Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Rusiyada azərbaycanlı sahibkarın üstünə benzin tökən polis axtarılır

Rusiyada azərbaycanlı sahibkarın üstünə benzin tökən polis axtarılır

Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamının üzərinə benzin tökən polis əməkdaşı barəsində cinayət işi açıb.

APA-nın məlumatına görə, RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi tərəfindən Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı Rövşən Allahverdiyevin üzərinə benzin tökən polis əməkdaşı Mixail Vinoqradova və cinayətdə əli olan polis polkovnik-leytenantı Oleq Xristinova qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində O. Xristinov saxlanılsa da, M. Vinoqradovu tapmaq mümkün olmayıb. O, qaçaraq gizlənib. İstintaq İdarəsinin əməkdaşları məlum cinayət işi əlaqədar ilə Jukov soyadlı daha bir polis əməkdaşını saxlayıblar. Onun barəsində heç yerə getməmək barədə iltizam tədbiri seçilib. Xristinov barəsində isə həbs qərarı çıxarılıb. M. Vinoqradovun axtarışları davam etdirilir.

Qeyd edək ki, noyabrın 22-də Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı Rövşən Allahverdiyev özünü yandırıb. Korolyov şəhərinin Podlipka dəmiryolu stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşı, Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan “haqq” tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Stansiya ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib.

Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Korolyov Şəhər Polis İdarəsinin əməkdaşları Vinoqradov, Xristinov və Jukov 10 il ərzində Podpilka stansiyası ətrafında sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşlarından daim pul alırmışlar. Bir müddət öncə isə adıçəkilən polis əməkdaşları “haqq” verməkdən imtina edən Rövşən Allahverdiyevi zorla maşına mindirərək meşəyə aparıblar və orada onu döyərək hədələyiblər. Bütün bunları R. Allahverdiyev ilkin istintaqa ifadəsində bildirib.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi tərəfindən polis əməkdaşları Vinoqradov, Xristinov və Jukov barəsində Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərini aşma” və digər maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …