Ana səhifə / Kriminal / Səlim Müslümov kollegiya keçirdi, tapşırıqlar verdi

Səlim Müslümov kollegiya keçirdi, tapşırıqlar verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət məşğulluq siyasətinin icrası, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və səmərəli məşğulluğunun təmin edilməsi, əmək bazarının tələbləri əsasında aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclasda çıxış edib: “Ümumən dünya iqtisadiyyatı üçün ciddi çətinliklərin yaşandığı 2016-cı ildə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, mükəmmməl islahatlar kursu respublikanın dinamik inkişafının qoruyub saxlamağa imkan verib. Belə ki, ötən il qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı 2,6 faiz artmış, bütün sosial proqramlar uğurla icra edilmiş, sosial təşəbbüslər daha da genişləndirilmişdir. Əmək haqlarında 7 faiz, pensiyalarda 8 faiz artım qeydə alınıb, digər sosial ödənişlərin artırılması təmin olunub. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır”.

Nazir ötən ilin əsas uğurlarından biri kimi, əmək bazarında da sabitliyin qorunub saxlandığını, ölkəmizdə daha 100 mindən çox daimi iş yerinin yaradıldığını diqqətə çatdırıb: “İqtisadi şaxələndirmənin genişlənməsinə yönələn dövlət investisiya layihələrinin icrası, tranzit potensialının artırılması, yeni sənaye parklarının və zonalarının yaradılması, inşaat sektorunun inkişafı və bunun nəticəsində tikinti materialları istehsalı sektorunun canlanması və s. istiqamətlərdə cari ildə də atılacaq addımlar on minlərlə yeni iş yerlərinin yaranmasına imkan verəcək. Bu amillərlə yanaşı, ənənəvi kənd təsərrüfatı sahələri üzrə istehsalın artırılması üçün tədbirlərin davam etdirilməsi ilə əmək resurslarının səmərəli məşğulluğunun təminatının, ölkənin əmək bazarında müsbət proseslərin sürətlənməsi müşahidə olunacaq”.

S.Müslümov ötən il nazirliyin məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. Onlardan 20 475 nəfəri gənclər olub: “Möhtərəm dövlət başçımızın sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində keçən il dövlət təşkilatlarında on minlərlə iş yerinin yaradılması və bu iş yerləri üzrə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında xüsusi önəm kəsb edib. Həmin iş yerlərinə göndərişlərin verilməsi prosesinin şəffaf şəraitdə həyata keçirilməsi üçün bu prosesə ciddi nəzarət olunub. Təqdim olunmuş vakansiyalar üzrə ilk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğunun təminatına üstünlük verilib. Cənab Prezidentin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması nəzərdə tutulub. Artıq bu prosesə, eləcə də məşğulluq orqanlarına məlumatların təqdim olunmasına başlanılıb”.

Nazir Azərbaycan İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə özünüməşğulluq proqramının icrasına başlanmasını ötən il sosial sahədə önəmli tədbirlərdən biri kimi vurğulayıb: “Ölkənin 76 rayon və şəhəri üzrə bu proqramda iştirak etmək istəyən işsiz və işaxtaran vətəndaşlar biznes bilik və bacarıqlarına yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb ediliblər. Ötən ilin noyabr ayının əvvəlindən kursları başa çatdıranlar üçün qiymətləndirmə prosesinə başlanılıb və hazırda davam etdirilir. İndiyədək qiymətləndirmədən keçənlərdən 600 nəfərə yaxın vətəndaşın biznes-planları uğurlu hesab olunub və onlara sertifikatlar verilib. Yaxın günlərdə həmin şəxslərin biznes-planlarının reallaşdırılması üçün mal və materiallar formasında dəstəklənməsi təmin ediləcək”.

2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən 1147 nəfərin haqqı ödənilən ictimai işlərə göndərildiklərini qeyd edən S.Müslümov bildirib ki, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yolu ilə əmək bazarına çıxış imkanlarına yiyələnməsi üçün nazirlik peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili işlərini də davam etdirib: “Ötən il təşkil edilən bu kurslara ümumilikdə 3 702 nəfər şəxs (o cümlədən məşğulluq orqanlarının xətti ilə 3 352 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 350 nəfər) cəlb edilib ki, onlardan 500 nəfərə yaxını əlilliyi olan şəxslər olub”. Nazir əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılmasının “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əksini tapan prioritetlər sırasında olduğunu qeyd edib: “Bu baxımdan nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün son illərdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı, Naxçıvan, Göyçay şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir, Gəncə şəhərində də belə bir mərkəz istifadəyə veriləcək. Bu sistemin gələcəkdə regional şəbəkəsinin daha da genişləndirilməsi diqqətdə saxlanacaq”.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, son illərdə əmək və sosial müdafiə sisteminin müasir texnologiyalar əsasında qurulduğunu qeyd edən S.Müslümov əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sistemlərinin yaradıldığını, nazirliyin 30-a qədər elektron xidmətinin istifadəyə verildiyini bildirib: “Növbəti mərhələ kimi, nazirliyin digər fəaliyyət sahəsinin – məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır. Artıq bu işlər yekunlaşmaqdadır. Yeni elektron sistem işsiz və işaxtaran vətəndaşların münasib iş yeri ilə təminatı və əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi işinin daha səmərəli və çevik təşkilinə imkan yaradacaq. Ümumilikdə, nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, əhaliyə məşğulluq xidmətlərinin də müasir əsaslar üzərində və daha səmərəli təşkili yönündə cari il ərzində lazımi tədbirlərin görülməsi təmin ediləcək”
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, il ərzində boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən ibarət 3 093 nəfər Xidmətin Əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib. Xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə Səyyar Əmək Birjalarının fəaliyyəti də il ərzində davam etdirilib. Peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib, onlara əmək bazarına uyğun düzgün peşə və ixtisas seçimi etmələri məqsədilə peşəyönümü məsləhətləri verilib. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən 10 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 370 müəssisə tərəfindən 1 838 boş (vakant) iş yeri təqdim olunub, 215 nəfərə işə göndəriş verilib, işəgötürənlər tərəfindən 2 348 nəfər məzun və tələbənin şəxsi məlumatları qəbul edilib. Dövlət məşğulluq siyasətinin icrasında işəgötürənlərlə əməkdaşlığın mühüm rolu nəzərə alınaraq, il ərzində işəgötürənlərlə görüşlər, dəyirmi masalar təşkil olunaraq, birgə fəaliyyətin səmərəli təşkili ilə bağlı məsələlər müzakirə olunub. Xidmət tərəfindən digər müvafiq istiqamətlərdə görülən işlər də diqqətə çatdırılıb.
İclasda görülən işlərin müsbət nəticələri qeyd olunmaqla yanaşı, yol verilən nöqsan və çatışmazlıqlardan da bəhs olunub. Fəaliyyətində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələr müzakirə olunub və nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın