Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Rasim Məmmədov məhkəməsində Əvəz Zeynallının həbsindən danışdı

Rasim Məmmədov məhkəməsində Əvəz Zeynallının həbsindən danışdı

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttihama görə, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutarkən sui-istifadə hallarına yol verib, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədov müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub. Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Müttəhim ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir. İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər  tədqiq olunur. Prosesdə cinayət işində yer alan  və şirkətdə aparılan audit yoxlamaların protokolları araşdırılıb.

Rasim Məmmədov protokollarda işə aidiyyəti olmayan rəqəmlərin yazıldığını bildirib:

“Biri gəlir deyir ki, 150 mindir, o biri deyir 600 mindir. Bu adam “Azəri Stell”də ayda 50 min manat maaş alıb. Düzdür? Hər ay ona “Azəri Stell”i idarə etmək üçün 50 min manat maaş verilib. 10 il ərzində “Azəri Stell”in yiyəsi ayda 50 min manat olmaqla ildə 600 min manat maaş verib. 600 min manatı da vurun 10 ilə. Olur 6 milyon. 6 milyonu götürən özü üçün küçədə sərbəst gəzir. İşlərini görüblər. İndi də “Azəri Stell”in hər işini atırlar mənim üstümə. Yusif hər ay 50 min maaş alıb. Mən heç o qədər maaş almamışam. İndi də onun bütün yükünü mənim üstümə atırsız. Bəlkə məni psixoloji xəstəxanaya göndərib. Psixoloji durumumu yoxladasız? Bəlkə mən dəli olmuşam? Filankəslərlə elə-belə foto çəkdirmişəm? Mənim funksiyayam nə olub? Mən kiməm?

Deyirsiz ki, o qədər pulu mən mənimsəmişəm. Mən həyatda çox şey fikirləşə bilərdim. Amma belə bir anekdot heç ağlıma gəlməzdi. Canım çıxıb o zavodu almışam. 10 il o zavodu tikmişəm. Nə maaş verdilər, nə bir şey. İndi məndən nə istəyirsiz? Bu zavodların yiyəsi vardısa. Gedərdi cənab prezidentin yanına, canı çıxardı, zavodlarını açardı da. Gələrdi də Əli, Vəli, deyərdi ki, Rasim sən get dur qıraqda, biz zavodu açırıq. Adminstrasiyaya iclaslara gedərdi də. Eləyəydi də biri bunu. Mən 10 il Adminstrasiyada iclaslara getmişəm. Ortada pul qazananlar, maaş alanlar qalıb qıraqda, mən 24 aydır ki, həbsdəyəm. Nə pislik etmişəm? Kreditlər almışam, zavodlar tikmişəm də. Mən o zavodları almasaydım, necə olacaqdı? Heç almamışam. Nə olacaqdı? Alıb pislik eləmişəm? Nə lazımdır, hamısının da qeydiyyatını aparmışam. Mənim işim qeydiyyat aparmaq olub də, qeydiyyatını da aparmışam.

Möhtərəm hakim, mən quldurluq eləməmişəm. Məni həbs edəndə dedilər ki, sənin borcun var. Soruşdum nə qədər borcum var? Dedilər 15 milyon. Araşdırdılar, mənim adıma çıxan 15 milyon da başqasında çıxdı.

Dedim ki, yaxşı, 10 il ərzində mən 15 milyon götürmüşəm? Bu nə arifmetikadır? Pul qoyan mən, zavod tikən mən, türməyə düşən də mən? Əmlaklarımı da satmışam, əlimdən çıxıb. Uşaqlarım xaricə qaçıb.

Möhtərəm hakim, mən ona görə sizə deyirəm ki, məni xəstəxanaya göndərin. Bəlkə doğurdan da mənim beynim qaçıb? Bu adamlar da burada oturublar, qalxıb deyirlər ki, ziyan çəkmişik. Hamı bunlar kimi ziyan çəkmək istəyər. “Baku Steel” 200 milyon qazanıb, “Azəri Stell” 100 milyon qazanıb.  15 milyon mənə vermişdilər, tutudular, hər şeyimi satdılar, qaytardılar. Daha məndən nə istəyirsiz?

Əvəz Zeynallı bütün günü danışır, söyür türmədə. O bilsəydi ki, türməyə düşəcək…

İnsanı şərləməzlər. Kimsə kimisə yalandan şərləyib türməyə aparmaq… bu günün sabahı da var. Mən nə istəyirəm ki? Deyirəm ki, hara qol çəkib götürmüşəm? Göstər də. Heç nə yoxdur axı. Mənim nəyim var satdılar, götürdülər.

“Azəri Stell”i işlədən Yusif, maaş alan Yusif, buxqalteri təyin edən Yusif, amma aldıqları krediti də mənə ödətdirdilər. 10 milyon. Mən 2017-ci ildə “Azəri Stell”i orada çıxarmaq istəmişəm. Çünki mən Mikayıl Cabbarovla danışdım, dedi ki, Rasim, bu işləri qurtarmaq lazımdır. Gəldim Çingizi də, Yusifi də oturtdum, dedim ki, daha belə eləməyin, sistemi dəyişdirin. Amma nə oldu? 2018-cə zəng gəldi, yoxlama oldu. Yusifə yenə 200 min verdim. 19 aydır orada oturdum, 4 aydır bura gəlib gedirəm. Dövlət bundan nə xeyir görəcək? Kimsə bu günə gedib mənim kimi Əmlak Komitəsindən bir sınıq-salxaq zavod alıb işlək vəziyyətə götürüb? “Azərboru”da olmusuz? Oranı pis düzəltmişəm? İndi də hər 5-ci gün məni bura gətirirsiz, 6 saat əsəblərimi korlayırsız. Nə istəyirsiz məndən?” 

Prosesdə Rasim Məmmədov hakimə bir foto təqdim edib. O, həmin fotonun iş görüşməsi zamanı yəhudi iş adamları ilə birgə çəkildiyini deyib, şərikinin də həmin fotoda olduğunu məhkəmənin diqqətinə çatdırıb. Ad çəkməsə də, söhbətin Bəylər Əyyubovdan getdiyi ehtimal edilən fotonun iş materiallarına sübut kimi əlavə edilməsini istəyib. Lakin hakim fotonu Rasim Məmmədova qaytarıb.

Bundan sonra proses noyabrın 14-nə qədər təxirə salınıb.

Həmçinin oxuyun

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun …