Çərşənbə , İyun 29 2022
Ana səhifə / Kriminal / Qobu sakinini öldürüb evini yandıran şəxsin istintaqı yekunlaşıb

Qobu sakinini öldürüb evini yandıran şəxsin istintaqı yekunlaşıb

Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Cahangir Ramazanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndərilib.

Araşdırma zamanı təxminən 100 kv.m sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar olunub. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb. Ü.Höccətovun yanmış meyidinin müayinəsi zamanı onun sinə və kürək nahiyyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əmədaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini C.Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib.

İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəmində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub. C.Ramazanov hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Körpə alveri ilə məşğul olan sayt aşkar edilib

Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib. Bu barədə Almatı Prokurorluğu xəbər …