Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi – Məhkəmə sədri Həbib Həsənov isə… + VİDEO

Sabiq MTN-çi Sahib Ələkbərov jurnalisti təhqir etdi – Məhkəmə sədri Həbib Həsənov isə… + VİDEO

Bakı Hərbi Məhkəməsində 9 aya yaxındır ki, Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və digər 3 polkovnikin cinayət işi üzrə prosesi davam edir. Açıq elan olunan proses faktiki olaraq qapalı keçirilir. Hakim Elbəy Allahverdiyev, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov qanunsuz olaraq jurnalistlərin prosesdə iştiraklarına imkan vermirlər.

Ötən müddət ərzində azadlıqda olan təqsirləndirilən şəxslər- Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da mətbuat nümayəndələrindən kənar gəzməklə, bir çox hallarda qaçmaqla onlara yönəlik olduqca ciddi ittihamlarla bağlı suallara cavab verməkdən yayınırlar. İyunun 21-də, mətbuatda şərti olaraq “MTN işi” adlandırılan prosesdən sonra da belə olub. Əməkdaşımız Elşən Məmmədəliyev Sahib Ələkbərova yaxınlaşaraq suallar ünvanlamağa çalışıb.

Sahib Əııkbərov isə tərbiyəsinə uyğun davranaraq suallara cavab verməyərək Bakı Hərbi Məhkəməsinin inzibati binasına qaçmaqla kameradan yayınıb. Bundan sonra məhkəmə sədri Həbib Həsənov binadan çıxaraq jurnalistlərdən məhkəmə binası önünüdən uzaqlaşmalarını tələb edib. Həbib Həsənov açıq məhkəmə prosesinin qapalı keçirilməsinə münasibət bildirməkdən yayınıb.

Xatırladaq ki, Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərdə ittiham olunurlar.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.(musavat.com)

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …