Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sevinc necə qətlə yetirilib?

Sevinc necə qətlə yetirilib?

…Üstündən üzüm tənəyinin sallandığı dəmir darvazanı döyürük. Kimsə hay vermir. Əslində, bu evdən kiminsə hay verməsini gözləmək də əbəsdir: ev sahibi həbsdə, evin xanımı məzarda, azyaşlı uşaqlar da bir qohumun evində…

Əri Füzuli Qarayev 23 yaşlı Sevinc Məhərrəmovanı qonşuda öldürüb, onların evindən bir-iki qapı o tərəfdəki ikimərtəbəli, təmiri-tikintisi tam başa çatmamamış evdə. Amma arvadını öldürməzdən əvvəl o, iki qonşusunu da bıçaqlayıb. O bu cinayətləri törətdiyini qardaşına etiraf edib.

Hadisənin şahidləri də elə bu qonşulardır. Onlar həmin günü belə xatırlayırlar: “Səhər 11 olardı. Sevinc uşaqları ilə gəldi, əlində bir “kulok” vardı, …dedi ki, əynimi geyinib gedəcəm. Elə əsirdi, elə qorxurdu ki, yazıq qız…”

Sevincin qorxmasına səbəb telefonun ekranında yaranmış problemə görə ərinin aramsız zənglərinə cavab verməməsi olub: “Uşaq oynadanda telefonu salıb yerə, ekrana nəsə olmuşdu, əri də zəng edəndə ha istəyirdi cavab versin, ekran açılmırdı. Bizim yanımızda da zəng gəlirdi, biz də istədik açaq, [telefonu] aça bilmədik. Yazıq qız elə qorxurdu ki… Uşaq da qorxurdu, “ana, aç, deyirdi”- evin xanımı Şəhla Hüseynova deyir.

Həmin gün Hüseynovlar ailəsi həyət-bacada hansısa təmir işi ilə məşğul olacaqlarmış. Ramil adlı bir qonşu da onlara köməyə gəlibmiş. Ailənin 3 uşağından yalnız 2 yaşlı oğlan evdəymiş və indi onlar digər iki uşaqlarının həmin gün nənələrigildə olmalarına şükr edirlər.

Xəstəxanadan yenicə çıxan orta yaşlı Röyal adlı kişi yarasının verdiyi ağrıdan gözünü qıyır, bir azca nəfəs dərir: “Mən bu gəlini iki, ya üç dəfə görmüşdüm, ya yox. Çölə-bayıra çıxan deyildilər. Heç bizə də gəlib-getməyib. Ərinin onu döyəcəyindən qorxduğu üçün qaçıb gəlmişdi bizə. Bizim qapı hər zaman açıq olur, o da açıb girmişdi içəri. Biz də Ramillə çıxdıq küçəyə, həm gəlin xeylağıdı rahat olsun deyə, həm də dedik, əri gəlsə, qapıda qarşılayaq, qoymayaq qadını döysün”.

Şahidlər hadisənin detallarını danışırlar. Amma istintaq getdiyi üçün biz təfərrüatları bu yazıda təsvir etməyəcəyik.

Yalnız onu qeyd edək ki, qonşulara Füzuli Qarayevi dayandırmaq nəsib olmayıb, o, əvvəlcə Ramili, sonra da Röyal Hüseynovu vurub onların evinə gəlib və burda onun gəldiyini görüb içəri otağa qaçan Sevincin arxasınca gedib uşaqlarının qışqırmasına, yalvarmasına rəğmən ona çoxlu bıçaq zərbələri endirir. Bütün bunlar Şəhla Hüseynovanın gözləri qarşısında baş verib və o, yalnız bircə şeyi edə bilir: üzbəüz otaqda hay-küydən qorxub ağlayan oğluna sarı qaçıb onun ağzını tutur ki, Füzuli Qarayev onlara sarı gəlməsin:

“Hər şey gözümün qabağında oldu, onu necə öldürdüyünü gördüm, uşaqları elə ağlaşırdı, amma o, heç uşaqlara sarı baxmadı da”.

Şəhla Hüseynova hələ də gördüyü hadisələrin sarsıntısından çıxa bilməyib. O, əri Röyal xəstəxanadan çıxıb evə qayıtmayana qədər qonşuluqda yaşayan qardaşıgildə gecələyib, anası isə bir dəqiqə də onları tək buraxa bilməyib.

“Ona peşimanam ki, biz o qadına kömək edə bilmədik. Vicdan əzabı çəkirəm ki, o qadını qoruya bilmədik,”- Röyal doluxsunur.

Qonşular Füzuli Qarayevin arvadını tez-tez döydüyü barədə eşidiblərmiş, “o, birinci arvadını da döyürdü, hətta küçədə “lapatka” ilə döyürmüş. Qızın ata-anası gəlib uşaqlarına sahib çıxdı, onu götürüb apardılar, bu gəlinin isə yiyəsi olmadı,” – BBC News Azərbaycancaya danışan qonşular deyirlər.

Sevinc qonşuda olduğu o qısa müddətdə başına gələnləri danışır və əriylə barışıb geri qayıtdığından peşiman olduğunu söyləyir: “Dedi ki, hansısa qızlar onun arxasında dayanıbmış, onu işə düzəldiblərmiş. Geri qayıtdığına peşiman idi. Yazıq gəlin, uşaqlarını geyindirdi, özü şalvarını geyindi, çıxıb getmək istəyirdi,” – Şəhla Hüseynova Sevinclə son söhbətini xatırlayır.

Bir adamın keçə biləcəyi qədər dar olan, 10-12 addımlıq döngə kiçik bir həyətə dirənir. Yerdən tikilmiş birmərtəbəli, gün işığı düşməyən evin qarşısında üç-dörd qadın oturub dərdləşir, 10 gün öncə bu evdən cənazəsi qaldırılmış 23 yaşlı Sevincdən danışırlar.

Sevincin əri Füzuli Qarayev onun anasının xalası oğludur. Mətanət Məhərrəmova qızının xalası oğlu ilə evliliyinin əleyhinə olduğunu deyir, bunu həm aradakı 19 illik yaş fərqilə, həm də onun bir dəfə evlənib-boşanması ilə əsaslandırır. Deyir ki, ailənin narazılığına baxmayaraq, Sevinc Füzuli Qarayevə qoşulub qaçmışdı.

“Barışdıq, amma 3 aylıq hamiləydi, zəng elədi ki, məni döyür, gəlin, aparın. Gedib gətirdik. Uşağı abort eləmək istədik, həkimə getdik, amma 500 manatımız olmadı aborta, ona görə uşaq qaldı. Ondan sonra da Sevinc barışıb qayıtdı”.

Ailəyə yaxın olan qonşular da deyir ki, Sevincin ailəli olduğu 5 ildə əri onu tez-tez döyürmüş:

“İl yarım əvvəl bir də gördük gəlib. Gözü pörtdəmişdi, burnu sınmışdı, nə gündəydi. Polisə şikayət elədi, tibbi ekspertizası oldu. Polis [ərinin] dilindən kağız aldı ki, bir də arvadını döyməyəcək. Amma az sonra bir də döydü,” – qonşulardan biri deyir.

Ailədə söz-söhbət nədən yaranırmış? Mətanət Məhərrəmova da, Sevinclə həmdərd olan qonşular da deyir ki, gənc qadın adi məişət məsələlərinin üstündə döyülürmüş: “Kanalizasiyanın gözü tutulub, bunun üstündə ki, niyə belə olub. Əri mənə şikayətlənirdi ki, iş görə bilmir, təmizliyə baxa bilmir. Deyirdim, ay Füzuli, uşaqdı, başa sal, deyirdi ki, başa salsam da olmur,”- orta yaşlı qonşu qadınlardan biri deyir.

Bu ilin mart ayında döyülmüş Sevincin qadın hüquqları fəalları ilə əlaqə yaratmasına elə onun öz qohumlarından biri yardım edib, Mətanət Məhərrəmova deyir. Əlavə edir ki, qızı döyülüb evdən qaçanda Buzovnaya, bacısıgilə qaçırmış, onlar da gedib-gətirirmişlər:

“Bu son hadisədə də dedim, bax, Sevinc, artıq qayıtma, bu qızların da (feminist fəallar nəzərdə tutur-red.) əziyyətini yerə vurma, onlar səndən ötrü pul xərcləyirlər, sənəd düzəldirlər, arxanda dayanıblar. Dedi ki, bu dəfə qayıtmayacam. İşə də düzəlmişdi, qəsəbədəki marketdə işlədi bir neçə gün, özüm aparıb-gətirirdim. Həmişə Sevinc döyülüb-gələndə biz “qayıtma” deyirdik, Füzuli ona zəng edib nə deyirdisə, çıxıb gedirdi. Axırıncı dəfə də mən evdə olmamışdım, gəldim ki, çıxıb gedib”.

Mətanət Məhərrəmova deyir ki, bir dəfə də Füzuli Qarayevin qardaşı Sevinci gətirib ki, döyüb-öldürür: “Az qala ağladı ki, mən bacarmıram, götürün qızınızı”.

Sevincin bacıları deyirlər ki, əri onu uşaqları öldürəcəyi ilə hədələyirmiş. Onun isə uşaqları özüylə ata evinə – daha 2 bacı və 1 qardaşının yaşadığı bu kiçik evə gətirməyə imkanı yoxmuş, atası ona “uşaqlarını qoy, qayıt” deyibmiş.

Mətanət Məhərrəmova deyir ki, qızı elə “uşaqlarının badına gedib”. O, kürəkəni ilə münasibətinin olmadığından, bir neçə dəfə “polisə düşdüklərindən” danışır. Bir mübahisədə isə o, Füzuli Qarayevin qaynatasını döydüyünü, buna görə də polisə şikayət etdiklərini xatırlayır.

Ailə vurğulayır ki, barəsində polisə bu qədər şikayət olmasına rəğmən, Füzuli Qarayev azadlıqda qala bilib.

Sevincin anası deyir ki, bircə təsəllisi Füzuli Qarayevin ömürlük azadlıqdan məhrum edilməsi olardı: “Mən onun qardaşına da dedim ki, özlərini heç ora-bura vurmasınlar, ona ömürlük həbs cəzası verməsələr, hər yerə gedəcəm”.

BBC News Azərbaycanca Füzuli Qarayevin Kərəm adlı qardaşı ilə əlaqə saxlayıb. O deyib ki, vəziyyətin bu yerə çatacağını güman eləməyib: “Kim istəyərdi, gəlib bu yerə çıxsın? 3 uşaq qaldı… Qızı da 5-ci sinifdə oxuyur, o gün zəng eləyib ağlayır ki, mən atamı görməyəcəmmi? İndi gəl o uşağı başa sal”.

Kərəm Qarayev hesab edir ki, Sevinc hansısa “feminist qadınlara” qoşulub, bəzən uşaqları da qoyub evdən gedirmiş, ona görə də əri işə gedəndə qapını bağlayırmış.

“Sevinc əvvəllər də döyülüb. Anasıgil deyir ki, o, il yarım əvvəl elə döyülüb ki, burnu sınıb, çənəsi sınıb,” – deyə soruşuruq.

“Adamı dayandığı yerdə döymək olar? Gətirib o həddə çatdırılır, üst-üstə yığılır,” – Kərəm Qarayev cavab verib.

O, Sevinci döyüldüyü üçün anasıgilə apardığını təsdiqləyir: “Apardım ki, [geri] gəlməsin, bununla düz gəlmir, o çıxıb gedir, gəlir, döyülür, yenə çıxıb gedir, qayıdıb yenə döyülür. Çıxıb gedirsənsə, niyə gəlirsən?”

Amma o, Füzuli Qarayevin Sevinc geri qayıtmasa, uşaqlarını öldürəcəyi ilə hədələməsi ilə bağlı deyilənləri təsdiqləmir: “Yalan söhbətdir. O, uşaqlarını çox istəyir. Uşaqlar bizdə, mən saxlayıram, elə soruşurlar, “ata, ata…”

Kərəm Qarayev qardaşına Sevinclə ayrılmasını təklif edib: “Demişəm ki, burax getsin, bununla sənin axırın nə olacaq. [Sevinc] …gedib, zəng eləmişik, nə atasıgildə, nə xalasıgildə, bilmirik, hardadı. Gedir Əhmədlidə qalıb, feministlərlə qalıb, bilmirəm, neyləyib. Mən burda qardaşımın da tərəfini tutmuram. Vaxtında lazım idi, gətirib bu yerə çatdırmaq lazım deyildi. Hamının ailəsində söz-söhbət olur, elə bu deməkdi ki, həftə səkkiz mən doqquz qaçıb gedəcən?.. Qapı bağlıdır, sən qonşuda nə gəzirsən, necə keçib getmisən?”

O, qardaşının uşaqlara görə Sevincdən ayrılmadığını düşünür. Kərəm Qarayev iddia edir ki, qətl uşaqların gözü qarşısında olmayıb, həmin vaxt uşaqlar evdə olub: “Mən çatanda polislər də ordaydı, uşaqlar da həyətdəydi”.

Kərəm Qarayev qardaşı ilə telefonla danışdığını, onun törətdiyi əməldən peşiman olduğunu söyləyir.

Sevinc Məhərrəmovanın bu ilin mart ayında sosial şəbəkələrdə yayılan və bədənindəki zorakılıq izlərini göstərən fotoşəkilləri 23 yaşlı iki uşaq anasının polisə zorakılıqla bağlı üçüncü müraciətindən öncə çəkilmişdi.

Ona kömək edən qadın hüquqları müdafiəçisi, feminist fəal Gülnarə Mehdiyeva və mərhumun vəkili Zibeydə Zəkəriyyəyeva deyirlər ki, zorakılıq və döyülmə faktları olsa da, ittiham olunan şəxs barədə məhkəməyədək həbs-qətimkan tədbiri seçilməyib, əksinə, polis “dəfələrlə tərəfləri barışdırmağa cəhd göstərib”.

Avqustun 3-də qətlə yetirilən Sevinc Məhərrəmova onu 4 ay əvvəl döyərək evdən qaçmağa, polisə şikayətə getməyə vadar edən əri ilə niyə barışıb və ya barışdırılıb?

Polis baş vermiş əməllə bağlı qanunvericilikdə həbs-qətimkan tədbirinin nəzərdə tutulmadığını bildirib və “tərəfləri barışdırmaq” cəhdi göstərmədiyini deyib.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya iddialarla bağlı deyiblər ki, “polis üzərinə düşən bütün vəzifələri bir-bir yerinə yetirib” və zərərçəkmiş sonradan “həyatına təhlükə olduğu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmalı idi”.

Azərbaycanda bu həftə açıqlanan rəsmi statistikaya görə, bu ilin ilk altı ayında ölkədə 33 qadın qətlə yetirilib.

BBC

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …