Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / “Qisas qrupu” üzvlərinin məhkəmə baxışı təyin olundu

“Qisas qrupu” üzvlərinin məhkəmə baxışı təyin olundu

Terrorçuluqda təqsirləndirilən “Qisas qrupu” üzvlərinin məhkəmə prosesi davam etdirilib.
İstintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə bu gün hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Təqsirləndirilən Faiq Zeynalov, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlham Şıxaliyev, İlkin Bağırov, Vüqar Mədətov, Elvin Cəfərov, Elgün Ağayev, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli, Məhərrəməli Musayev və Mirvasid Əliyev, eləcə də həmin şəxslərin müdafiəçiləri və media nümayəndələri hazırlıq iclasında iştirak edib.
Təqsirləndirilən Hüseyn Hüseynzadənin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxsə Misir Mərdanov və Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlamaq ittihamı verilib. Vəkil iş üzrə Misir Mərdanovun və Mirşahin Ağayevin zərərçəkmiş şəxs qismində tanınmamasına xitam verilməsi barədə vəsatətlə çıxış edib.
Prosesə sədrlik edən hakim Novruz Kərimov vəkilin verdiyi vəsatətin sübutların araşdırılması mərhələsinə aid olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxslər – Mirvasid Əliyev, Elvin Cəfərov, Yusif Mirzəyev, Vüqar Mədətov, Savalan Hüseynli və Faiq Zeynalovun vəkilləri çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və onların ev dustaqlığına buraxılmasını istəyiblər.
Prokuror verilən vəsatətlə bağlı çıxış edib. O, vəkillərin vəsatətlərinin əsassız olduğunu və təmin olunmamasını istəyib. Prokuror cinayət işinin araşdırılması üçün məhkəmə baxışına verilməsini təklif edib.
Daha sonra hakim Novruz Kərimov məhkəmənin qərarını açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər təmin olunmayıb.
Hakimlər cinayət işinin qapalı iclasda araşdırılması barədə qərar qəbul ediblər.
Baxış iclası yanvarın 31-nə təyin edilib.
Qeyd edək ki, cinayət işinin materiallarından müəyyən olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rufulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası ərazisində “Kərimə” adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə “Telegram” ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamal oğlu tərəfindən yaradılmış “Qisas” adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotoçəkilişlərini aparmaq, həmin obyektlərin məkan məlumatlarını əldə etmək, əldə edilmiş məlumatları hazırda İran İslam Respublikasında məskunlaşmış Rufulla Axundzadəyə və onun oğlu Əlimürsəl Axundzadəyə göndərmək, öz ətraflarında radikal dini baxışlara malik kontingenti formalaşdırmaq üçün müxtəlif ani mesajlaşma sistemləri və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərmək, eləcə də Azərbaycan Respublikasının ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək üçün həmin şəxslərin güdülməsi və odlu silahın əldə edilməsi barədə hazırlıq hərəkətləri görmək barədə Rufulla Axundzadədən tapşırıqlar alıblar.
Onu da qeyd edək ki, sui-qəsd məqsədilə qrup üzvləri tərəfindən yaşayış və iş yerlərinin gizli güdülməsi təşkil edilmiş sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mir Şahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etirafedici ifadələr veriblər. Cinayət işinin materiallarında həmin şəxslərin Rufulla Axundzadə qarşısında sədaqət andı içmələrinə dair videomateriallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları, eləcə də hərbi və digər təyinatlı obyektlərin məkan məlumatarı və fotoçəkilişlərinin aparılmasına dair materiallar mövcuddur.
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb. APA

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …