərb, həm də Şərq mədəniyyətini özündə birləşdirir. Ölkəmizin təbiəti istənilən fəsil turizmi üçün cəzbedicidir. Burda həm isti yay olur, həm də əlverişli qış. Ölkənin böyük bir hissəsi dənizlə əhatə olunub. Azərbaycan digər ölkələrlə müqayisədə bir qədər gənc ölkədir. Buna baxmayaraq, qısa müddət ərzində ciddi uğurlara imza atıb. Çox gözəl otel infrastrukturu yaradılıb. Hətta 5 ulduz otellərin sayı bir qədər çox olduğu səbəbindən, ölkə başçısının tapşırığı əsasında bölgələrdə aşağı ulduzlu otellərin tikintisinə də start verildi. Etiraf edək ki, turizm obyektlərimizdəki qiymətlər bir qədər də aşağı salınsa, bizim göstəricimiz daha da artar. Builki tələbatın artması milli valyutanın dollar qarşısında ucuzlaşması ilə bağlıdır. Hazırda dollarla Azərbaycana gələn turist daha çox vəsait əldə edə bilir. Bu amilin də rolunu vurğulamaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın