Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / “Şakro Molodoy”dan rüşvət alan generallar məhkəmə önündə

“Şakro Molodoy”dan rüşvət alan generallar məhkəmə önündə

Rusiya İstintaq Komitəsi Daxili Təhlükəsizlik Xidmətinin sabiq idarə rəisi Mixail Maksimenkonun cinayət işi üzrə məhkəmə  istintaqı başlayıb. Virtualaz.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, general M.Maksimenko kriminal avtoritet “qanuni oğru” Zaxari Kalaşovdan (“Şakro Molodoy”) rüşvət almaqda təqsirləndirilir.

Moskva şəhər məhkəməsində baş tutan məhkəmə iclasında  dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, M.Maksimenko İstintaq Komitəsinin general-mayoru Denis Nikandrov və idarə rəisi Aleksandr Lamonovla birlikdə “Şakro Molodoy”un sağ əli hesab edilən, 2015-ci ilin dekabrında Moskvanın “Elelents” restoranında baş verən atışmaya görə həbs olunan “İtalyan” ləqəbli avtoritet Andrey Koçuykovun azad edilməsindən ötrü rüşvət alıblar.

“Kommersant” qəzetinin yazdığına görə, mütəmadi olaraq “kriminal aləm”in əli ilə iri sahibkarların problemlərini yoluna qoyan, onlara “dəstək” olan “Şakro”nun “İtalyan”ın azad olunması ilə bağlı sahibkarlara çağırışı özünü çox gözlətməyib. Qısa müddət ərzində təxminən 500 milyon dollar toplanılıb. Mənbənin iddiasına görə,  Maksimenkonun tələb etdiyi məbləğ də məhz bu qədər olub və həmin pulun 500 min dolları ABŞ-da yaşayan tikinti sahəsi üzrə biznesmen Dmitri Smıçkovskiy və restoranlar şəbəkəsinin sahibi  Oleq Şeyxametov verib.

Mixail Maksimenko

“Oleq Şeyxametovun “İtalyan”la bağlı məsələnin həlli üçün 500 min dollar ödəməyə hazır olduğunu Maksimenko öz müavini Aleksandr Lamonovdan öyrənir. Lamonovla cinayətkar əlaqəyə girən Maksimenko Şeyxametovdan həmin məbləği alır. İstintaq Komitəsinin keçmiş əməkdaşları Denis Boqoredskiy  və Yevgeni Surjikov isə bu işdə vasitəçilik ediblər. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Drımanov isə bu işi birinci müavini Denis Nikandrovun nəzarətə götürməsinə imkan yaradıb”- prokuror çıxışında qeyd edib.

Məlumat üçün qeyd edək ki, Aleksandr Drımanovun adı sözügedən cinayət işi üzrə şahid qismində keçir. Ötən il dekabrın sonunda “İtalyan”ın azad olunması üçün rüşvət qalmaqalında adı hallanan keçmiş idarə rəisi Aleksey Kramarenko da həbs olunub.

2016-cı ilin iyulunda Denis Nikandrovun həbsindən sonra mətbuatda tez-tez onun rəhbəri Drımanovun “Şakro Molodoy”la rüşvətə əlaqələri olması ilə bağlı xəbərlər yer alıb. Yerli nəşrlərdə  “Şakro işində” İstintaq Komitəsinin rəhbərinin şahidlik statusu təqsirləndirilən şəxslə əvəzləndi” tipli yazılar dərc olunub. Hüquq-mühafizə orqanlarına istinad edən mənbə Nikandrovun Drımanova qarşı ifadə verdiyini də iddia edib.

Eyni zamanda Rusiyanın nüfuzlu “Moskovskiy Komsomolets” qəzeti baş müstəntiqin dindirilməsi barədə də yazırdı. Nəşr Drımanovanın həbsinin qaçılmaz olmasına dair bəzi eyhamlar da vururdu. Yerli KİV də yayılan bu cür məlumatların ardınca isə onun evində və ofisində axtarış aparılması xəbərləri də yayımlanmağa başladı. Lakin ertəsi gün bütün bu xəbərlərin hamısı Rusiya İstintaq Komitəsi və Drımanovun özü tərəfindən təkzib olundu.

Bu dəfə isə yerli mətbuat onun istefa ərizəsi yazacağı barədə xəbərlərlə gündəmi zəbt etdi.

Aleksandr Drımanov

“Heç vaxt istefa ərizəsi yazmamışam. Buna ehtiyac da yoxdur”- Drımanov “Kommersant”a açıqlamasında hər zamankı qaydada işlədiyini deyib. O, müavini Nikandronun həbsindən sonra  – 2016-cı ilin yayında axtarışlar aparılmasını da istisna etməyib. Mətbuatda barəsində yazılanları isə “qəribə və təəccüblü “ adlandırıb.

Maksimenkonun işi üzrə məhkəmənin gedişatı zamanı ehtiyac yaranarsa, dövlət ittihamçısı və yaxud hakim tərəfindən  Drımanov prosesə çağırılıb dindirilə bilər.

Eyni zamanda Rusiya İstintaq Komitəsi Daxili Təhlükəsizlik Xidmətinin sabiq idarə rəisi günahsız olduğunu israr edir.

“Mənim günahım yoxdur. İttihamları qəbul etmirəm. Şeyxametovdan pul almamışam. Onu ümumiyyətlə tanımıram. Lamonov mənə pul verməyib. Bu da bir daha onu təsdiq edir ki, heç kimdən pul götürməmişəm. Heç bunu fiziki baxımdam da gizlətmək mümkün olmazdı. Nikandrov və Lamonovı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları aldadıblar” – Maksimenko ifadəsində göstərib.

Maksimenkonun cinayət işi ayrıca icraata verilib.  Lamonov və Nikandrov barəsində isə araşdırmalar davam edir. Bəzi məlumatlara görə, Lamonova elan olunan  ittihamlardan biri çıxarılıb. Onun istintaqla əməkdaşlığa getdiyi istisna edilmir.

Həmçinin, iş adamı Şeyxametovdan alınan rüşvətlə bağlı hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları Surjikov və Boqorodeskovun məhkəmə istintaqı yekunlaşıb.

Lakin Surjikov hazırda “Şakro Molodoy”, “İtalyan” və daha bir neçə nəfərlə birgə rüşvət tələb etmə ilə bağlı mühakimə olunur.

Moskvanın Nikulin rayon məhkəməsində dindirilən “İtalyan” ifadəsində göstərib ki,  iki dəfə müstəntiqlər və prokurorlar ona günahını etirafı edəcəyi təqdirdə azadlığa buraxacaqlarını vəd ediblər.

“Düz dörd saat sorğu-sual olunmuşuq. Rusiya Cinayət Məcəlləsinin 330-cu (özbaşınalıq) maddəsi ilə günahımızı etiraf etmək üçün bizi dilə tutublar. Lakin bu, namus,  şərəf məsələsidir, biz günahsızıq. Bu, özbaşınalıqdır, mən sona qədər gedəcəyəm” – deyə təqsirləndirilən  Andrey Koçuykov bildirib.

“Şakro Malodoy”un vəkili Aleksandr Qofşteyn müdafiə etdiyi şəxsin Maksimenkonun işində əli olmadığını, onun məhkəmə prosesində iştirak etməyəcəyini bəyan edib.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …