Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qubalıların çörək ağacı, dolanışıq mənbəyi – REPORTAJ

Qubalıların çörək ağacı, dolanışıq mənbəyi – REPORTAJ

Quba Azərbaycanın əsas turizm guşələrindən biri olsa da, əhalisinin yaşam səviyyəsi bir o qədər də yüksək sayılmır. Şəhərin mərkəzi ilk baxışdan əhalinin maddi durumunun yaxşı olduğu təəssüratı yaradır. Gözəl təmirli dövlət idarələri, ictimai-iaşə obyektləri, banklar, xəstəxana, mədəniyyət evi və sair. Şəhərin mərkəzindən bir qədər kənara – kəndlərə doğru getdikcə, insanların yaşam səviyyəsinin o qədər də yüksək olmadığı ortaya çıxır. Qubada demək olar ki, işsizlik hökm sürür. Əgər evdə dövlətdən pensiya alan bir qoca yoxdursa, bu o deməkdir ki, həmin evin 1 manat da olsa sabit aylıq gəliri yoxdur. İnsanlar əsasən həyətyanı sahələrini əkib-becərməklə və maldarlıqla dolanır. Son illər Qubaya turistlərin marağının artması əhalinin ikinci gəlir mənbəyinə çevrilib.
“Yeni Müsavat”ın reportyor qrupu Quba səfərində əhalinin maddi durumunu, yaşam səviyyəsini, turizmə münasibətini müşahidə edib…
Müşahidələrimiz onu göstərdi ki, qubalılar turisti də, turistdən qazanmağı da çox sevir. Əvvəlcə başlayaq, yol boyu bizi müşayiət edən səyyar meyvə-tərəvəz satıcılarından. Demək olar ki, hər 10 metrdən bir çadır bezlərdən düzəldilmiş  kiçik çətirlərin altında həyətindən topladığı meyvələri vedrələrdə düzüb satan satıcılara rast gəlmək olar. Onlar bununla gündəlik çörəkpulu qazanmağa, bəlkə bir qədər də qışa tədarük görməyə çalışırlar. İnsafən alıcıları da az deyil. Yoldan keçən hər 4-5 maşından biri əyləyib onlardan nəsə alır. Yol boyu meyvə satanlardan başqa bir də ət satanlar gözə dəyir. Məlumdur ki, Qubada insanların əsas məşğuliyyəti maldarlıqdır. Hər gün 4-5 quzunu sürüdən ayırıb yol kənarına gətirir, elə oradaca kəsib-soyub satırlar. Ət alanlar isə piknikə gələnlərdir, kabab çəkmək üçün onlara müraciət edir, əsasən quzu ətinə üstünlük verirlər. Bir də yolkənarı kafelər bu səyyar qəssabların əsas müştəriləridir.
Bakı-Quba yolu ilə gedərkən qubalıların nə qədər zəhmətkeş olduğunun fərqinə varmamaq mümkün deyil. Burada uşaqdan böyüyə hər kəs daşdan çörək çıxarmağa çalışır. Yolun kənarında dayanan uşaqlar əllərində ləpə dolu stəkanları maşınlara tərəf uzadırlar. Bakı-Quba yolunun hər iki tərəfindən bəlkə də 100-ə yaxın uşaq əlində fındıq ləpəsi dolu stəkanla yola  düzülüb.
Biz də onların arasında lap azyaşlı olan iki uşağa çatıb maşını əyləyirik. Dərhal yanımıza qaçıb  məhsullarını satmağa çalışırlar. Deyirlər ki, bu ləpəni öz həyətlərindəki fındıq ağacından yığıblar. Yayda günlərini boş keçirməmək üçün gətirib stəkanı bir manatdan satırlar. Bu yolla gündə 5-6, bəzən 8 manat qazanırlar. Qazandıqlarını isə öz geyimlərinə, məktəb ləvazimatlarına xərcləyir, valideynlərinə yük olmamağa çalışırlar.
Başqa bir tərəfdə isə azyaşlı qızlar Quba dağlarından yığıb qurutduqları şəfalı bitkiləri satırlar. Bir sellofan paket kəklikotu, yarpızı və sair 1 manata təklif edirlər. Deyirlər ki, bu yolla gündə 5-6 manat qazanıb valideynlərinə kömək edirlər. Zəhmətkeşlik nümunəsi baxımından pozitiv bir hal-olsa da, ucsuz-bucaqsız yollarda, qızmar günəş altında, bir kölgələnəcək yerin belə olmadığı yol kənarlarında azyaşlı uşaqların çörək qazanmaq çabası insanı təsirləndirir. Bəziləri qüruruna sığışdırmayıb bunu sadəcə öz cibxərcliyi üçün etdiyini deyir, bəziləri isə imkansız olduqlarını etiraf edirlər.
Quba-Qəçrəş yolunun üstündə özlərinin evdə hazırladıqları turşu, doşab, mürəbbə, şoraba, eləcə də meyvə-tərəvəz satan bir qrup qadına rast gəlirik. Onlar buraya imkansızlıqdan gəldiklərini etiraf edirlər. Yaşı 70-ə yaxın olan Gülşah nənə deyir ki, aldığı pensiya ailənin yeganə sabit gəliridir, ancaq onların xərclərinə yetmir. Ona görə də, iki vedrə kartof, bir vedrə alma, bir vedrə gavalı gətirib yoldan keçənlərə satmağa çalışır. Hətta bəzən müştərilərini üzə salıb daha çox satmağa cəhd edir. Bir uzun çadırın altına 6 qadın toplaşıb. Milliyyətcə ləzgi olan digər qadınlar da ailələrinin yeganə qazanc gətirənidir. Onlar Qubada işsizliyin baş alıb getməsindən gileylənirlər.
Qəçrəş şəlaləsinin yaxınlığında isə bir qadın kiçik bir çətirin altında sac asıb qutab bişirir. Bizim bildiyimiz normal qutablardan 3 dəfə böyük olan kətələri 1 manat 50 qəpiyə satır. Deyir ki, ondan bir dəfə qutab alan, bir də alıb yeyir. Çünki bu kətələri Qubanın dağlarından yığdığı xüsusi göylərlə bişirir. Adını deməyə belə utanan qadın, günün altında, sacın istisinə dözərək balalarına çörək aparmağa gəldiyini bildirir. İş yaxşı gedəndə günə 40 manat qazancı olur, pis olanda isə 10-15 manat. Deyir ki, əsasən həftənin şənbə və bazar günləri turist çox olur, dolayısı ilə müştəri də. Həftəiçi isə demək olar ki, qazanc olmur.
Quba gəncləri də işsizlikdən əziyyət çəkir. Onlar da turizm mövsümündən qazanmağa çalışır. Az-çox ingiliscəsi olanlar turistlərə bələdçilik edir və demək olar ki pis qazanmırlar. Atı olanlar isə daha şanslıdır. Onlar atlarını bəzəyib istirahət mərkəzlərinin qarşısında saxlayır və turistləri gəzdirirlər. 5-6 dəqiqəlik at çapmaq 5 manata, atla şəkil çəkdirmək isə 1 manatadır. Bununla da gündə minimum 50 manat qazandıqlarını deyirlər.
Rayon əhalisi artıq otellərin də gəlirinə şərik çıxıb. Belə ki, Qubanın səfalı yerlərində yaşayan kənd camaatı evlərini turistlərə günlük kirayə verirlər. Normal şəraitli 3-4 otaqlı evlər 50-60 manata kirayə verilir. İki otaqlı evlər 40 manata, şəraiti bir qədər zəif olan evlər isə 30-35 manata təklif olunur. Ev sahibləri bir neçə günlük yaxın qohumlarının, qonşularının evinə köçərək mənzillərini turistə həvalə edirlər. Bəzi evlərdə nəinki normal şərait, hətta internet, KTV də mövcud olur. Artıq bu xidmət üzrə maklerlər də ortaya çıxıb, turistlərdən 5-10 manat qazanmağa çalışırlar. İstirahət mərkəzlərinə gedən yolların üzərində durub gələnlərə kirayə ev təklif edirlər. Evini kirayə vermək istəyənlərdən əksəriyyəti telefon nömrəsini mərkəzi yolların hasarlarına yazıblar.
İstirahət mərkəzlərində qalmaq baha başa gəldiyindən, yerli turistlərin əksəriyyəti bu cür kirayə evlərdə qalmağa üstünlük verir. Otel otaqlarından fərqli olaraq bu evlərdə mətbəx də olduğu üçün yeməyə əlavə xərc çıxmır və turist yeməyini özü bişirib yeyə bilər.
Əhalinin maddi durumu aşağı düşdüyü üçün turistlərin əksəriyyəti bölgələrə piknik məqsədilə ilə gedir. Əksəriyyət ucuz həyət evlərində qalmağa üstünlük verir.
Bu durumdan istirahət mərkəzləri və kafelərin rəhbərləri də narazıdır. Onların isə yeganə ümid yeri xarici turistlərdir. Əvvəllər avropalı turistlərdən qazanan sahibkarları indi daha çox ərəb turistlər sevindirir.
Quba rayonunda turizm sektorunda apardığımız müşahidələrdən belə qənaətə gəldik ki, onlar turisti çox sevir, həm də hörmət edirlər. Turistdən qazanmağa çalışsalar da, təqdim etdikləri işin, məhsulun keyfiyyəti ilə onu təəccübləndirməyi də bacarırlar. Qutab bişirən bunu ən dadlı şəkildə təqdim etməyə çalışır, evini kirayə verən turistə samovar çayı dəmləməyi də unutmur, meyvə satanlar çəkiyə bir pay da əlavə edir, yəni halallıq qazanmağa çalışırlar.
 










Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın