Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Sabiq MTN əməkdaşı hakim qarşısına çıxarılıb: “Mənimlə üzləşməyə üzləri yoxdur”

Sabiq MTN əməkdaşı hakim qarşısına çıxarılıb: “Mənimlə üzləşməyə üzləri yoxdur”

Sabiq MTN əməkdaşı məhkəmə önünə çıxarılıb. Onun dələduzluğa görə həbs edildiyi və həbsxanada olduğu müddətdə də bir neçə nəfərə qarşı dələduzluq etdiyi üzə çıxıb. O, birlikdə cəza çəkdiyi məhbusları əfv siyahısına saldıracaqmış.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq MTN işçisi Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Vüqar Allahverdiyevin işində zərərçəkmiş şəxslərin gəlmədiyi məlum olub.

Vüqar Allahverdiyev deyib ki, həmin şəxslərin deməyə sözü olmadığı üçün məhkəməyə gəlmirlər: “Hamısı böhtandır. Mənimlə üzləşməyə üzləri yoxdur. Ona görə də gəlmirlər”.

Zərərçəkmişlərə növbəti dəfə məhkəməyə gəlmələri üçün xəbərdarlıq göndəriləcək. Məhkəmə iclası sentyabrın 19-da davam etdiriləcək.

İttihama görə, Vüqar Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib. Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Araşdırma zamanı Vüqar Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb. Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb. Cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib.

Məhkəmədə məlum olub ki, bu iş üzrə 6 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən biri Tural Əliyevdir. O, Vüqar Allahberdiyevin sevdiyi xanımın qardaşıdır. Vüqar Turaldan pul alaraq onu MTN-ə işə düzəldəcəyini deyibmiş.

Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev ləğv edilmiş MTN-də işləyib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …