Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qiymətlər yenə artacaq

Qiymətlər yenə artacaq

“Ət, toyuq əti, meyvə-tərəvəz, yumurta və unun qiymətinin artması qaçılmazdır”.

Bu barədə virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, dolların bahalaşması yerli məhsulların qiymətinin artmasına da zəmin yaradıb: “Səbəb odur ki, kənd təsərrüfatı məhsullarının istehsal prosesində istifadə olunan vasitələr xaricdən gətirilir. Məsələn, toxum, texnika, gübrə, genetik materiallar, toyuq üçün yem komponentləri, texnoloji avadanlıqlar xaricdən alınır. Təbii ki, dollarla alınan mal və məhsulların qiymətində fərq yaranacaq. Buna görə də yerli istehsalın qiymətinin  artmayacağı haqda deyilənlər əsaslı deyil”.

Ekspert deyir ki, istehsalda istifadə olunan avadanlıqlar dollar və ya avro ilə alındığı üçün bahalaşıb.

Bəs yerli istehsal olan yumurtanın və toyuq ətinin bahalaşmasının səbəbi nədir?

V.Məhərrəmov söyləyir ki, toyuqlar üçün yem komponentləri, texnoloji avadanlıqlar, dərman preparatları xaricdən gətirilir. Buna görə də istehsal prosesinə çəkilən xərcləri də nəzərə alsaq, yumurtanın qiymətinin artacağı gözlənilən idi: “Yumurta dollar bahalaşmadan əvvəl də xarici ölkələrlə müqayisədə bir neçə dəfə baha satılırdı. İndi isə maya dəyərindən baha təklif edilir”.

Ekspert toyuq yemlərinin xaricdən alınmasının toyuq ətinin bahalaşmasına səbəb olduğunu güman edir. Bunun qarşısını almaq üçün isə hərtərəfli tədbirlərə, güzəştlərə ehtiyac var.

Bahalaşan məhsullar arasında strateji əhəmiyyətli çörək və digər un məmulatlar da var. Unun 1 kiloqramı təxminən 50 faizədək bahalaşıb. Bu isə çörəyin qiymətinə təsirsiz ötüşməyib. Bəzi istehsal müəssisələri çəkini azaltmaqla qiymətləri sabit saxlamağa çalışıb, bəziləri isə çörəyi 10-30 qəpik arasında bahalaşdırıb.

Amma V.Məhərrəmov çörəyin bahalaşmasının əsası olmadığını düşünür: “Azərbaycana kifayət qədər ərzaq buğdası gətirilib. Dövlət Taxıl Fondunun 750 min ton ehtiyatı var. Belə oldu halda iki-üç gün ərzində unun 50 faiz bahalaşması mümkün deyil. Burada süni qiymət artımı var. Nəzərə almaq lazımdır ki, çörək zəruri ehtiyacdır və bu məhsulun bahalaşması daha çox hiss olunur”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalının artdığını bəyan edir.

V.Məhərrəmov isə deyir ki, çörəyin qiymətinin artırılmasının qarşısı alınmalıdır: “Çörəyin kəskin bahalaşmasının qarşısını inzibati tədbirlərlə almaq nəticə verməyəcək. Çəkini azaltmaqla qiymətləri tənzimləmək də mümkün deyil. Buna görə də xarici ölkələrin təcrübəsindən istifadə etməklə zəruri ərzaq məhsullarının, xüsusilə də  çörəyin istehsalına güzəştlər tətbiq edilməlidir”.

Qeyd edək ki, Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirlikləri süni qiymət artımının qarşısının alınacağı ilə bağlı xəbərdarlıq edib. Nazirliklərin açıqlamalarında süni qiymət artımı ilə qarşılaşanların nazirliklərdə yaradılan “qaynar xətt” xidmətinə müraciət etmələri tövsiyə edilir. Amma ticarət mərkəzlərindəki vəziyyət bu açıqlamaların əhalinin “gözünə kül üfürməkdən” başqa bir işə yaramadığını sübut edirdi.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın