Ana səhifə / Kriminal / “Sözümü deyib, özümü öldürəcəm”- AzTV rəhbərinə sui-qəsd işində yeni məlumatlar

“Sözümü deyib, özümü öldürəcəm”- AzTV rəhbərinə sui-qəsd işində yeni məlumatlar

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb.

Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Bu gün baş tutan prosesdə Zöhrab Şirinov vəkilin suallarına cavab verərkən istintaq zamanı işgəncəyə məruz qaldığını deyib:

“Evimə baxış zamanı mən “bandotdel”də olmuşam. Polislər məni evdən apardılar, dedilər, rəis müavini çağırır. Mən yanvarın 14-də tutulmuşam, 29-na qədər “bandotdel”də qalmışam. Vəkilimi yanıma buraxmadığına görə qardaşım prokurorluğa teleqram vurub. həmin gecə məni xüsusi maşınla etap eləyiblər. Ertəsi gün yenə qaytarıb Mehman adlı birinə verdilər ki, bu sənin vəkilindi. Özləri nəyi istəyib, onu da yazıblar. Necə oldu üçümüz də 17-də eyni gündə yazdıq ərizəni. Yazan olsaydım, 14-də yazardım.

Məni yenidən dindirin, ərizəmi burada alın. Həmin təzyiqin ağrısını çəkirəm. Onurğa sütunum nə gündədir. Məni Canpoladın otağında döydülər. Onları yazmasaydım, indi burada ayaq üstünrə dura bilməzdim. Şücayəti 20 ildir tanıyıram. Niyə mən tanımadığım adamı öldürməliydim? Mənim bütün telefon danışıqlarımı çıxarıblar. Radarlar var, çıxarsınlar, görsünlər mənim maşınım oradan keçib, ya yox. Ayın 11-də evimdə usta işləyib, orada olmuşam. Müsabi ilə üzləşmə olub. Mən heç onu tanımamışam. Kamal deyib ki, buna-buna qol çək. Başqa yol yox idi, ya özümü öldürməliydim, ya da qol çəkməliydim. Amma belə görünür ki, özümü öldürəcəm. Sözümü deyib, öldürəcəm”.

Təqsirləndirilən şəxs indi də təzyiqlə üzləşdiyini iddia edir:

“Kürdəxanıda döymürdülər, amma elə təzyiqlər olurdu ki, döyməyə bərabər. Sovqat, görüş, telefon məhdudiyyətləri vardı. Orta məktəbdəki kimi qoyulurdu qarşıma, mən də onları təkrarlamalıydım. Vəkil qol çəkirdi, sonra mənə kağız gəlirdi. Kamal da mənə deyirdi ki, onsuz vəkilin qol çəkib, sənin nə deməyinin fərqi yoxdur”.

Arif Alışanovun vəkili təqsirləndirilən Zöhrab Şirinova sual verib. Amma Z.Şirinov suallara cavab verməkdən imtina edib. O söyləyib ki, zərərçəkmiş A.Alışanov məhkəməyə gəlməsə suallara cavab verməyəcək: “Vəkilin sualları mənə çatmır”.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …