Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət üzrə dövlət agentliyi “Rosselxoznadzor” Azərbaycanı bu dəfə Moskvaya zərərli pomidor göndərməkdə ittiham edib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rosselxoznadzor”un əməkdaşları Mojayskdakı “Zapadnıe vorota” və Kolomnadakı “Severnaya zvezda” anbarlarından istifadəyə yararsız 173 ton idxal pomidor və alma müəyyən ediblər.
Anbarlarda yoxlama zamanı Serbiya, Azərbaycan və İspaniyadan idxal olunmuş alma və pomidorlardan nümunələr götürülüb. Məlum olub ki, onların tərkibində pestisidlər və nitratlar yol verilən normadan çoxdur.
Serbiyadan idxal olunan almaların tərkibində təhlükəli kimyəvi maddə olan proparqitin normadan dörd dəfə yüksək olduğu, habelə tsipermetrin, pirimakarba və flutirafol maddələrinin normadan artıq olduğu müəyyən edilib. Azərbaycan və İspaniyadan idxal olunan pomidorların tərkibində isə deltametrin və piriproksifen maddələrinin normanı aşdığı aşkar edilib.
Xəbər verildiyi kimi bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanın Türkiyə istehsalı olan pomidorları öz məhsulu adı altında Rusiya bazarına ixrac etməsindən şübhləndiklərini açıqlamışdı. Bu agentliyin rəhbəri bildirmişdi ki, yanvar ayında, Türkiyə pomidorlarının Rusiya bazarına daxil olmasına qadağa qoyulmasının ardınca Azərbaycan Rusiyaya pomidor ixracını birdən birə 5 dəfə artırıb. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi isə bu şübhənin əsassız olduğunu bildirir. Nazir Heydər Əsədov jurnalistlərə bildirib ki, “Rosselxoznadzor”un nümayəndələri Azərbaycana gəlib pomidor istixanalarının bol məhsul verdiyini özləri də görə bilərlər.