Ana səhifə / Kriminal / Şöbə müdiri: “Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər…”

Şöbə müdiri: “Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər…”

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidova hökm oxunub. “Qaynarinfo”nun məlumatına görə, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs, 1968-ci ildə İmişli rayonunda anadan olmuş Hüseyn Seyidov 25 il sözügedən xəstəxanada həkim-ordinator və şöbə müdiri vəzifəsində çalışıb. Hüseyn Seyidov həmin vəzifədə işləyərkən xəstəxanada bəzi pasiyentlər hər gün saat 9:00-dan 16:00-a qədər müalicə almalı və müayinə edilməli olduqları halda, onlardan müəyyən məbləğdə pul alaraq xəstəxanaya gəlmədən tibbi kartlarından çıxarış verib, xəstələrin əlillik almaları üçün qeyriləri ilə qabaqcadan əlbir olaraq sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, o, 1997-ci il tarixdən Respublika Psixiatriya Xəstəxanasında anlaqsız şəxslərə, nevroz xəstələrinə, ruhi xəstələrə, psixi pozuntusu olan şəxslərə baxıb.

Hüseyn Seyidov barəsində şikayət edən xəstələrdən nə qədər pul aldığını xatırlamır, lakin deyib ki, pulları ona rüşvət kimi yox, hörmət mənasında veriblər:

“Xəstə Qaragöz Hacıyevanın qohumu, həqiqətən, mənə 400 manat hörmət edib. Amma mən həmin pulun qarşılığında nəsə edəcəyimə söz verməmişəm. Daha bir xəstə xəstəxanaya gəlib, ona köməklik göstərdiyimə görə mənə 150 manat hörmət edib. Başqa xəstə göstərdiyim xidmətə görə hörmət əlaməti olaraq 200 manat verib. Digərləri də eyni cür olub”.

O, çıxışında deyib ki, heç kimdən pul tələb etməyib, adıçəkilən şəxslər ona hörmət adı altında könüllü surətdə pul veriblər:

“Mənə verilən pulun 70-80%-i xəstələrə sərf olunub. Xəstələrin siqaretləri olmurdusa və ya başqa nəsə arzulayırdılarsa, bunların hamısı ilə onlar təmin ediliblər”.

Məhkəmənin hökmü ilə Hüseyn Seyidov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Həmçinin oxuyun

Şəmkir sakini: “Məni meşəyə – özləri silahı basdırdığı yerə apardılar…”

Şəmkir rayonunun Düyərli kənd sakini Coşqun Aslanov narkotik və silah  ittihamıyla 8 ay həbsdə saxlanılıb. …