Ana səhifə / Kriminal / Şəmkirin17 ay istintaq olunan sabiq İH başçısının məhkəməsi başlayır

Şəmkirin17 ay istintaq olunan sabiq İH başçısının məhkəməsi başlayır

Şəmkirin sabiq icra başçısı, ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX)əməkdaşları tərəfindən həbs olunan Alimpaşa Məmmədovun məhkəməsi başlayır. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İş üzrə ibtidai istintaq 17 ay davam edib və nəhayət, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası noyabrın 10-a təyin olunub.

Fazil Məmmədovla Alimpaşa Məmmədov elə bir “məktəb” keçiblər ki…” –  Şəmkirli iş adamı – Yenicag.Az

Keçmiş vergilər naziri Fazil Məmmədovun “sağ əli” hesab olunan Alimpaşa Məmmədov, uzun illər vergi orqanlarında yüksək vəzifələr tutub. O, Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Bir müddət Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəisi vəzifəsinə gətirilib. Bir neçə rayonda vergi rəisi işləyən Alimpaşa Məmmədov nəhəng pullara sahiblənərək oliqarxa çevrilib.

2014-cü ildə isə Ramiz Mehdiyevin və Fazil Məmmədovun dəstəyi ilə Alimpaşa Məmmədovun karyerasınada yeni dövr başlayıb. Ramiz Mehdiyevin təqdimatı ilə o ölkənin ən böyük rayonlarından biri olan Şəmkirə icra başçısı təyin edilib. Bu tarixdən sonra 200 mindən çox əhalisi olan rayonda sahibkarların “qara günləri” başlayıb. Çünki Alimpaşa Məmmədov vergi orqanlarında qazandığı “təcrübəni” tam gücü ilə Şəmkirdə tətbiq edib.

Alimpaşa Məmmədov əksər mənimsəmə cinayətlərini oğlu Adil Adilzadənin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır. Belə ki, rəsmi məlumata görə, Alimpaşa Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb. Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən “Şəmkir Səbəti” də “Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis edilib. 2017-ci ildə bu müəssisənin açılışı olub. Açılış mərasimində Alimpaşa Məmmədov da iştirak edib. Keçmiş başçı Şəmkir Şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğluna cəmi 180 manata satılmasını da təmin edib.

Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub. Bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar  “Az Forel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat), “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) də var. Sabiq başçı rüşvətlə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb. Balıqartırma müəssisəsi Şəmkirçay Su Anbarının sahilində yerləşir. Kür qəsəbəsində yerləşən təsərrüfatda Alimpaşa Məmmədovun 30-dan çox maral saxladığı da üzə çıxmışdı.

“Yeni Müsavat”a daxil olan məlumata görə, uzun illər Alimpaşa Məmmədovun 1-ci müavini olmuş, hazırda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətində  Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim  Mustafayev və sabiq başçının köməkçisi Mahir Əliyev da istintaqa cəlb olunublar.

ALİMPAŞA MƏMMƏDOVUN OĞLUNA YARATDIĞI BİZNES ŞƏBƏKƏSİ - Ticarət Mərkəzi,  şirkətlər, zavodlar... + FOTOLAR | AzPolitika — onlayn siyasi-ictimai qəzet

“Park Kolizey” MTK-nın rəhbəri Famil Xəlilov da bu iş üzrə dindirilib. Onun da Şəmkirdəki tikinti maxinasiyalarına görə həbs oluna biləcəyi iddiası vardı. Sonradan isə bu məsələ arxa plana keçdi. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Ancaq xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb. Belə ki, “20 Yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az-nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Famil Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib.

Alimpaşa Məmmədovla sövdələşən Famil Xəlilovu hansı cəza gözləyir? -  hüquqşünasdan açıqlama - Alp.Az

“Alimpaşa Məmmədovun Şəmkirdə bu gün də dəstə üzvləri var. 2018-ci ildən bu yana onun Şəmkirdəki cinayətkar fəaliyyəti haqda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çoxsaylı şikayətlər yazmışam. Məni onun işi üzrə zərərçəkmiş qismində tanıyıblar. Bu gün onun vəzifələrini Fəxrəddin (Fəxrəddin Vəliyevi nəzərdə tutur)müəllim icra edir. Faktiki isə rayonu Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev idarə edir. Onu da himayə edən Orxan Mürsəlovdur. Bu adam Alimpaşa Məmmədovdan Qüdrət Əliyevin əli ilə hər ay ”haqq” alıb. Ona görə də bu gün də onların cinayətlərinin üstünün açılmasına mane olurlar”.

Bu sözləri Şəmkir sakini Sakit İsmayılov deyib. O, “Yeni Müsavat”a bildirib ki, Alimpaşa Məmmədov tutulsa da, Şəmkir faktiki olaraq onun komandasının nəzarətindən çıxmayıb: “Onun müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva heç zaman iş yerində tapılmır. Alimpaşa Məmmədov başçı vəzifəsində olduğu dönəmdə Şəmkirdəki bağçalarda uşaqlara nə yemək verilir, nə içmək. Bu gün də eyni vəziyyətdir.  Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri İlqar Quliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayev, başçı köməkçisi Mahir Əliyev və Aynur Abdullayeva onun göstərişləri ilə işləyirlər”.

Həmçinin oxuyun

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədardaha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.Britaniya …