Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qolu qandallanan avtoritetin son xahişi – “Nəyim var, götürün….”

Qolu qandallanan avtoritetin son xahişi – “Nəyim var, götürün….”

(Kriminal aləmə dair kitabdan bir parça)

Beş saniyədən sonra başına beş tapançanın soyuq lüləsinin tuşlanacağından xəbərsiz olan gənc geniş prospektdə yolun sağında saxladığı avtomobilinin sükanı arxasındaydı. Aprel ayı idi, gündüz vaxtıydı, yolun işlək hissəsində maşınlar şütüyür, səki ilə ara-sıra insanlar gəlib-gedirdi. Hər hansı bir təhlükə və ya təhlükə işartısı yox idi. Heç kəs beş saniyədən sonra burada detektiv filmlərinin səhnəsini xatırladan bir durumun yaranacağını düşünməzdi.

Sükan arxasındakı şəxs bir polis maşınının sürətlə gəlib, manevr edərək onun avtomobilinin önündə saxladığını fərq edəndə artıq gec idi. Bir-iki saniyənin içində daha bir polis maşını ondan arxada, biri də düz sol yanında dayandı. Maşınların qapısı eyni vaxtda açıldı və maşından düşənlər dərhal əllərini silahlarına apardılar. Bu cür epizodlar təhlükəli canilərin göz qırpımında yaxalanmasından bəhs edən Hollivud filmlərində olur.

Ancaq bura nə Hollivud pavilyonu, nə də Nyu-Yorkdakı Bronks məhəlləsi deyildi, Bakı idi, bir andaca post-patrul maşınlarından tökülüşən, operativ əməliyyat qrupuna daxil olan polislərin təslim olmağa çağıraraq tapança tuşladıqları şəxs isə qətl törətməkdə suçlu bilinərək axtarışda olan 22 yaşlı gənc idi.

Artıq onun nə maşınla manevr edərək aradan çıxmağa, nə də belindəki silaha əl atmağa macalı və imkanı yox idi. Əslində buna heç ehtiyac da yox idi. Bir anlıq müqavimət və ya müqavimətə bənzər hərəkət gülləbarana səbəb ola bilərdi. Qurtuluş yox idi.

Polislər tapança tuşladıqları şəxsin kimliyini, imkanı olarsa hansı reaksiya verəcəyini bilirdilər, ona görə də sərvaxt və diqqətli idilər. Tapança lülələrinin tuşlandığı gənc də polislərin yanlış ünvana gəlmədiklərini, onu səhv salmadıqlarını bilirdi. Kimsə onu tanımış, xəbər vermişdi.
O, sakit idi. İlk növbədə ona görə ki, üzünə tapança tuşlandığı ilk dəfə deyildi. Bundan əvvəl Moskvada, eləcə də Bakıda bir neçə dəfə sinəsinə tuşlanmış tapançanın önündə ölüm qorxusu yaşamış, bir dəfə isə qızmar güllənin acısını kürəyində dadmış, isti qanının köynəyini necə islatdığını hiss etmişdi. Bilirdi ki, odlu silah önündə yeganə düzgün hərəkət soyuqqanlı olmaqdır.

Aylardan bəri axtarışda olan, yaxalana biləcəyini hər an gözləyən, hər səhər yuxudan oyananda “Bu gün də azadlıqdayam” deyə düşünən şəxs üçün bu ani ələkeçmə gözlənilməz və dəhşətli bir şey deyildi. O, əvvəlcədən, bu yola addım atandan bilirdi ki, bir gün onu həbs edəcək, dəmir barmaqlıqlar arxasına salacaqlar.

Sadəcə, bu gün, bu saat, bu dəqiqə yaxalanması onun planına daxil deyildi. Hərçənd nə vaxt yaxalansa belə düşünəcəkdi. Ən pisi isə variantsızlıq idi.

O, polislərə özü tərəfindən heç bir müqavimətin olmayacağına dair işarə verərək avtomobildən endi, əllərini qaldırıb, boynunun arxasında düyünlədi və yaxınlıqdakı polislərə dedi:

– Heç bir problem yoxdur. Böyüyünüz kimdir, sözüm var.

Mayor rütbəli, dolubədənli polis zabiti bir addım önə gəldi, vəziyyətə özünün nəzarət etdiyini, əməliyyat qrupunun rəhbəri olduğunu sezdirdi və dilləndi:

– Sözünü de.

– Üstümdəki hər şeyi götürə və qeydə almaya bilərsiniz, rəis, halal xoşunuz olsun, – yaxalanmış gənc barmağındakı bahalı qızıl üzüyə, qolundakı qızıl saata və boynundakı qızıl zəncirə işarə etdi, – 5 dəqiqəlik icazə verin, övladımla görüşüm, sonra hara istəyirsiniz, aparın.

Polis mayoru tərəddüd etmədən:

– Mümkün deyil, – dedi.

Çünki aylarla axtarılandan sonra 15 saniyə əvvəl çevik əməliyyatla saxlanılan şəxs iki nəfərin qətlində təqsirli bilinərək qırmızı xətlə axtarışda olan, üstündə silah gəzdirən təhlükəli cinayətkar sayılırdı. Ona qarşı hər hansı bir güzəşt, yumşaqlıq polislərə poqonlarının sökülməsi bahasına başa gələ bilərdi. Həm də onun bu əlacsız durumdan çıxdıqdan az sonra hansı addım atacağını bilmək olmazdı. Riskli idi.
Ələ keçmiş gənc israr etmədi, eləcə boğazında 7 aylıq övladını bir daha heç vaxt görə bilməmək ehtimalının acısını hiss etdi. Polislər icazə versəydilər, bu, bəlkə də onların son görüşü olacaqdı.

1995-ci il idi. Ölkədə ölüm hökmü ləğv edilməmişdi və rayon məhkəmələri ağır cinayət törətmiş şəxslərə edam hökmü çıxarır, Ali Məhkəmə onu qüvvədə saxlayırdı. Düzdür, ölüm hökmü hələlik icra olunmurdu, amma “güllə” altında yatmaq ömürdən ömür aparırdı.

O, qoluqandallı şəkildə barmaqlıqlı polis maşınına mindiriləndə sonuncu dəfə avtomobillər şütüyən prospektə və səkiyə baxdı. Otuz saniyə əvvəl təkəmseyrək adamların olduğu səkidə artıq tamaşaçı kütləsi vardı. Onlar bir gəncin qandallanması epizoduna baxırdılar. Kimsə desəydi ki, bir şey yoxdur, film çəkirik, çoxları inanacaqdı. Saxlanılan şəxs şərti olaraq “Məhbəs illəri” adlana biləcək filmin 22,5 il çəkəcəyini, uzun bir seriala dönəcəyini bilmirdi.

Maşın yerindən tərpənəndə polislərdən biri dedi:

– Sənin də kitabın belə bağlandı, Qulu.

– Mən Qulu deyiləm, Quliyəm, – o cavab verdi.

***

Bu mətn Munis Yusifoğlu adlı müəllifin 1 ay öncə həbsdən çıxan kriminal lider Quli haqqında yazdığı “Mən Quliyəm” kitabındandır. Kitabda cinayət aləminin reallıqlarından, kriminal avtoritetlərin həyatlarından və bir-birilə münasibətlərindən bəhs edilir.

Kitabı “Qaya” mətbuat yayımı firmasından ( 565 67 13; 564 48 96) sifariş etmək olar.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …