Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib
Bu barədə oktyabrın 31-də Baş Prokurorluq məlumat yayıb.
Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadə «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun vəsatətləri əsasında Rusiyadan ekstradisiya olunublar.
Həbib Kaltayev dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, həmçinin döyüş təlimlərində iştirak etməkdə ittiham olunur.
Məhərrəm Miriyev xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadə isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməkdə şübhəli bilinirlər.
Məlumata görə, onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa verilmişdilər.
Adıçəkilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq oktyabrın 30-da Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.