Çərşənbə , May 25 2022
Ana səhifə / Kriminal / Şirkət rəhbəri: “İcra Hakimiyyəti binası üçün ayrılan pulun 30 faizi Vilyam Hacıyevə çatıb”

Şirkət rəhbəri: “İcra Hakimiyyəti binası üçün ayrılan pulun 30 faizi Vilyam Hacıyevə çatıb”

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisini həyata keçirən “NTS Company”nin icraçı direktoru Elnur İsayev dindirilib. Şahid deyib ki, İH-nin inzibati binasının tikintisi üçün müqavilə üzrə 6 milyon 200 min manat vəsait göstərilib, lakin 4 milyona yaxın pul köçürülüb. Həmin məbləğin isə 30 faizi Vilyam Hacıyevə çatıb: “Şirkətin əməkdaşı Səyalə Səfərova dedi ki, işi bizdən almaq istəyirlər, məsələni həll etməsək, tikintinin davam etməsinə mane olacaqlar. Təxminən 990 min manat pul verdim Səyalə xanıma. O, da pulu Vilyam Hacıyevə çatdırdı”.

Təqsirləndirilən şəxs şahidin dediklərinin tamamilə yalan olduğunu, Elnur İsayevi ümumiyyətlə, tanımadığını bildirib.

Məhkəmədə ifadə verən sahibkar Nakim Xəlilov isə təqsirləndirilən şəxsə ümumilikdə 11 min manat rüşvət verdiyini bildirib. Şahid deyib ki, həmin pulun 2 500 manatı rayonda keçirilən tədbirlər üçün, 8 500 manatı isə rəhbəri olduğu şirkət tərəfindən aparılan işə mane olan sakinləri sakitləşdirmək üçün verilib: “Kəndlərin birində iş aparırdıq. Kənd camaatı ilə mübahisəmiz oldu, işləməyə problem yaradırdılar. Buna görə Vilyam Hacıyevin qəbuluna düşdüm. Dedi ki, kömək edərik, amma rayonda tədbirlər, filan olur 10 min manat kömək edərsən. 8 500 manata razılaşdıq”.

Proses aprelin 18-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Həmçinin oxuyun

18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi

Yevlaxda 18 yaşlı qız sevgilisi ilə marketin damını sökərək oğurluğa girib. DİN-in Mətbuat Xidmətinin Bərdə …