Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Razi Nurullayev: “Manatın dəyərdən düşməsinin günahkarları cəzalanmalıdır”

Razi Nurullayev: “Manatın dəyərdən düşməsinin günahkarları cəzalanmalıdır”

“Manatın ölməsində və iqtisadiyyatımızın bu günə düşməsində günahkar olanlar cəza çəkməlidir. Bir iki iş adamını tutmaqla, ölkədən çıxmasına qadağa qoymaqla və o cümlədən bir neçə bankı qapatmaqla nə manatı xilas etmək mümkündür, nə də xalqı görülən tədbirlərin effekt verəcəyinə inandırmaq”.
Bu sözləri yeni AXCP-nin sədri Razi Nurullayev deyib.
Partiya sədri qeyd edib ki, bugün guya ölkəni ağır durumdan çıxarmağa çalışanlar, elə vəziyyətin bu həddə çatmasına səbəb olanlar özləridir: “Məsələnin eybəcərliyi bundadır ki, bank sistemini bu günə qoyanlar, büdcə pulunu talayıb özlərinə varidat yığanlar, savadları və düşüncələri rüşvətə və korrupsiyaya bukaşnağa çatanlar indi ölkəni böhrandan çıxarmaq üçün vəzifə başındadırlar. Əgər bir qurd bir qoyunu parçalayıbsa və qoyun ölüm ayağındadırsa, onu sağaltmaq üçün yenidən qurda həvalə etmək gülüncdür. Onu sağaltmaq üçün savadlı və vicdanlı həkim lazımdır. Azərbaycan xalqı bu həkimi gözləyir ki, onun yaralarını sağaltsın. Ölkənin milyardları ola-ola ölkəni ixracatdan asılı vəziyyətə salanlar, kənd təsərrüfatını böyrü üstə qoyanlar, bütün yararlı torpaqları satıb ölkəni məhv edənlər məsuliyyət daşımalıdır. Lazımdırsa, ölüm hökmünü bərpa edib ən sərt tədbirləri tətbiq etmək lazımdır ki, qorxu mühiti yaransın”.
“Çıxış yolu hələ də var” deyən partiya sədri əlavə edib ki, savadlı və ləkələnməmiş kadrları işə cəlb etmək lazımdır: “Bir bütöv qoyunun kababını yeməyi özünə fəxr bilən, Biləcəridən o taya qədərdən uzaq düşünə bilməyən, acgöz, qarınpa adamlardan dövlət qulluqçusu olmaz. Bizi – müxalifəti bəyənmirsiniz, eyib etməz, xalq və millət naminə, təcili şəkildə, ölkəyə xarici mütəxəssislər cəlb edin. Yapona, almana, koreyalıya, fransıza, lap belə ərəbə vətəndaşlıq verib onları vəzifəyə təyin etməkdə zərurət var. Onları proqramların hazırlanmasına cəlb edirlər, amma icrasını verirlər gözü-könlü aclara.
Bu bilirsiniz nəyə bənzəyir? Alman yüksək keyfiyyətli, sürəti saatda 400 km-ə çatan avtomobil hazırlayır və bunu sınaqdan keçirməyi ömrüboyu, “hərənin öz tayı, öz payı” filmində deyildiyi kimi, “belorusiyət” maşını sürənə (traktor) həvalə edirlər. O da onu çırpır divara. Azərbaycan indiki vəziyyətdə yüksək sürətlə daş divara vurulan maşın kimidir”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın