Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Rasim Məmmədov məhkəmə qarşısına çıxarıldı – “Baku Steel Company” mənimdir”

Rasim Məmmədov məhkəmə qarşısına çıxarıldı – “Baku Steel Company” mənimdir”

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) rəhbəri Rasim Məmmədovun məhkəməsinə hazırlıq iclasında anket məlumatlarının dəqiqləşdirilməsi məsələsinə baxılıb.

Rasim Məmmədov mənimsəmədə ittiham olunur. Səhər saat 11-də başlayan hazırlıq iclasına gəlmiş müttəhimin qohumları, jurnalistlər və özlərini Rasim Məmmədovun vəkilləri kimi təqdim edən xaricilər qapı arxasında qalıb. Hakim hazırlıq iclasını açıq elan edəndən sonra Rasim Məmmədovun müdafiəsinə yeni qoşulmuş vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova orderlərini təqdim ediblər. Vəkillər məhkəməyə bir neçə vəsatət veriblər. Vəsatətlərdən biri Rasim Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı olub. Vəkil Elçin Sadıqov vəsatəti belə əsaslandırıb: “Təqsirləndirilən şəxsin üç övladı var, biri azyaşlıdır. Səhhətində problemlər var. 19 ay həbsdə saxlanması əsaslardan biridir ki, ev dustaqlığına buraxılsın. 19 ay istintaqı uzadıblarsa, deməli, sübut tapa bilməyiblər. Müdafiə etdiyim şəxs ev dustaqlığına buraxılacağı halda, kiməsə təsir göstərmək imkanı yoxdur, əsaslardan biri də odur ki, konkret yaşayış ünvanı var”.

Digər vəkil Zibeydə Sadıqova vəsatəti müdafiə edib: “Həbs-qətimkan tədbirinin uzadılması üçün əsaslar olmalıdır. 19 ay həbsdə olub, o müddətdə cəmi üç dəfə dindirilib. Məhkəməyə isə 13 cildlik ittiham göndərilib”. İkinci vəsatətsə işə yeni qoşulduqları üçün cinayət işi materiallarıyla tanış olmağa möhlət verilməsiylə bağlı olub. Vəkillər buna görə iki həftə vaxt istəyib. Elə Rasim Məmmədov özü də ittiham aktıyla tanış olmaq istədiyini dilə gətirib: “19 aydır həbsdəyəm. Müstəntiqi üst-üstə 3-4 dəfə görmüşəm. İttiham aktını ümumiyyətlə görməmişəm, mənə verilməyib, heç bilmirəm orda nə yazılıb”.

Üçüncü vəsatət müttəhimin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturdulması, məhkəmə iclaslarının audio və videoyazıyla aparılması, müttəhimin məhkəməsinə gələn şəxslərin və jurnalsitlərin iclasda iştirakının təmin olunmasıyla bağlı olub.

Dövlət ittihamçısı Orxan Səmədov həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac olmadığını deyib və vəsatətin təmin olunmamasını istəyib. Hazırlıq iclasının təxirə salınmasına isə etiraz etməyib.
Müşavirədən qayıdan hakim həbs-qətimkan tədbiriylə bağlı vəsatətin təmin olunmadığını, məhkəmə iclaslarının açıq keçirildiyini, hazırlıq iclasının davamının sentyabrın 2-nə təyin edildiyini bildirdi. Digər vəsatətlərsə baxılmamış saxlanılıb.

Qeyd edək ki, işdə əmlakları üzərinə həbs qoyulmuş şahidlər var, həmin şahidlərin hüquqlarını vəkil Bəxtiyar Hacıyev müdafiə edəcək. 46 yaşlı Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilir. O, 2021-ci il yanvarın 31-də DTX tərəfindən saxlanılıb, fevralın əvvəlində barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda məhkəməyə DTX-nın istintaq təcridxanasından gətirilir.

Rasim Məmmədovun adı zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gəlib. Ən böyük qalmaqallardan biri də Zülfüqarlı qardaşları ilə onun arasında baş verib. Nurəddin Zülfüqarlı və qardaşları bildirirdilər ki, öz zəhmətləri hesabına inkişaf etdirdikləri zavod onların əlindən zorla alınıb. Bununla əlaqədar uzun müddət tərəflər arasında məhkəmə çəkişmələri gedib. Zülfüqarlı qardaşları üzə çıxarmışdı ki, onlardan alınandan sonra zavod Lerik sakini Gəray Məmmədovun adına keçirilib.
“Baku Steel Company” MMC monopoliyada da ittiham olunurdu. Zavod rəhbərliyini monopoliyada ittiham edənlərdən biri də keçmiş deputat Nazim Bəydəmirli idi. N.Bəydəmirli bildirdi ki, rəsmi qaydada R.Məmmədovdan şikayətçi olacaq, bu haqda istintaqa ərizə verəcək: “O, 9 il əvvəl tutulmalı idi.
Minlərlə ailəni çörəksiz qoyduğuna, 20-dən çox müəssisəni zəbt etdiyinə görə. Mən vəkillə məsləhətləşib, zərərçəkmiş qismində tanınmaq üçün müraciət edəcəyəm”.

Media isə uzun illərdir ki, Rasim Məmmədovu Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “qara kassası” kimi təqdim edir.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …