Ana səhifə / Kriminal / SOSİAL – İQTİSADİ BÖHRANDAN NECƏ ÇIXAQ?

SOSİAL – İQTİSADİ BÖHRANDAN NECƏ ÇIXAQ?

Qazın və işığın bahalaşması ölkədə xeyli dərin narahatçılığa səbəb olub. Dərman preparatlarının da qiymətləri artıb. Sərnişin və yük daşımalarda da qiymət artımı anonsu verilib. Çörəyin, ətin, suyun, benzin, nəqliyyat gedişi haqlarının da qaldırılacağı gözlənilir. Manatın get-gedə devalvasiyasını və inflyasiyaları da nəzərə alsaq, vəziyyətin düzəlməsi əvəzində varlı-kasıblı bütün ölkə dərin sosial-iqtisadi böhrana girir.
Böhrana müqavimətsizliyin də əsas səbəbi ölkənin neft gəlirlərindən asılı olması və qeyri neft sektorunun lazımınca inkişafına nail olunmamasıdır. Yaranacaq sənaye və aqrar istehsal sahələri, sahibkarlıq neftin bu günkü qiymətinin kəskin düşdüyü halda çətinliyi üzərinə götürməli idi. Həm daxili bazarı stabilləşdirməli, həm xaricə ixracatdan ölkəyə valyuta gətirməli idi. Alınmadı. Səbəb – dövlətin vaxtikən imzaladığı “qeyri-neft sektoru inkişafı” xüsusi proqramına məsul məmurların yarıtmaz və hətta, ziyankar mövqe-fəaliyyətidir.
Hazırkı durumda atıla biləcək ilk addımlar kimi bunları hesab edirəm:
1. Ölkənin bu cür, gözləmədiyimiz və düşməli olmadığı dərin sosial-iqtisadi duruma düşməsinə səbəbkar məmurların ziyankar əməllərinin inzibati və istintaq yolu ilə araşdırılması. Bu işdə məsuliyyətli və təqsirli olanların layiqli və sərt cəzasız qalmaması.
2. Konstitusiyadakı yeni dəyişiklik imkanlarından yararlanaraq:
a) ölkənin iqtisadi sistemi dairəsindəki inzibati orqanlara daha güclü ümumi nəzarət və fəaliyyətin çevikləşməsi üçün, yuxarı vitse-prezident imkanından tezliklə istifadə edilməsi.
b) yaranmış yeni şəraitlə bağlı daha işlək, çevik, effektli Parlamentə ehtiyac olması nəzərə alınıb Milli Məclisin buraxılması. Milli Məclisə növbədənkənar yeni seçkilərin keçirilməsi.
3. Məhkəmə-hüquq sistemindəki ədalətsizlik və korrupsiya hallarının hər hansı təzahürünün qəti aradan qaldırılması məqsədilə əsaslı və sistemli tədbirlərin keçirilməsi. Ölkənin iqtisadi məkanındakı hər hansı monopoliya, rüşvət, məmur özbaşınalığı təzahürünün qanun və cəzanın bütün gücü ilə kökündən ləğv edilməsi.
4. Bahalaşmanın mənfi təsirini neytrallaşdırmaq məqsədilə təcili, mümkün qərar və dəyişikliklərin aparılması. Ölkədə orta və kiçik sahibkarlığın, hətta vergisiz fərdi sahibkarların belə (yəni, evində tum qovurub, şirniyyat bişirib küçədə satan tək, köməksiz qadından vergi alınmasın!) fəaliyyəti, durumu və inkişafına mane olan bütün inzibati əngəllərin ləngimədən götürülməsi.
5. Bahalaşmanın mənfi təsirinə daha kövrək, müqavimətsiz imkansız kasıb təbəqə və iş qabiliyyətsiz əlillərə kompensasiyalar ödənilməsi. Sosial və sair sferadakı azmaaşlı işçilərinin maaşlarının qaldırılması.
6. Nazirlər Kabineti və Vergilər Nazirliyinin, böhran dövrū ūçūn mūvəqqəti olaraq, aylıq 200-300 və ya maksimum orta əmək haqqı qədər gəliri olan kiçik sahibkarın vergi ödəmədən azad olması qərarı barədə dūşūnməsi.
Xalqımız səbri, müdrikliyi, bacarıq və zəhmətsevərliyi ilə tarixin bütün çətin dövrlərindən şərəflə çıxıb. Hər zaman möhkəmliyini, dövlətçilik və ümummilli birlik əzmini saxlayıb və əminəm ki, bundan sonra da belə olacaq. Qafqaz regionunun ən bərəkətli torpagi və ən işlək insanları bizdədir. Hələ sovetlər dövrūndə bizdən neft çixarılıb, bizə bir qara qəpik verilməyəndə, bu xalq bu torpağın və öz əllərinin hesabına lazımınca dolanıb yaşayırdı.
Sadəcə olaraq bu saat, bu xalqa maksimum imkan verilməlidir ki, yəni qəti mane olunmamalıdır ki, indiki davamlı ağır sosial-iqtisadi zərbələrin təsirinə qapılmayıb, şoka düşməyib hərəkət etsin. İnsanlarımız yerlərdə öz sərbəst istehsalını, ticarətini qursun. Bir-biri ilə sərbəst mübadiləsini, azad və rahat alış-verişini etsin ki, yaranmış müvəqqəti çətin durumda başını və bir-birini dolandırsın.
İmkan verək ki, bu xalq bu çətin gündə açılışsın, çalışsın, işləsin: özünü də, ölkəni də bu böhrandan çıxartsın!

İlqar ALTAY

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın