Cümə , Yanvar 21 2022
Ana səhifə / Kriminal / Saleh Rüstəmov quru aclığa başladı

Saleh Rüstəmov quru aclığa başladı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov bu gündən su və dərmanlardan imtina edərək quru aclığa başlayır.

Bunu anews.az-a açıqlamasında onun vəkili Bəhruz Bayramov bildirib.

“Bu gün saat 14:00 radələrində onunla 3-4 dəqiqəlik görüşə bildim. Görüş zamanı məhkəmələr barədə maraqlandı, mən də məlumat olmadığını bildirdim. Bundan sonra o bu gündən müalicədən imtina edəcəyini, 38 gündür davam edən aclığını quru aclıqa keçirəcəyini bildirdi. Qərarından döndərməyə çalışsam da, razı olmadı. Səhhətinin pisləşəcəyini bilsə də qərarında qəti olduğunu vurğuladı”, – deyə o qeyd edib.
Xatırladaq ki, AXCP fəalı, 1-ci Qarabağ müharibəsi qazisi Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib. Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib.
Qeyd edək ki, S. Rüstəmovun ailə üzvləri də onun müalicə aldığı müəssisənin qarşısında dəstək məqsədi ilə aclıq aksiyasına başlayıblar.

Həmçinin oxuyun

Baş prokuror “Tərtər işi”ndən DANIŞDI

“”Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə …