Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Kriminal / “Ramiz Qəmbərov Rəhim Qazıyevə dedi ki, Şuşa getsə, səni güllələyəcəm”

“Ramiz Qəmbərov Rəhim Qazıyevə dedi ki, Şuşa getsə, səni güllələyəcəm”

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-ci ili tamam olacaq.

1992-ci il may ayının 7-dən 8-nə keçən gecə Şuşa şəhəri işğal olunub.
300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər…

Modern.az saytı Şuşanın işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.
Bu dəfəki müsahib o zaman Şuşada icra nümayəndəsi işləmiş Vaqif Hüseynovdur. O, 1992-cü ilin 7 mayını ürək ağrısı ilə xatırlayır…

İcra başçısının qətli insanları sarsıtdı

“1992-ci ilin 7 mayında artıq vəziyyət gərgin idi. Şuşalılar məhz bu günün axşamı işğal tarixini yaşayacaqlarını ağıllarına belə gətirmirdilər. Düzdü, ölkədə siyasi vəziyyət çox pis idi. Amma Şuşanın bu günkü tarixdə işğal olunması anlamına gəlmirdi. Bir haşiyə çıxım. 1991-ci il dekabr ayının 11-də rayon icra hakimiyyətinin başçısı Mikayıl Gözəlov iş başında qətlə yetirildi. Bu hadisə şəhər əhalisini son dərəcə sarsıtdı, ruh düşkünlüyü, qeyri-müəyyənlik yarandı.Dekabrın 19-da Mənsur Məmmədov icra hakimiyyətinin başçısı təyin olundu. Əhali bu təyinatı normal qarşıladı. Çünki Məmmədov camaatın hörmət etdiyi bir ziyalı idi.Gözəlovun qətlindən sonra şəhər əvvəlki vaxtlardan fərqli olaraq daha intensiv atəşə tutulurdu. Evlər dağılır, yanır, insanlar evsiz-eşiksiz qalır, çıxış yolu axtarılırdı.Bu arada o vaxtkı müdafiə nazirinin müavini Dadaş Rzayev Şuşaya gəldi. Dediyinə görə, silah-sursat da gətiribmiş. Lakin onun gəlişi ilə şəhərdə yaxşılığa doğru heç nə dəyişmədi. İki-üç gün qalandan, şəhərin müdafiəsinin vəziyyətini, görüləcək işləri müəyyən etdikdən sonra o, Bakıya qayıtdı”.

Müdafiə naziri Tacəddin Mehdiyev Şuşaya niyə gəlmişdi?

Vaqif Hüseynov deyir ki, Xocalı faciəsi törədilməmişdən öncə, Şuşa erməni hücumlarına intensiv olaraq məruz qalırdı.

“1992-ci ilin yanvar ayının 20-dən 22-ə qədər erməni atəşi nəticəsində şəhərdə 64 ev dağıdıldı. Müvafiq sənədləşmə işləri aparıldı, fakta görə cinayət işi başlanıldı. Yanvarın 23-də müdafiə naziri Tacəddin Mehdiyev gözlənilmədən Şuşaya gəldi. Rəhbərlik şəhərdə əhalini sakitləşdirməyə çalışır, çıxış yolu axtarırdı. Bu baxımdan Tacəddin Mehdiyevi qarşılayan olmadığı üçün o bərk əsəbiləşmişdi. Mehdiyev raykomun akt zalında iclas keçirdi. O bildirdi ki, ordu yoxdur, əlimizdə nə varsa, onunla vuruşmalıyıq.

“Mən gəlmişəm, özümlə qüvvə gətirmişəm, üç günə Daşaltını alacağam” deyirdi. Əlbəttə, heç kim zalda erməni casusunun olub-olmadığına zəmanət verə bilməzdi. Sonra o, hərbi komissarlığa yollandı. İki gün orada təkbaşına hücum planı işlədi və… Ayın 26-da Daşaltıya hücum etdi. Əməliyyat iflasa uğradı, xeyli ölən, yaralanan oldu. Şəhər matəmə büründü. Əhali son dərəcə hiddətli, köməksiz bir vəziyyətdə idi. Bilmirdi neyləsin, kimdən kömək istəsin. Bir halda ki, respublikanın müdafiə nazirinin döşünə döyə-döyə hazırlayıb rəhbərlik etdiyi əməliyyat belə nəticələndi, onda kimə ümid etməli? Daşaltı uğursuzluğundan sonra Şuşanın süqutu günbəgün yaxınlaşırdı. Bu, azmış kimi, əməliyyatdan iki gün sonra, yanvarın 28-də Xəlifəli kəndi üzərində 1 vertolyotumuz vuruldu. İçində nə qədər adam vardı, hamısı həlak oldu. Matəm içərisində olan camaat sağalmaz bir zərbəni də burdan aldı.

Rəhim Qazıyev kimin adamı idi?

Müsahibimizin sözlərinə görə, Şuşanın işğal ərəfəsində ölkədə qarışıq siyasi ab-hava hökm sürürdü.

“Fevralın əvvəllərində Rəhim Qazıyev Şuşaya gəldi. Bazar başında dedi ki, Ayaz Mütəllibov onu Şuşa cəbhəsinin komandanı təyin edib.

“Qüvvə gətirmişəm, qrad gətirmişəm, hər şey var. Laçın yolu ilə gəlmişəm, Xankəndini dağıdıb, Əsgəran yolu ilə qayıdacağam” deyirdi. Rəhim Qazıyev gələndən sonra icra hakimiyyətini demək olar ki, öz vəzifəsindən uzaqlaşdırdı. Dedi ki, hərbi məsələlər sizlik deyil, müdafiə məsələlərinə qarışmayın, təsərrüfat işləri ilə məşğul olun. Nə deyirik, onu edin. Fevralın 11-də Malıbəyli işğal olundu. Kənd gözümüzün qabağında yandırıldı. Zülm ərşə dirənmişdi. Heç bir kömək olmadı. Fevralın 17-də Qaradağlı kəndi işğal olunaraq soyqırıma məruz qaldı. Respublika rəhbərliyi ayılmadı ki, ayılmadı. Bu zərbələr azmış kimi, ümidi üzülmüş şuşalıların yeganə həyat yolu olan Zarıslı yolu da atəşə tutulmağa başladı. Qaldıq tam mühasirədə. Nə qədər haray çəkdik, yalvardıq ki, ay ölkə rəhbərliyi, heç olmasa bu yolu atəşə tutan nöqtəni susdur, şəhər yaşaya bilsin. Bu boyda ölkə rəhbərliyi ermənilərin bir atəş nöqtəsini susdura bilmədi. Şəhərdə qarışıqlıq başladı.

Ayaz Mütəllibov Xocalıya görə istefaya getdi. Yaqub Məmmədov gəldi. Onun gücü çatası iş yox idi. Çünki artıq respublikada rəsmi olmasa da, faktiki hakimiyyət Azərbaycan Xalq Cəbhəsinin əlində idi. Ölkədə hakimiyyət uğrunda mübarizənin yekun mərhələsi başlamışdı. Martın 9-da Rəhim Qazıyev milis idarəsində müşavirə keçirdi. Müşavirədə Qazıyev yeni vəzifə – özünün müavini və eyni zamanda Şuşa cəbhəsinin komandanı vəzifəsini təsis etdi. Bu vəzifəyə o, mayor Elçin Məmmədovu təyin etdi. Rayon rəhbərliyi müşavirəyə girmək üçün milis rəisinin qəbul otağında xeyli gözləməli oldu…
Martın 10-da R.Qazıyev qəflətən Şuşadan getdi. Yaqub Məmmədov Rəhim Qazıyevi hansı niyyət və məqsədləsə müdafiə naziri təyin etdi. Gözləmək olardı ki, şəhərdəki vəziyyəti hərtərəfli bilən yeni müdafiə naziri Şuşanın müdafiəsi üçün təsirli tədbirlər görəcək, vəziyyət dəyişəcək. Əksinə, şəhərdəki hərbi qüvvələrin komandirləri arasında birlik olmadığından, hərəkət də yox idi. Bilinmirdi ki, bunlar kimin adamıdır, kimə tabedirlər. Şuşaya nə məqsədlə gəliblər. Sərxoşluq, narkomanlıq, mənəm-mənəmlik baş alıb gedirdi”.

Nəticəsiz müraciətlər

Vaqif Hüseynov deyir ki, ölkə rəhbərliyinə müraciətlər edilirdi.
“1992-ci ilin mart ayının 14-də Yaqub Məmmədova teleqramla müraciət edərək kömək istədik. Xəbər çıxmadı. Martın 24-də Ali Sovetin sessiyası keçirilirdi. Çox kəskin mətnlə ikinci teleqramı sessiyanın Rəyasət Heyətinə göndərdik. Vəziyyətin son dərəcə ağır olduğunu, belə getsə, yaxın vaxtlarda ermənilərin şəhəri işğal edəcəklərini bildirdik. Müdafiə naziri Qazıyev Şuşadakı vəziyyəti bilə-bilə sessiyada deyibmiş ki, bəs şuşalılar hay-küy salırlar. Ermənilər Şuşaya mənim meyidimin üstündən girə bilərlər. Martın 29-da Mənsur Məmmədov özü Bakıya kömək istəməyə getdi. Aprelin əvvəllərində Bakıda ikən o, vəzifəsindən azad edildi. Yeni icra başçısı rəhmətlik Nizami Bəhmənov təyin olundu. Aprelin 10-da o vəzifəsinin icrasına başladı.

İşə çox ciddi girişdi. Əhalini, idarə müdirlərini səfərbər etdi. Səhv etmirəmsə, Bəhmənov aprelin 17-də geniş iclas çağırdı. İclasa ağsaqqallar, məsul işçilər, hərbi dəstlərin rəhbərləri- Elçin Məmmədov, Tofiq Oğuz, Nail Kazımov, Məmməd Muradzadə, Əşrəf Fazili, Şuşa batalyonunun komandiri M.Abdullayev, milis rəisi, Fəxrəddin Səfərov, Ramiz Qənbərov və başqaları dəvət olunmuşdular. Nizami Bəhmənov tələb qoydu ki, şəhərdəki hərbi dəstələrin komandirləri vahid komandana tabe olmalıdırlar. Rəhim bəy bu vəzifəyə Elçin Məmmədovu təyin edib.
“Odur ki, burda hamı Qurana əl basıb, and içməlidir ki, Elçin Məmmədova tabe olacaqlar. Çünki belə getsə, biz məhv olacağıq” deyirdi. Xeyli davam edən bu iclasda heç kimi yola gətirmək mümkün olmadı. Bu arada Rəhim Qazıyev zəng vurdu. Vəziyyəti soruşdu ki, onlar tabe olurlar ya yox. Bəhmənov dedi, yox. Dəstəyi rəhmətlik Ramiz Qəmbərov aldı və sərt qaydada dedi: “Bəy, mən görürəm Şuşa veriləcək, əgər Şuşa verilsə, burdakı komandirləri və səni şəxsən özüm güllələyəcəyəm.” Çox çəkmədi ki, Ramiz Qəmbərov Hacı talasında ölümcül yaralandı və rəhmətə getdi.
Bu arada vəziyyət bir az sabitləşdi. Atəş ara verdi. Hərbi dəstələrin şəxsi heyəti özbaşınalıq edərək kimi şəhərdən qaçdı, kimi istirahətə buraxıldı. Əhali geri, evlərinə qayıtmağa başladı. Aprelin axırlarında N.Bəhmənov mühüm məsələlərin həlli üçün Bakıya getdi.

Mayın 7-də qayıtdı. Respublikanın o vaxtkı rəhbərliyinin cinayəykar biganəliyi ucbatından düşmən qarşısında tək qalan Şuşa mayın 8-də əlimizdən getdi. Yadımdadır, Sov İKP-nin son qurultayı ərəfəsində əhalinin xahiş və təkliflərini öyrənmək məqsədilə Bakıdan Şuşaya gələn nümayəndə heyətinə dedim ki, ay yoldaşlar, ermənilərin ordu yaratdıqlarını hər gün biz televiziya vasitəsilə izləyirik, onlar bu ordunu Şuşanın alınmasına görə yaradırlar. Bəs biz niyə yaratmırıq? Xankəndinə təcili ordu yeridilməlidir. Sonra gec olaçaq. Tarix boyu erməninin məqsədi Şuşanı almaq olub. Nə fikirləşirsiniz? Dedilər bizim ordu yaratmaq ixtiyarımız yoxdur. Prezident qvardiyamız var, bəsimizdir”.

Həmçinin oxuyun

12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb. Yaşar …

Bir cavab yazın