Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / “Ramiz Mehdiyevə zəng edib, o vaxt nələr olub soruşa bilmərəm” – Rasim Quliyev

“Ramiz Mehdiyevə zəng edib, o vaxt nələr olub soruşa bilmərəm” – Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Dilarə Əliyeva küçəsində yaşayan sakinlərin əlavə şahid kimi məhkəməyə çağırılması və “Səs” İnformasiya Agentliyinin söküntü aparılan binada yaşayan sakinlərlə bağlı hazırladığı araşdırmanın istintaq materiallarına əlavə edilməsi barədə vəsatət veriblər.
Həmin materiallarda Xalq artisti Şeyx Əbdül Mahmudbəyov və digər sakinlər tərəfindən Rasim Quliyevə müraciət olunaraq yardım istənilib.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra Rasim Quliyev dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokurorun Bakı Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra etmək üçün sərəncamın olub-olmadığı barədə suala cavab verən R. Quliyev bildirib ki, bununla bağlı heç bir sərəncam olmayıb. Təqsirləndirilən şəxs deyib ki, həmin vaxtı icra hakimiyyətində Aparat rəhbəri kimi çalışıb: “Həmin dövrdə sabiq icra başçısı Hacıbala Abutalıbov tərəfindən müavin vəzifəsinə təyinat üçün 3 nəfərin təqdimatını hazırlamaq göstərişi verildi. Həmin üç nəfərin içində mənim adım yoxuydu. Digər iki nəfərin isə intellektual səviyyəsi çox aşağı idi. Bununla bağlı Hacıbala Abutalıbova məktub yazaraq bildirdim ki, təqdimat üçün adı göndərilən şəxslər heç ərizə yaza bilmirlər. Bundan sonra ekstremal vəziyyət olaraq icra başçısının müavini vəzifəsi mənə tapşırıldı”.

R. Quliyev prokurorun suallarının cavabında sonradan apardığı araşdırma nəticəsində həmin sərəncamın da hüquqi cəhətdən düzgün tərtib olunmadığını bildirib: “Mənim müavin olmağım barədə Prezident Administrasiyasına məlumat verilməyib. Sərəncamdan sonra məndən əvvəl icra başçısının müavini olan Rauf Pənahovun rəhbərlik etdiyi komissiyalara rəhbərlik etməyə başladım. Əvvəl də dediyim kimi, mən müavin maaşı almamışam.

Həmin vaxt icraya sənədlər dövlət idarələrindən gəlirdi. Belə ehtimal edirəm ki, mənim səmimiyyətimdən istifadə ediblər. Hətta Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun yazışmalarından da aydın olur ki, Hacıbala Abutalıbov Baş nazirin müavini olduğu vaxtda da faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. Mən indi Ramiz Mehdiyevə zəng edib, o vaxt nələr olub soruşa da bilmərəm”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, 2018-ci ildə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra sentyabr ayında öz ərizəsi ilə Aparat rəhbəri vəzifəsindən azad olunub: “Həmin sənəddə də göstərilib ki, Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsindən azad olunsun. Mən Aparat rəhbəri vəzifəsindən azad olunmuşam, icra başçısının müavini vəzifəsindən deyil. Əgər müavin olmuşamsa, deməli, indiyə qədər də müavinəm, bu günə qədər də əməkhaqqı almalıyam”.

Daha sonra prokurorun Rasim Quliyevə “14 iyul 2018-ci ilə qədər nəyə görə müavin olmadığınız barədə təqdimat qaldırmadız” sualına cavabında təqsirləndirilən şəxs bildirib ki, bununla bağlı Hacıbala Abutalıbova müraciət edib.

Bundan sonra prokuror Hacıbala Abutalıbovu nəzərdə tutaraq Baş nazir müavininin icra hakimiyyəti işlərinə nə aidiyyəti olduğunu soruşub. R.Quliyev isə prokurorun sualına “Baş nazirin aidiyyəti yox idisə, niyə mənim məktubuma cavab verirdi”, – deyə cavab verib: “Mən Administrasiyaya müraciət etməli deyiləm, bunu başçı etməlidir”.

R. Quliyev daha sonra ittihamda qeyd olunan Dilarə Əliyeva küçəsindəki işlərlə bağlı sərəncamın kimin hazırladığı ilə bağlı suala cavab verib: “Həmin sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin tərəfində olan Bakı Şəhər Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayıb. Həmin vaxt idarənin möhürü də icra başçısında olub. Hacıbala Abutalıbov Baş nazirin müavini olduqdan sonra həmin möhür Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayevə verildi”.

Daha sonra Rasim Quliyev D.Əliyeva küçəsində söküntü aparılan zaman həmin ərazidə yaşayış olub-olmaması barədə sualı cavablandırıb: “2017-ci ildə sözügedən ərazidə söküntü aparılması ilə bağlı Hacıbala Abutalıbov “FF-2011” tikinti şirkətinə məktub yazaraq bildirib ki, qeyd olunan ünvanda – Dilarə Əliyeva 145 tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb. Sonradan həmin məktubun üzərində düzəliş edilərək qeyd olunub ki, bura Dilarə Əliyeva 141 də daxildir.

Məktubda qeyd olunub ki, söküntü işləri “FF-2011” tikinti firmasının vəsaiti hesabına aparılsın”.

Növbəti proses sentyabrın 9-a təyin olunublar.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …