Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur”

“Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur”

BANKLARIMIZIN ETİBARLILIQ REYTİNQİ (2015-ci il üzrə hesabatların təhlili əsasında təsnifat)
“Banklar haqqında” Qanunun 45-ci maddəsinə əsasən banklar maliyyə ilinin qurtarmasından ən geci 5 ay müddətində illik maliyyə hesabatını açıqlamalı, o cümlədən mətbuatda dərc etməlidir. “Banklarda korporativ idarəetmə standartları”nın 14.10-cu bəndinə əsasən həmin hesabat həmçinin bankın internet saytında da yerləşdirilməlidir.
Artıq 6-cı ayın son 10 gününə qədəm qoyduq. Banklarımız illik hesabatı açıqlayıbmı? 37 bankdan 19-u illik hesabatı açıqlamayıb. Hesabatı açıqlamış 18 bankdan yalnız 10-u bunu Azərbaycan dilində edib, qalan 8-i isə hesabatı ingilis dilində açıqlayıb (müştərilərinin mütləq əksəriyyəti ingilis dilini bilmədiyi üçün bunu tam açıqlama da hesab etmək olmaz!). “Banklarda korporativ idarəetmə standartları”nın 14.10-cu bəndinə əsasən hesabatın bankın internet səhifəsində yerləşdirildiyi tarix göstərilməlidir. Lakin hesabatı açıqlamış heç bir bank bunu etməyib!
Hesabatlar üzrə bir sıra meyara görə pisdən yaxşıya doğru bankların 5 qrupdan ibarət olan təsnifatını təqdim edirəm. Qabaqcadan deyim ki, mən hesabatların dərin iqtisadi təhlilini aparmıram. Qoy bunu iqtisadçı ekspertlər etsin. Vəkil olaraq mən yalnız əsas məsələlərə (bir qayda olaraq, hesabatın mövcudluğu, ona rəy vermiş auditorun kimliyi və bankın mənfəət və ya zərərlə işləməsi) diqqət yetirmişəm. Təbii, daha dərin təhlil əsasında fərqli təsnifat da ola bilər.
I Qrup: bura 15 ən etibarsız banklımız daxildir: Bank VTB (Azərbaycan), Nikoyl Bank, Unibank, Bank Respublika, ParaBank, Zaminbank, AGBank, AtaBank, Bank Standard, Naxçıvanbank, DekaBank, Dəmirbank, Bank BTB, NBC Bank və Expressbank. Onlar nəinki illik, həmçinin qanunvericiliyə zidd olaraq rüblük hesabatları da açıqlamır.
II Qrup: bura 4 qismən etibarsız bank daxildir: Bank Silk Way, Rabitəbank, Muğanbank və Turanbank. Onlar illik hesabatı açıqlamasa da, rüblük hesabatlarını yerləşdirir (düzdür, rüblük hesabat audit yoxlamasından keçmədiyi üçün mötəbər deyil!).
III Qrup: bura 7 az etibarlı bank daxildir. Onlar illik hesabatı açıqlasa da, bu ilin I rübü üzrə hesabatı açıqlamayıb.
1. Accessbank: 148 mln. manat kapital, 2,6 mln. manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – EY.
2. XalqBank: 209 mln. Manat kapital, 1,3 mln. manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – Crowe Horwath.
3. Bank of Baku: 58 mln. manat kapital, 37 mln. manat zərər. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – Deloitte.
4. Amrahbank: 44 mln. manat kapital (yəni 50 mln. manat olan kapital tələbi pozulur!), 5,5 mln. manat zərər. Kənar auditor – GrantThornton (Dubay).
5. Günaybank: 59,5 mln. manat kapital, 3,5 mln. manat zərər. Kənar auditor – RSM (Azərbaycan).
6. KredoBank: 50,8 mln. manat kapital, 2,6 mln. manat zərər. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – RSM (Azərbaycan).
7. Bank Melli İran Bakı filialı: Bank Melli İran Bakı filialı: 51 mln. manat kapital, 0,5 mln. manat mənfəət. Auditorun kimliyi hesabatdan aydın olmur.
IV Qrup: bura 3 qismən etibarlı bank daxildir. Onların illik hesabatına nisbətən daha az etibarlı audit şirkətləri tərəfindən rəy verilmişdir:
1. Azərbaycan Sənaye Bankı: 74,8 mln. manat kapital, 4,5 mln. mənfəət. Kənar auditor – GrantThornton (Dubay).
2. Bank Avrasiya: 56,9 mln. manat kapital, 1 mln. manat mənfəət. Kənar auditor – Baker Tilly Azərbaycan.
3. Pakistan Milli Bankı Bakı filialı: 10 mln. manat kapital (50 mln. manat olan kapital tələbi dövlətlərarası razılaşmaya əsasən pozulur), 0,032 mln. manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – RR-VAM.
V Qrup: bura 8 nisbətən etibarlı bank daxildir (ilk 2 bank bütün qüsurlarına baxmayaraq dövlətə məxsus olduğu üçün bu qrupa daxil edilib):
1. Azərbaycan Beynəlxalq Bankı: 714 mln. manat kapital, 812 mln. manat zərər. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – Deloitte.
2. Azərtürkbank: 45,9 mln. manat kapital, 3,1 mln. manat zərər. Kənar auditor – EY.
3. Paşabank: 432,4 mln. manat kapital, 14,3 mln. manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – EY.
4. Kapital Bank: 292 mln. manat kapital, 61,9 mln. manat mənfəət. Kənar auditor – EY.
5. YapiKrediBank: 67,9 mln. manat kapital, 0,038 mln. manat mənfəət. Hesabatı ingilis dilində dərc edib. Kənar auditor – EY.
6. Ziraat Bank, 53,3 mln. manat kapital, 3,3 mln. manat mənfəət. Kənar auditor – pwc.
7. AFB Bank: 76,3 mln. manat kapital, 2 mln. manat mənfəət. Kənar auditor – Deloitte.
8. Caspian Development Bank: 58,4 mln. manat kapital, 8 mln. manat mənfəət. Kənar auditor – pwc.
Sonda bir daha vurğulamaq istəyirəm ki, savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Maliyyə göstəricilərindən belə asılı olmayaraq. Belə ki, məsələn, beynəlxalq reytinq agentliklərinin bəyanatlarından məlumdur ki, banklarımız hesabatlarında problemli kreditlərin həcmini bir neçə dəfə azaldır, nəticədə daha az ehtiyat yaradır və kapitalı şişirdir və s. Buna görə də açıqlanmış hesabatlara da tam etibar etmək olmaz. Ən azı Azərbaycanda normal bank nəzarəti sistemi qurulanadək. Bankların əksəriyyəti hesabatı belə gizlətdiyi ölkədə isə ümumiyyətlə hər hansı bank nəzarətindən söhbət gedə bilməz.
Özünüzdən və pulunuzdan muğayat olun!

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın