Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Kriminal / SOCAR yunan şirkətindəki payının 16 faizini satır

SOCAR yunan şirkətindəki payının 16 faizini satır

SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətindəki səhmlərinin 16%-ini satmağa hazırdır.

APA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, hazırda bununla bağlı 2 şirkətlə danışıqlar aparılır.

Qeyd edək ki, sentyabr ayının 14-də R. Abdullayev bildirib ki, SOCAR DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır: “Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik”.

R. Abdullayev qeyd edib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək. Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və “Hellenic Petroleum S.A.” şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib. Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Həmçinin oxuyun

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açıldı

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən …

Bir cavab yazın