Ana səhifə / Kriminal / Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı

Qazi baş redaktor ona qarşı cinayət işindən danışdı

Nurəddin Xoca: “Prezidentimə müraciət edəcəm”

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) barəsində başlanan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Report-un xəbərinə görə, barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüş N.Xocanın ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib. İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan N.İsmayılov ittihamları qəbul etmədiyini bildirdi: “Həm gülməli, həm də ağlamalı cinayət işidir. İki yazıya görə cinayət işi açılıb. Halbuki hər iki yazı ”Yeni Müsavat” və reportyor-a istinadən verilib. Guya ər-arvad həmin yazıları oxuyanda əsəbiləşib şikayət ediblər. Onlar da guya buna əsasən cinayət işi açıblar. Bütün bunlar nə demək? “Yeni Müsavat”dan götürülmüş yazının başlığı belədir: “Etibar Priverdiyevin valyuta biznesi ortaya çıxdı-Sumqayıtda milyardlıq mayninq ferması tikdirib”. Reportyor.info-ya istinadən verilmiş yazının isə başlığı bu cürdür: “Azərenerji” yoxlanılır, Priverdiyev “işıq terroru” üçün dindirilir- “finski” korrupsiya.

İki yazıda dövlətə qarşı heç bir şey yoxdur. Yazıda o hissə var ki, Etibar Pirverdiyevə dövlət yüz milyonlarla pul ayırıb. Bu pullara görə Azərbaycanda tam şəkildə işıq təhlükəsizliyi olmalı idi. Ölkəmizdə bu təhlükəsizliyin olmamasına səbəb Etibar Pirverdiyevin milyonları basıb yeməsidir. Faktiki olaraq hər kəs gördü ki, Azərbaycan iki gün işıqsız qaldı. Prezidentimiz də iclasda hər şeyi dedi. Bundan əlavə, vəzifə səlahiyyətlərini aşma ittihamı da var. Ali Məhkəmənin qərarı var ki, jurnalistlər, baş redaktorlar vəzifəli şəxs deyil. Hansı vəzifə səlahiyyətlərini aşmışam, yaxud saxtakarlıq etmişəm? Bunların bəhanəsinə nəyin səbəb olduğunu heç özüm də anlamıram.

Bizim dilimizdə hər bir sözün mənası var. Dövlətə qarşı çağırışlar etmək ittihamı da var. Çağırış etmək üçün demişəm ki, gəlin gedək nəsə edək? O məqalələri açın baxın, görün belə şeylər varmı? KİV haqqında qanunun 62-ci maddəsinin üçüncü bəndi var. Mətbuatda gedən və təkzib verilməyən məlumatlara onu dərc edən mətbu orqan məsul deyil. Cinayət işi ilə bağlı dövlətimə qarşı heç bir addım atmaram. Özümü sona qədər qoruyacam. Prezidentimə müraciət edəcəm. Vəkilim Elçin Sadıqovdur. Mənə qarşı tam əsassız cinayət işi açıblar. İnanıram ki, bu, özfəaliyyətdir, prezidentin və yuxarı dairələrin xəbəri yoxdur. Bunlar göstərmək istəyirlər ki, guya işləyirlər. Mətbuat elə bir işdir ki, bu gün mənim üstümə gəlirlərsə, sabah digərinin üstünə gedəcəklər. Bunların qarşısını almaq lazımdır”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …