Ana səhifə / Kriminal / Şahidlər rüşvət piramidasının DETALLARINI AÇDILAR

Şahidlər rüşvət piramidasının DETALLARINI AÇDILAR

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Əliyev ifadə verib. O bildirib ki, 11 saylı cəzaçəkmə müəssisəsində müəllim işləyir:

“Özüm cəzaçəkmə müəssisəsində məhbuslara dərs deyirəm. Adım “Şahbulaq” MMC şirkətində gedib. Tikinti məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müqavilə bağlamışam. Təsisçi Şahin Hüseynov mənim adımı ora yazdırsa da, heç bir fəaliyyətim olmayıb. Sadəcə müqaviləyə imza atmışam. Təsisçi Şahin Hüseynov idi, məni direktor kimi rəsmiləşdirmişdi. Müqaviləni bağlayandan sonra mən vəzifədən istefa verdim. Heç bir maliyyə işinə qarışmamışam. Sonradan bilmişəm ki, 12 min 358 manatlıq müqaviləyə qol çəkmişəm”.

Digər şahid İlqar Namazov isə bildirib ki, “Parlament BT” şirkəti təsis edib:

“Sonradan işim alınmadı, MMC-ni Ramazan adlı şəxsə 300 manata satdım. Sonradan həmin şirkətin nə işlə məşğul olduğundan xəbərsizəm”.

Şahid İbrahim İsmayılov isə deyib ki, 23 yaşayış evi tikib: “Amma həmin evlərin hər birinə görə Natiq Əzizova 3 min manat vermişik. Ümumilikdə nazirliyə 69 min manat vermişik. Bizdən xahiş etdilər ki, formal müqavilə imzalayın, 345 min manat pul çıxaraq. Mən də razı oldum”.

Şahid Elçin Əliyev isə bildirib ki, Dövlət Əmək Müfəttişliyinin Ucar rayon şöbəsinin rəisi işləyib: “İndi də regional şöbənin rəisi işləyirəm. İşlədiyim dövrdə 120-130 yoxlama aparmışam. Apardığım yoxlamaların 80 faizində cərimələr yazmışam. Müfəttişliyin sədr müavini Anar Quliyevin sürücüsünə il yarım ərzində 800 manat qəzet abunə haqqı vermişəm. Anar müəllim zəng edib deyib ki, qəzet pulu vermişəm. Pulları hissə-hissə vermişəm. Bizə deyirdi ki, qəzetlərə abunə oluruq”.

E. Əliyevin ibtidai istintaqa ifadəsi elan olunub. İfadədə bildirilir ki, o yoxlamalardan götürdüyü puldan 800 manat Anar Quliyevə verib.

E.Əliyev isə bildirib ki, yoxlama zamanı obyektlərdən pul almayıb: “Anar müəllim arada deyirdi ki, sürücüyə 150 manat ver, verirdim, 200 manat ver, verirdim. Pulları əmək haqqından da verirdim, özümdə də olurdu, verirdim”.

Şahid Cəfər Hacıyev isə deyib ki, ibtidai istintaqa ifadəsini təsdiqləyir. O, Dövlət Əmək Müfəttişliyinin 3 və 23 saylı region üzrə əmək müfəttişliyinin rəisi işləyib:

“Baş idarədən raport təsdiqlənirdi, biz də yoxlamaya gedirdik. Yoxlamalarda nöqsanlar aşkarlayıb cərimə yazırdıq. Müfəttişliyin sektor müdiri Emil Allahverdiyev bizim işimizə müdaxilə edirdi. İri müəssisələri özü yoxlayırdı, bizə vermirdi. Eşitdiyimə görə, iri müəssisələrdən 1000-1500 manat alırdı”.

C.Hacıyev ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, Emil Allahverdiyev Nizami rayonunda iri müəssisələrin hər birindən 20 min manat alırdı.

Şahid prosesdə ifadəsini təsdiqləyib.

Şahid Ədalət Əsgərov deyib ki, Etibar İmaməlitəyev adlı şəxs vasitəsilə tenderdə iştirak etmək istəyib: “O, nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova ilə tanış idi. İki şirkətimiz var idi, tenderdə qalib olduq və 93 min 503 manatlıq bir, 134 903 manatlıq isə digər müqavilə bağladıq. “Startak” MMC şirkəti ilə nazirlik arasında bağladığınız 93 min 503 manatdan 35 min 553 manatı, 134 min 503 manatdan isə 28 min 591 manatı Etibar İmaməliyeva vermişəm, o da nazirliyə verib”.

Növbəti proses noyabrın 18-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Musavat.com

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …