Ana səhifə / Kriminal / SOCAR-dan böhran anonsu: Xərclər sıfıra endirilir

SOCAR-dan böhran anonsu: Xərclər sıfıra endirilir

Dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, bir barelinin qiymətinin 40 dollardan da aşağı düşməsi SOCAR-ın maliyyə dayanıqlılığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq neft-qaz əməliyyatları sahəsində ümumi qəbul olunmuş təcrübə nəzərə alınmaqla, müvafiq tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
 SOCAR-dan APA-ya verilən məlumata görə, SOCAR prezidentinin əmrinə əsasən, bu istiqamətdə növbəti tədbirlər müəyyənləşdirilib. SOCAR-ın strukturuna daxil olan qurumların həyata keçirdikləri texnoloji fəaliyyətə xələl gətirmədən onların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulan əsas məsələlərdəndir.
 Şirkətdə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə layihə risklərinin əhəmiyyətlilik dərəcəsinə əsasən ardıcıllığı müəyyən edilmiş risklər siyahısının Layihə Risklərinin xəritəsinin tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması haqqında göstəriş verilib.
Əmrdə həmçinin, SOCAR tərəfindən sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri öz əksini tapıb. Neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib. Şirkətin struktur bölmələrinə həmçinin, neftin, qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.
2016-cı ilin yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub. Bu sahədə mövcud xərcləri sıfıra endirmək məqsədi ilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə eyni zamanda, təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədi ilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.
Ekspertlər SOCAR-ın atdığı bu addımın səbəblərini açıqlayırlar. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əsas səbəb neftin ucuzlaşması olsa da, digər səbəb SOCAR-ın özünün idarəetməsində olan problemlərdir: “SOCAR çox qeyri-effektiv idarə olunan təşkilatdır. SOCAR bizim milli şirkətimizdir, dövlət şirkətidir. Hamımızın qürur mənbəyi olmalıdır, əslində… Çünki iqtisadiyyatımızın lokomotividir. Amma o qədər qeyri-effektiv idarə olunurdu ki, neftin qiymətinin baha olması bu qeyri-effektivliyin üzə çıxarılmasına maneçilik törədirdi. Pul çox qazanılırdı və ona görə də bəzi qeyri-effektiv addımlar həmən nəzərə çarpmırdı. İndi artıq SOCAR məcburdur ki, öz izafi xərclərini azaltsın. İstehsal etdiyi neftin maya dəyərini azaltsın. Çünki SOCAR-ın istehsal etdiyi neftin maya dəyəri bp kimi tanıdığımız Beynəlxalq Əməliyyat Şirkətinin istehsal etdiyi neftin maya dəyərindən xeyli fərqlənir. Yəni burada ciddi fərq var. Neftin maya dəyərini aşağı salmağa çalışmalıdırlar. Maya dəyərinin aşağı salınması üçün də izafi xərclərdən azad olunmalıdır. Bu, birinci və əsas səbəbdir. İkinci səbəb isə SOCAR-ın külli miqdarda borclanmasıdır. SOCAR-ın dövlət öhdəliyi ilə götürülmüş borcları qədər tək bir SOCAR şirkətinin də borcu var. Dövlətin borcu qədər SOCAR da borc yığıb. Bu borclar dövlət zəmanəti ilə verilib. Dövlət zamin durub bu borclara. Bu borcların qaytarılma zamanı gəldikdə də SOCAR-ın imkanı olmasa, dövlət qaytarmalı olacaq. Bütün bu iqtisadi çətinliklər təbii ki, SOCAR-ı bəzi addımlar atmağa məcbur edir. Bu məcbur edilən addımlardan biri də məhz xeyriyyəçiliklə, bağlı müəyyən reklam xarakterli aksiyalarla bağlı xərclərin azaldılmasıdır. Amma bu, o qədər də böyük məbləğ deyil. Əsas problem SOCAR-ın idarə olunmasındakı xərclərin azaldılmasıdır. Yəni şirkətin 55 minə yaxın iççisi var. Beynəlxaq Əməliyyat Şirkətinin isə 5 min iççisi var. Beynəlxalq Əməliyyat Şirkəti Socar-ın istehsal etdiyi neftdən təqribən 4-5 dəfə çox neft istehsal edir. SOCAR-ın bu qeyri-effektiv idarə olunmasına son qoyulmalıdır və şəffaflıq artırılmalıdır. Çünki SOCAR-da əsas problem satınalmalarda, xərcləmələrdə qeyri-şəffaf modellərin olması, bununla korrupsiya ehtimalının artırılmasıdır. Bu işlər ardıcıl addımlarla olmalıdır, nəinki bir tək xeyriyyəçiliklə və yaxud da sponsorluq məsələlərini həll etməklə. Xeyriyyəçiliklə SOCAR-da yaranmış fundamental məsələləri həll etmək təəssüf ki, mümkün olmayacaq”.
Ekspert Rövşən Ağayev isə bildirir ki, SOCAR-ın açıqlaması şirkətdə indiyədək pul sızdırılmasının hansı kanallarla baş verdiyini göstərir: “Dövlət Neft Şirkətinin rəhbərliyi əmr imzalayıb. Əmrə görə SOCAR-ın sosial yönümlü layihələri, sponsorluq və xeyriyyəçilik fəaliyyəti, maliyyə yardımları məhdudlaşdırılmalı, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması xərcləri azaldılmalıdır. İkincisi, neftin qiyməti yüksələnə qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılmalı, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilməlidir. SOCAR-ın nümayəndəliklərinin fəaliyyəti dəyişdirilməli, bu sahədə xərcləri sıfıra endirməli, nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin edilməlidir. Təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin azaldılması üçün tədbirlər görülməlidir. Diqqət edin, açıqca etiraf edirlər ki, indiyədək ağına-bozuna, sağına-soluna baxmadan neft pullarını xərcləmişik. Məsələn, indi bir sıra nümayəndəlikləri saxlamağa lüzum görmürlər. Onlara indi həyati əhəmiyyət daşıyan qurumlar kimi vəsait ayırmağa ehtiyac yoxdusa, deməli heç əvvələr də ehtiyac olmayıb- sadəcə kimlər üçünsə qazanc yeri olub. Özləri etiraf edirlər ki, indiyədək xaricə ezamiyyələrə böyük pullar xərcləyiblər. Özləri etiraf edirlər ki, mal və xidmətlər alanda xərcləri necə lazımdır şişirdiblər. Məncə, SOCAR bu əmrlə öz açıqlarını göstərir: Şirkətdən indiyədək pul sızdırılması hansı kanallarla baş verib. Yeri gəlmişkən, oxşar fikri maliyyə naziri də son zamanlar bir neçə dəfə səsləndirib: Büdcənin lazımsız xərclərini azaltmaq vacibdir. Axı siz niyə indiyədək “lazımsız xərcləmələr”ə getmisiniz ki..?”

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın