Cümə axşamı , Oktyabr 1 2020
Ana səhifə / Kriminal / Sabiq icra başçısının qardaşı oğlu ifadə verdi: – erməni qəbiristanlığı və “Kral”dakı davadan danışdı

Sabiq icra başçısının qardaşı oğlu ifadə verdi: – erməni qəbiristanlığı və “Kral”dakı davadan danışdı

965 min dollar dələduzluqda ittiham olunan şəxs növbəti dəfə hakim önünə çıxarılıb. Bu işdə zərərçəkən şəxs sabiq icra başçısının qardaşı oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Xəyyam Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə iclasında Xəyyam Balayev zərərçəkmiş Yalçın Abdullayevin vəkilinin suallarını cavablandırıb.

Xəyyam Balayev Yalçın Abdullayevdən pul aldığını təsdiqləyib. Lakin bildirib ki, aldığı məbləği qazancı ilə birlikdə geri qaytarıb: “Mən Elçin Əliyevlə steklavat alveri ilə məşğul olurdum. Yalçın Abdullayevi də Elçinə görə tanıdım. Yalçın da bizimlə bu işi görmək istədi. Əvvəlcə mal üçün 200 min verildi. Qazancı ilə qaytardıq. Birinci dəfə Elçin Əliyevlə birlikdə almışam. Digər məbləğləri isə Yalçın özü mənə tək verib. Yalçın ikinci dəfə pulu verəndə dedi ki, pulu mən verirəm, işi sən görürsən, gəl Elçini işdən çıxaraq. Özümüz həll edək”.

Xəyyam hazırda Yalçın Abdullayevə heç bir borcunun olmadığını deyib. Bildirib ki, Yalçın Abdullayevdən hissə-hissə – 200 min, 400 min, 200 min, 200 min və digər məbləğlərdə olmaqla cəmi 1 milyon 400 min manat pul alıb. Xəyyam deyib ki, bütün pul qazancı ilə geri qaytarılıb.

Abdullayevin vəkili notariusda 1 milyon 400 min manatlıq borc müqaviləsinin bağlanması haqda da Xəyyama sual verilib. Xəyyam deyib ki, ondan zorla, təzyiqlə sənədlərə imza çəkdirilib.

Xəyyam bildirib ki, Yalçın Abdullayevin qardaşı Zaur Abdullayev onu görüşə çağırıb və döyüb: “Mən maşına oturanda sifətimdən yumruqla vurdu. Sonra özlərinə məxsus yarım tikiliyə apardı. Orada başqa bir nəfər də var idi. Məni armatur və digər dəmir parçaları ilə döydülər. Sifətimdən, qarnımdan, qolumdan və ayağımdan xəsarətlər aldım. İndi də ayağımda armaturun izi var. Həmin gün Zaur qorxdu ki, mənə nəsə olar. Məni oradan buraxmadılar. Sonra da dedi ki, əgər şikayət etsəm, ailəmə nəsə edəcəklər. Hər şeyin öz əllərində olduğunu, həll edəcəklərini dedi. Ailəmin bundan xəbəri yox idi. Sonra mən İrana getdim, oradan da Türkiyəyə”.

Zərərçəkmiş tərəf Xəyyama növbəti sual verib: “Bakıda 1.4 milyonluq müqaviləyə zorla imza atdığınızı deyirsiniz. Amma Türkiyədə olduğunuz zaman da 965 min dollar borcunuz olduğunu yazılı şəkildə təsdiq etmisiniz. Sizi Türkiyədə də hədələyirdilər? Orada sərbəst idiniz axı”.

Xəyyam deyib ki, Türkiyədə olan zaman ailəsinə nəsə ediləcəyindən qorxub və buna görə də müqaviləyə imza atıb. Məhkəmədə məlum olub ki, Xəyyam Balayevin tanışı Mahirə Süleymanovaya məxsus avtomobil və iki mənzil də Yalçın Abdullayevə verilib.

Xəyyam bunu belə izah edib: “Mahirəyə də hədə-qorxu gəliblər. Ona da 300 minlik borc müqaviləsi imzalatdırıblar. Mahirədən də həmin müqaviləni mənim borcuma görə tələb etdilər”.

Borc müqaviləsini zorla imzaladığını deyən Xəyyam “erməni qəbirstanlığında”, “Kral” mebel salonunda bir neçə dəfə döyüldüyünü, hədələndiyini söyləyib: “Anama zəng edib deyirlər ki, oğlum ölsə, bil ki, bizlikdir. 20 min də verib üstünü basdıracağıq”.

Xəyyam Balayevin vəkili Emil Aslanov məhkəməyə sənəd təqdim edib. Vəkil bildirib ki, Xəyyamın Türkiyədən 965 min dollarlıq borcu olması haqda göndərdiyi məktubun təzyiqlə, psixi təsirə məruz qalaraq yazması haqda ekspertiza rəyi olduğunu deyib. Müdafiəçi həmin rəyi məhkəməyə təqdim edib. Emil Aslanov müdafiə etdiyi Xəyyama döyülməsi, hədələnməsi ilə bağlı suallar verib. Xəyyam vəkilin dediklərini təsdiq edib.

Yalçın Abdullayevin vəkili isə buna etiraz edib. Bildirib ki, həmin məktub Türkiyədə yazılıb, Xəyyam da Türkiyədə olub: “Amma ekspert Bakıda idi. Necə belə bir qənaətə gəlib ki, məktub təzyiqlə yazılıb?”

Hakim bunun daha sonra müzakirə ediləcəyini bildirib. Məhkəmənin davamında zərərçəkmiş Yalçın Abdullayev də ifadə verib.

Abdullayev Xəyyamı keçmiş tanışı Elçin Əliyevə görə tanıdığını deyib: “Elçin buna oğlu kimi baxırdı, hörmət edirdi. Hər gün Elçingilin evində idi. Biz iş görməyə başlayanda mənə Elçindən danışmağa başladı. Elçinin mənim arxamca danışdığını, söydüyünü deyirdi. Bizi bir-birimizə düşmən elədi. Sonra mənimlə iş görməyə davam elədi. Bankdan kredit də götürüb verdim. Amma sonradan bunun dediklərinin yalan olduğunu gördüm. Bir neçə dəfə iş üçün aldığı pulu qaytardı. Amma sonradan aldıqlarını vermədi. Onunla bir neçə dəfə səfərdə olduq. Orada gördüm ki, bu adam bahalı həyat yaşayır, bahalı hədiyyələr alır. Bakıya qayıdandan sonra onun dediklərinin hamısının yalan olduğunu öyrəndim”.

Yalçın Abdullayev təqsirləndirilən şəxsə təzyiq və hədə-qorxu gəlinməsi haqda deyilənlərin yalan olduğunu söyləyib: “Bu adamın ətrafında xeyli polis dostu, tanışı var idi. Necə oldu ki, bir nəfərə məsləhət eləmədi, bir yerə şikayət yazmadı? Dedikləri cəfəngiyyatdır. Səs yazısının zorla yazıldığını deyir. Ancaq elə deyil. Mən aldadıldığımı biləndə bunun özü ilə söhbət elədim. Dedim ki, mənə həqiqəti danışsın. O da danışdı. İndi deyir ki, məni armaturla döyüblər”.

Yalçın Abdullayev Mahirə Süleymanovaya da heç bir təzyiq göstərilmədiyini deyib. Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Sabir oğlu Abdullayev ərizə ilə Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında idi. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənmişdi.

Həmçinin oxuyun

İstintaq başa çatdı, ancaq biznes-ledi hələ də ərini qətlə yetirdiyini etiraf etmədi

Əri 40 yaşlı Araz Sofiyevin qətlində təqsirləndirilən “4S” şirkətinin rəhbərinin keçmiş müavini Rəna Sofiyevanın cinayət …