Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Kriminal / “Sonradan bildim ki, heç fəhlələrin də pulunu verməyib, onları da aldadıb…”

“Sonradan bildim ki, heç fəhlələrin də pulunu verməyib, onları da aldadıb…”

Bakıda “Ramiz usta” kimi tanınan Ramiz Hüseynov mənzilini, bağ evini təmir etdirmək istəyənlərin etimadını qazanaraq  onlara qarşı dələduzluq etməkdə günahlandırılır. Araşdırmalar zamanı məlum olub ki, bu, “Ramiz usta”nın ilk “əl işi” olmayıb. Bundan əvvəl də  Ramiz Hüseynov barəsində polisə şikayət olunub. Hətta törətdiyi əmələ görə hakim önünə də çıxarılıb. Bir müddət əvvəl isə Binəqədi rayon məhkəməsində mühakimə edilib. Zərərçəkmişə dəymiş ziyanı ödədiyinə görə elə məhkəmə zalından azadlığa buraxılan “Ramiz usta” sudan quru çıxmağı bacarıb. Amma…

“Ramiz usta” nın toruna düşənlərdən biri – N.Kazımov virtualaz.org-un redaksiyasına müraciət edərək başına gələnləri danışıb. Kazımov bankdan kredit götürməklə Novxanıdakı bağ evini təmir etdirmək istəyib. Həmin ərəfədə təsadüfən “Ramiz usta” ilə tanış olub. Şikayətçinin sözlərinə görə, mənzillərin, bağ evlərinin, obyektlərin təmirində briqadirlik edən “Ramiz usta” nəinki onun kimi müştəriləri, hətta yanında işləyən fəhlələri də aldadıb, pullarını verməyib.

“Üç azyaşlı övladım var, bağı təmir etdirib yayda oraya köçmək istəyirdim. Dedilər ki, “Ramiz usta” nın yaxşı əl qabilliyyəti var, mən də təmiri ona həvalə etdim” – zərərçəkmiş deyib.

Amma Kazımovun qurduğu planlar alt-üst, xəyalları darmadağın olub. Üstəlik bankdan götürdüyü kreditin üstünə faiz gəlib, o da borcunu ödəmək üçün yeni tikdirdiyi bağ evini satmaq məcburiyyətində qalıb: “Novxanıda 2,5 sot torpağım vardı. Bankdan kredit götürüb orada yüngülvari bir ev tikdirmişdim. Yayda ailəmlə birgə bağa köçüb istirahət etmək niyyətindəydim. Bağdakı mənzildə təmir işləri yarımçıq qalmışdı. Ramiz ustanı bir nəfər tanışım vasitəsilə tanıdım, o ərəfədə tanışımın evində təmir işləri aparırdı. Sonradan onu da aldatdığını eşitdim”.

Yanvarın 15-dən etibarən N.Kazımova məxsus mənzildə təmir işlərinə başlayan “Ramiz usta” ilkin olaraq tikinti materialları üçün 2300 manat pul alıb: “Bu adama inanmışdım. Görürdüm bağda işlər gedir, həyətə traktor girir-çıxır, fəhlələr işləyir, kanalizasiya xətti çəkilir. Odur ki, arxayın olmuşdum. Sonradan öyrəndim ki, heç fəhlələrin də pulunu verməyib. Onları da aldadıb”.

N.Kazımovun sözlərinə görə, “Ramiz usta” ondan 6 min manat tikinti materialı üçün pul alıb, 1300 manat isə əl haqqı istəyib. O da istənilən məbləği verib: “Yalandan siyahı təqdim etdi ki, guya 3600 manatlıq iş görüb. Amma o qədər iş görülməmişdi. Təkcə döşəmənin taxtaları vurulmuşdu. İşi yarımçıq qoydu, mənə də hardasa 5 min manata kimi ziyan vurdu. Əslində mənə çox ziyan dəydi. Bağ yarımçıq qaldı deyə, bir yandan da kreditin faizini ödəyə bilmirdim, banka olan borca görə məcbur olub bağı satdım. Bu adam faktiki olaraq mənə 13 min manata kimi ziyan vurdu. Heç olmasa 4-5 min manat gətirib verəydi”.

Şikayətçi deyib ki, dəfələrlə ustayla telefon əlaqəsi saxlayıb, pulunu geri istəyib. Lakin Hüseynov nə pulu geri qaytarıb, nə də bağdakı təmiri sona çatdırb. Sonradan isə ümumiyyətlə zənglərə cavab verməyib. Ümidi hər yerdən üzülən N.Kazımov polisə müraciət edib. Məhz bundan sonra məlum olub ki, “Ramiz usta” axtarışda olduğuna görə həbs edilib: “Sən demə yanvar-fevral aylarında bizim mənzildə işləyən zaman bu adam axtarışda imiş. Mənə dedi ki, material üçün verdiyin 3700 manatı itirmişəm, fəhlələrin 1300 manatını da onların özlərinə vermişəm. Dedi, əvəzində gəlib iş görəcəyəm. Mən bu adama inanmışdım, özünə qarşı güvən yaratmışdı. İndi isə ondan şikayətçiyəm”.

Kazımov deyib ki, öz halal zəhməti ilə dolanır, belə bir dönəmdə kiminsə onu aldatmasından həm maddi, həm də mənəvi zərbə alıb: “Ömrüm boyu halal zəhmətlə pul qazanmışam, maaşa baxan adamam. Mənim pulumu qaytarsın. Kreditə girdim ki, evimin təmirini başa çatdırım. Bu adam məni çox pis vəziyyətə saldı. Kreditin faizini belə ödəyə bilmədim”.

Kazımov baş verənlərlə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, ötən ilin oktyabrında Bakı şəhər sakini İ.Fərzullayeva soyadlı qadın polisə müraciət edərək, R.Hüseynov tərəfindən aldadıldığını deyib. Onun müraciəti  əsasında R.Hüseynova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. İstintaq yekunlaşıb, iş məhkəməyə göndərilsə də, R.Hüseynov məhkəmə çağırışlarına getməyib. Onun barəsində Binəqədi rayon məhkəməsi tərəfindən axtarış elan edilib. Nəhayət, Binəqədi rayon Polis Bölməsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan R.Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin ərəfədə zərərçəkmişə dəymiş ziyanı ödədiyinə görə isə “Ramiz usta” məhkəmə zalından azad edilib…

Həmçinin oxuyun

Bir zənglə dələduzlar vətəndaşların pullarını necə oğurlayırlar?

Azərbaycanda kibercinayətlərin sayı getdikcə artır. Xüsusilə də son günlər ölkədə internet dələduzluğunun yeni növü geniş …